Bu günə qədər Azərbaycandakı taxıl sahələrinin 85 %-də biçin başa çatıb.
"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, arpa sahələrinin 95,8 %-də, buğda sahələrinin isə 77,2 %-də biçin tam yekunlaşıb.
Sahələrdən 2 milyon 691 min 552 ton məhsul yığılıb. Yığılan məhsulun 1 milyon 492 min 746 tonu buğda, 1 milyon 198 min 806 tonu isə arpadır. Buğda üzrə orta məhsuldarlıq 33 sentner, arpa üzrə məhsuldarlıq isə 29,4 sentner təşkil edir. Ümumilikdə taxıl üzrə orta məhsuldarlıq 31,3 sentnerə çatıb.
Hazırda aktiv biçin dağlıq və dağətəyi ərazilərdə aparılır. Biçin prosesinə hazırda 925 kombayn cəlb olunub. Bunlardan 282 kombayn “Aqroservis” ASC-nin, 643 kombayn isə fiziki və hüquqi şəxslərin balansında olan texnikalardır. İyunun 16-da aktiv biçin gedən bölgələrdən Cəlilabadda 164, Qobustanda 84, Qusarda 74, Şamaxıda 55, Füzulidə 54, Qubada 45 kombayn biçin prosesinə cəlb olunub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə mexanizatorlar 60 148 hektar daha çox sahədə biçin həyata keçirib.