Yuxarı
    Bağlamaq

    Azərbaycanda "quş qripi" ilə bağlı növbəti monitorinq başlayır

    Aprelin 4-də köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək

    Bakı. 1 aprel. REPORT.AZ/ “Quş qripi”nin Azərbaycana köçəri quşlarla keçmə ehtimalını diqqət mərkəzində saxlayan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) ölkə miqyasında ardıcıl monitorinqləri davam etdirir. Aprelin 4-də köçəri quşların yaz miqrasiyasını nəzərə alaraq növbəti monitorinqə start veriləcək. DBNX-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, monitorinq Baytarlıq Xidməti, habelə Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılacaq.

    Nəzarət tədbiri köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli qoruq və parklarda, həmçinin ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələrin götürülməsi planlaşdırılır.

    Ölkə ərazisində köçəri və ev quşlarına görə aparılacaq monitorinq zamanı götürüləcək qan və patoloji materiallar Respublika Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr aprelin 15-də ictimaiyyət üçün açıqlanacaq.

    DBNX bildirir ki, hazırda “quş qripi” xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi