"Azəraqrar": Cəbhəyanı ərazilərdə işlər adi qaydada aparılır

"Azəraqrar": Cəbhəyanı ərazilərdə işlər adi qaydada aparılır Komendant saatı müddətində kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinə icazə verilib.
ASK
30 Sentyabr , 2020 12:30
Azəraqrar: Cəbhəyanı ərazilərdə işlər adi qaydada aparılır

"Ölkə ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq olunan komendant saatı müddətində kənd təsərrüfatı məhsullarının toplanması, istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyətinə icazə verilib"

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu quruma məxsus “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov deyib.

"Bütün rayonlarda, o cümlədən cəbhəyanı rayon və kəndlərdə kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri istiqamətində fəaliyyət adi qaydada davam etdirilir. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Tovuz, Qazax və Ağstafada payızlıq dənli bitkilərin səpini üçün əkin sahələrinin şumlanması aparılır. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər, Tovuz və Ağstafa rayonlarında təkrar qarğıdalı əkinləri aparılmış sahələrdə yaşıl yem və dən üçün qarğıdalı yığımı prosesi davam edir. Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonlarında kütləvi pambıq yığımına başlanılıb. Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər və Tovuz rayonlarında şəkər çuğundurunun toplanması yerinə yetirilir. Goranboy və Tovuz rayonlarında tütün məhsulunun yığımı prosesi davam edir”, - o qeyd edib.

A.Hüseynov əlavə edib ki, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün Kənd Təsərrüfatı Nazirliyi fəaliyyətində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq, innovasiyaların tətbiqi prinsiplərini əsas götürür: "Kənd Təsərrüfatı Nazirliyi və nazirliyin tabeli qurumlarının, o cümlədən müxtəlif rayonların Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları da belə həssas dövrdə fermerlərin yanındadır. Nazirlik işçiləri əkinin aparılması, məhsulların toplanılması və aqrotexniki qulluq işlərinin vaxtında yerinə yetirilməsi məqsədilə rayonlara ezam olunub, aqrar sahədə cari işlərin düzgün təşkili məqsədilə fermerlərə lazımi tövsiyə və məsləhətlərini verirlər. Dövlət başçısı tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Fermerlərimiz bu qayğını yüksək qiymətləndirir və dövlət başçımızın həyata keçirdiyi siyasəti daim dəstəkləyirlər. Prezident İlham Əliyev ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, bu məqsədlə torpaq və su resurslarından səmərəli istifadə olunması, eləcə də aqrar sahədə davamlı inkişafla bağlı qarşımızda çox mühüm tapşırıqlar qoyub. Prezidentin qarşımızda qoyduğu çox mühüm həlli vacib olan tapşırıqların icrası, bizi daha məsuliyyətli və əzmlə çalışmağı vadar edir”.

Son xəbərlər

Orphus sistemi