Azərbaycanda Fermer Qadınların Respublika Platformasının yaradılması təklif edilib

Azərbaycanda Fermer Qadınların Respublika Platformasının yaradılması təklif edilib ​​​​​​​Azərbaycanda fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün Fermer Qadınların  Respublika Platformasının yaradılması təşəbbüsü irəli sürülüb
ASK
28 İyun , 2024 11:56
Azərbaycanda Fermer Qadınların Respublika Platformasının yaradılması təklif edilib

Azərbaycanda fermer qadınların biznes mühitinə inteqrasiyasının dəstəklənməsi, onların sosial və iqtisadi inkişafının sürətləndirilməsi üçün Fermer Qadınların Respublika Platformasının yaradılması təşəbbüsü irəli sürülüb.

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Belə bir təşəbbüslə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşündə çıxış edib. O əlavə edib ki, kənd qadınlarının regionların iqtisadi inkişafına töhfəsini artırmaq və onu dayanıqlı etmək məqsədilə yaradılacaq platforma kollektiv qadın aqro-bizneslərinin inkişafı üçün etibarlı alətdir.

Nazir M. Məmmədov Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini müsbət dəyərləndirib, bu platformanın yaradılması üçün təkliflər verib. O, Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahənin inkişafı, kənd yerlərində məşğulluğun artırılması istiqamətində qadın fermerlərin fəaliyyətini, o cümlədən Fermer Qadınların Respublika Platformasının yaradılması təklifini dəstəklədiyini vurğulayıb.

Görüşdə iştirak edən Assosiasiya nümayəndələri - Zaqatalada fəaliyyət göstərən “Bənövşə” Qadın Kooperativinin sədri Elmira Hacıyeva və “Çinar” Qadın Kooperativinin sədri Səadət Dibirova qadın fermerlərin fəaliyyətindən söz açıb, bu istiqamətdə həyata keçirilən layihələr, həyata keçirilən tədbirlərlə bağlı məlumat veriblər.

Görüşdə ölkədə qadın sahibkarların fəaliyyəti, bu istiqamətdə dəstək tədbirləri, əlverişli biznes mühiti və qadınların aqrar sahənin inkişafına verdikləri töhfə barədə fikir mübadiləsi aparılıb, qadın fermerlərin rəy və təklifləri qeydiyyata alınıb.

Qeyd edək ki, M. Məmmədovun Kənd Qadınları Assosiasiyasının nümayəndələri ilə görüşündə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Leyla Cabbarlı və Nazirliyin əməkdaşları da iştirak edib.

Son xəbərlər

Orphus sistemi