Azərbaycan və Rusiya idxal-ixrac prosedurlarını asanlaşdırır

Azərbaycan və Rusiya idxal-ixrac prosedurlarını asanlaşdırır Ərzaq məhsullarının "yaşıl koridor"la keçirilməsi ilə bağlı müvafiq protokol imzalanacaq
ASK
7 May , 2015 16:13
Azərbaycan və Rusiya idxal-ixrac prosedurlarını asanlaşdırır

Bakı. 7 may. REPORT.AZ/ Azərbaycanla Rusiyanın gömrük xidmətləri arasında idxal ərzaq məhsullarının "yaşıl koridor"la keçəcəyini nəzərdə tutan protokolun layihəsi artıq hazırdır. "Report"un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib. O bildirib ki, bu üstünlüklərin gələcəkdə heyvandarlıq məhsullarına da tətbiqinə çalışılacaq.

"İki ölkənin gömrük xidmətləri arasında protokol hələ layihədir deyəndə, istər Rusiyada, istərsə də Azərbaycanda bütün dövlətdaxili prosedurlar həyata keçirilib. Sadəcə olaraq imkan yaradılanda rusiyalı həmkarımla protokolun imzalanması məsələsi ortalığa çıxacaq. Həmin protokol hazırdır, protokolun əsas məqsədi odur ki, Azərbaycan ərzaq məhsulları, konservləşdirilmiş şirələr və s. malların Rusiyaya ixracı zamanı Azərbaycanda bunlar "yaşıl koridor"la keçəcək. Rəsmiləşdirmə zamanı təyinatların tanınması, sürətləndirilməsi təmin olunacaq. Bu, hələlik bitkiçilik sahəsində yetişdirilən məhsullara tətbiq olunacaq. Çünki heyvandarlıqla bağlı artıq 5 ildir Rusiyada sanitar xidməti tərəfindən müəyyən məhdudiyyətlər qoyulub. Rusiyalı həmkarım burada olanda bu məsələni də müzakirə etmişik. Hər ikimiz çalışacağıq ki, məhdudiyyət aradan qaldırılsın", - A.Əliyev vurğulayıb.

Komitə sədri qeyd edib ki, tərəflər arasında azad ticarət zonası haqqında saziş imzalandığı üçün Rusiya ilə Azərbaycan arasında gömrük vergiləri tətbiq olunmur: "Sadəcə olaraq ƏDV tətbiq olunur və olunacaq".

O, həmçinin I Avropa Oyunları ilə bağlı müəyyən malların Azərbaycana gətirilməsində hansısa məhdudiyyətin tətbiq olunması ilə bağlı mətbuatda yayılan xəbərlərə də aydınlıq gətirib: "I Avropa Oyunları ilə bağlı tikinti materialları, yəni nə tələb olunursa, ölkənin bazarına gətirilir. Avropa Oyunları ilə bağlı hər hansı məhdudiyyətin olması haqqında mən ilk dəfə eşidirəm".

Qeyd edək ki, Rusiya hökumətinin sədri Dmitri Medvedev Azərbaycan Gömrük Xidməti ilə bir sıra məhsullara gömrük nəzarətinin qarşılıqlı tanınması barədə protokolun qəbul edilməsinə dair danışıqlar aparılması haqqında Rusiya Federal Gömrük Xidmətinin təklifini təsdiqləyən sərəncam imzalayıb.

Rusiya hökumətinin rəsmi saytında yerləşdirilmiş sərəncama görə, danışıqlar Azərbaycandan Rusiyaya gətirilən meyvə və tərəvəz, gül, göyərti, bitkilər və bu məhsulların emalından əldə olunan mallar və digər ərzaq məhsullarının yalnız Azərbaycan Gömrük Xidməti tərəfindən yoxlanılmaqla Rusiya ərazisinə keçirilməsinə imkan verən protokolun imzalanması üçün aparılacaq.

Son xəbərlər

Orphus sistemi