Bakı. 5 oktyabr. REPORT.AZ/ Bu gün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti Astara rayonunda “Respublikanın meyvə və sitrus bağlarının xəstəlik və zərərvericilərinə qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsi” mövzusunda regional müşavirə keçirib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, “Meyvə və sitrus bağlarında xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin təşkili” mövzusunda çıxış edən Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov bildirib ki, fiziki və hüquqi şəxslərin müraciəti əsasında bitki və bitkiçilik məhsulları saxlanılan anbarlarda, bazarlarda, həyətyanı sahələrdə və digər saxlanma yerlərində müayinələr və müşahidələr aparılır, eyni zamanda profilaktik və fitosanitar xidmətləri həyata keçirilir. Xidmətin mütəxəssisləri hüquqi və fiziki şəxslərə onların müraciəti əsasında bitki mühafizəsi məsələlərinə, pestisidlərin, bioloji preparatların və digər bitki mühafizə vasitələrinin istifadəsi, saxlanılması və daşınması texnologiyasına və reqlamentinə dair tövsiyələr verirlər.
O, Respublika Bitki Mühafizəsi Mərkəzinin (RBMM) həyat keçirdiyi mübarizə tədbirləri barədə də qısa məlumat verib: "Mərkəz tərəfindən insan sağlamlığının, flora və faunanın qorunması məqsədi ilə bütün mübarizə üsullarını (aqrotexniki, mexaniki, fiziki, kimyəvi, karantin) özündə birləşdirən inteqrir mübarizə tədbirləri sistemləri hazırlanıb. Sistemin tətbiq edilməsi məqsədi ilə Şəki-Zaqatala bölgəsində dənli taxıl bitkiləri əkinlərində, Gəncə-Qazax bölgəsində üzüm bağlarında və kartof sahələrində inteqrir mübarizə tədbirlərinin texnoloji xəritələri hazırlanaraq fermer və torpaq mülkiyyətçilərinə təqdim edilib”.
Ə.Eyvazov qeyd edib ki, RBMM tərəfindən respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin yayılmasının qarşısının alınması və yayılma ocaqlarının məhv edilməsi məqsədi ilə beynəlxalq standartların tələblərinə uyğun təcrid və ləğvedici tədbirlər həyata keçirilib: "2018-ci ilin ilk 8 ayı ərzində Respublika ərazisində zərərverici və xəstəliklərə qarşı 3 929 237 hektarda fitosanitar müşahidə işləri aparılıb, 1 846 321 hektarda sirayətlənmə aşkar olunub, 1 329 065 hektarda mübarizə tədbirləri aparılıb ki, bunun da 173 868 hektarı büdcə vəsaiti hesabına olub.