Azərbaycan daha iki ölkəyə şərab tədarükünə başlayıb

ASK
  • 31 oktyabr, 2022
  • 10:44
Azərbaycan daha iki ölkəyə şərab tədarükünə başlayıb

2022-ci ilin yanvar-avqust aylarında Azərbaycan 2,173 milyon ABŞ dolları dəyərində 27,18 min dekalitr üzüm şərabı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,8 %, kəmiyyət olaraq – 3,6 % azdır.

İtaliyadan 978,43 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 6,3 % azdır) 11,22 min dekalitr (+15,6 %), Fransadan 559,59 min ABŞ dolları dəyərində (-7,9 %) 2,49 min dekalitr (-42,2 %), Gürcüstandan 304,82 min ABŞ dolları dəyərində (-28 %) 8,35 min dekalitr (-26,5 %), Rusiyadan 74,44 min ABŞ dolları dəyərində 1,92 min dekalitr, Çilidən 42,02 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 0,77 min dekalitr (+2,7 dəfə) məhsul alınıb.

Bir il 5 ayın tamamında Rusiyadan tədarük bərpa edilib.

Hesabat dövründə Azərbaycan xaricə 2,649 milyon ABŞ dolları dəyərində (+12 %) 153,67 min (+4,8 %) dekalitr üzüm şərabı satıb.

Rusiyaya 2,124 milyon ABŞ dolları dəyərində (+28,6 %) 134,1 min dekalitr (+4,7 %), təyin olunmayan ölkəyə (Rüsumsuz Ticarət Mağazasından alınıb) 133,74 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 1,49 min dekalitr (+2,3 dəfə), Belarusa 78,75 min ABŞ dolları dəyərində (+10,6 %) 3,39 min dekalitr (+1,5 %), Rumıniyaya 52,33 min ABŞ dolları dəyərində 2,18 min dekalitr, Yaponiyaya 42,1 min ABŞ dolları dəyərində (-72 %) 1,12 min dekalitr (-28,7 %) məhsul göndərilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Rumıniya və Kanadaya tədarük həyata keçirilib. Kanada Azərbaycandan 0,11 min ABŞ dolları dəyərində 0,01 min dekalitr şərab idxal edib.