Azərbaycan daha iki ölkədən kokos yağı almağa başlayıb

ASK
  • 28 dekabr, 2022
  • 13:47
Azərbaycan daha iki ölkədən kokos yağı almağa başlayıb

2022-ci ilin ilk 10 ayı ərzində Azərbaycan 1,2 milyon ABŞ dolları dəyərində 419,8 ton kokos yağı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 36 % azdır.

Hesabat dövründə Malayziyadan 1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,3 % çoxdur) 350 ton (-23,7 %), Rusiyadan 189,06 min ABŞ dolları dəyərində (-55,6 %) 69,07 ton (-64 %), Şri-Lankadan 2,34 min ABŞ dolları dəyərində (-31 %) 0,21 ton (-41,7 %), Türkiyədən 1,84 min ABŞ dolları dəyərində (-49 %) 0,12 ton (-54 %), Vyetnamdan 0,76 min ABŞ dolları dəyərində (-50,7 %) 0,07 ton (-50 %) məhsul gətirilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycana Dominika və Fransadan tədarük həyata keçirilib. Həmin ölkələrdən müvafiq olaraq 0,12 min ABŞ dolları dəyərində 0,01 ton və 0,66 min ABŞ dolları dəyərində 0,04 ton kokos yağı alınıb.