Azərbaycan bu il Rusiyadan 700 milyon dollar dəyərində aqrar məhsul idxal edib
- 23 dekabr, 2021
- 07:10
Bu ilin əvvəlindən dekabrın 19-na qədər Rusiya 34,179 milyard ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,1% çoxdur.
Hesabat dövründə Rusiya 10,467 milyard dollarlıq taxıl (10 % çox), 6,723 milyard dollarlıq yağ və yağ məhsulları (49% çox), 4,589 milyard dollarlıq qida və emal sənayesi məhsulları (13% çox), 1,441 milyard dollarlıq ət və süd məhsulları (30 % çox) ixrac edib.
Qonşu ölkənin kənd təsərrüfatı məhsullarının əsas idxalçıları 13,1 % payla Avropa İttifaqı ölkələri (4,484 milyard dollar; 40% çox) və 12,1% payla Türkiyə (4,132 mlr dollar; 38% çox) olub. Çin isə (3,354 mlrd dollar; 13% az) 9,8% payla 3-cü yerdə qərarlaşıb. İlk 10-luğa həmçinin Cənubi Koreya (3,7%), Qazaxıstan (6,2%), Misir (5,2%), Belarusiya (4,1%), Ukrayna (2,5%), Özbəkistan (2,3%) və Azərbaycan (2%. təxminən, 700 milyon dollarlıq) daxildir.