Azərbaycan 2 ölkədən avokado tədarükünü bərpa edib

ASK
  • 04 oktyabr, 2023
  • 13:11
Azərbaycan 2 ölkədən avokado tədarükünü bərpa edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrdən 792,1 min ABŞ dolları dəyərində 261,1 ton avokado (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 43 %, kəmiyyət olaraq – 21 % çoxdur.

Hesabat dövründə Azərbaycan Keniyadan 281 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,3 dəfə çoxdur) 93 ton (+2,3 dəfə), Perudan 206 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 59,7 ton (+88 %), Cənubi Afrikadan 101,84 min ABŞ dolları dəyərində (-11 %) 33,12 ton (-13 %), Türkiyədən 71,1 min ABŞ dolları dəyərində (-39 %) 47,4 ton (-38 %), Lüksemburqdan 49,5 min ABŞ dolları dəyərində (+14 %) 6,38 ton (-11,6 %) avokado alıb.

Azərbaycan 10 il 4 aylıq fasilənin ardından Braziliyadan (1,89 min ABŞ dolları dəyərində 0,38 ton) və 4 il 4 aydan sonra Mozambikdən (3,5 min ABŞ dolları dəyərində 0,7 ton) avokado tədarükünü bərpa edib.

2022-ci ildə Azərbaycana (14 ölkədən) idxal edilmiş 392 ton avokadonun 51 %-i Türkiyənin, 15,4 %-i Keniyanın, 12 %-i Perunun payına düşüb.