Bakı. 13 yanvar. REPORT.AZ/ Ötən il Rusiyaya ən çox tərəvəz məhsulları ixrac edən ölkələrin adları açıqlanıb. "Report"un "Aqroinvestor"a istinadən verdiyi xəbərə görə, Rusiya Milli Tərəvəz İstehsalçıları İttifaqının yaydığı məlumata əsasən, 2016-cı ildə Mərakəş Rusiyaya 109 min ton, Azərbaycan isə 106 min ton pomidor tədarük edib.
Bundan başqa, eyni dövrdə Rusiya İrandan 44 min ton, Belarusdan isə 38,5 min ton xiyar idxal edib.
İttifaqın məlumatına görə, son 4 ildə istixana şəraitində yetirişdirilən tərəvəz məhsullarının istehsal 52%, açıq hava şəraitində becərilənlərin həcmi isə 20% artıb. Birincinin idxalı 41%, ikincinin isə 25% azalıb.
Ötən ilin dekabrında İttifaqın hesabatında qeyd edilən məlumata görə, 2016-cı ilin nəticələrinə əsasən, istixana məhsullarının istehsalı təxminən 875 min ton təşkil edəcək. Bu isə 2015-ci ilin analoji göstəricisindən 17% yüksəkdir.
Hesabatda eyni zamanda ehtimal edilir ki, açıq havada yetişdirilən tərəvəz məhsullarının (kartof istisna olmaqla) istehsal həcmi 2% azalaraq 4,48 mln. ton təşkil edəcək: "İstər istixana şəraitində, istərsə də açıq havada yetişdirilən tərəvəz məhsullarının idxalının 1/4-i qədər azalmasını müşahidə edəcəyik. Türkiyədən idxala qadağa qoyulması burada əsas amil hesab edilir", - deyə təşkilatın baş analitiki Kirill Lapşin proqnozlaşdırıb.
Qeyd edək ki, Rusiyanın idxal etdiyi pomidorin 50%-ə qədəri, xiyarın isə təxminən 20%-i Türkiyənin payına düşürdü. 2015-ci ildə bu ölkədən idxala qoyulan qadağa həmin bazarda Mərakeş və Azərbaycanın liderliyi ələ keçirməsinə şərait yaradıb.
Rusiyalı mütəxəssislər hesab edirlər ki, Türkiyə idxalına qoyulan qadağa davam edərsə, 2020-ci ilə qədər pomidor istehsalı Rusiyada hər il 17-20%-dək arta bilər. Xiyarın istehsal tempi o qədər yüksək olmasa da, bu sahədə inkişaf dinamikası davam edəcək.