Azərbaycana xarici ölkələrdən ən çox gətirilən mallardan biri də mobil telefonlardır. Təsadüfi deyil ki, statistik göstəricilərə əsasən, 2017-ci ildə Azərbaycana gətirilən mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatlarının sayı 819 min 324 ədəd, 2018-ci ildə isə 7,9% artaraq 884 min ədəd təşkil edib. Azərbaycan qanunvericiliyinə əsasən, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu tələb olunur. Bu rüsumun məbləği mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilir. Həmin məbləğlər mobil telefonların modellərinə müvafiq olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən yaradılan saytda yerləşdirilib.
QEYD. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən hər təqvim ayı ərzində bir dəfə gətirilən ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişi ödənilmədən keçirilə bilər. Eyni zamanda, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 (otuz) gün müddətində ümumi gömrük dəyəri 1000 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan gömrük ərazisinə gətirilən mallara görə də gömrük ödənişləri alınmır. Gətirilən malların ümumi dəyəri göstərilən məbləğ limitlərindən artıq olduqda isə, həmin artıq hissənin 36%-i həcmində gömrük rüsumu ödənilir.
Diler şirkətlər arasında apardığımız araşdırma nəticəsində müəyyən olunub ki, ölkəyə xaricdən gətirilən telefonlarda qeydiyyatdan keçdikdən sonra nasazlıq aşkar edilərsə və problem istehsal ilə bağlı olarsa, alıcı dərhal telefonu aldığı xarici şirkətə müraciət edir və həmin telefon geri qaytarılaraq əvəzində yenisi göndərilir. Lakin, bu zaman yeni telefonun “İMEİ” nömrəsinin qeydiyyatdan keçməsi üçün istifadəçidən ikinci dəfə dövlət rüsumu ödəməsi tələb olunur.
Belə aydın olur ki, sözügedən prosesdə alıcı iki dəfə əlavə xərcə düşmüş olur. Nəzərə alsaq ki, mobil telefonların qeydiyyat xərcləri telefonun bazar qiymətindən asılı olaraq dəyişir, bu zaman xaricdən bahalı telefon sifariş edən istifadəçinin daha çox xərcə düşdüyünü qeyd edə bilərik.
Ekspertlər vətəndaşların hüquqlarının pozulduğunu bildirir
“Report” bu məsələyə ekspertlərin münasibətini, problemin hüquqi tərəfini və həll olması üçün alternativ hansı yolların olduğunu araşdırıb.
Hüquqşünas Asif Məmmədov “Report”a verdiyi açıqlamada bu barədə istehlakçıların müdafiəsi ilə bağlı qanunda bir qədər zəif yanaşma olduğunu bildirib: “Bu məsələ ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunda bir qədər zəiflik var. Çünki bu qanun xarici bazarla bağlı proseslərə müdaxilə etmək baxımından bir o qədər təsirli deyil. Mülki Məcəlləyə əsasən, alınan mal keyfiyyətli deyilsə, onu geri qaytarmaq alıcının hüququdur. Məhsul keyfiyyətli olmazsa, alıcının çəkdiyi xərc geri qaytarılmalı və ya həmin məhsul yenisi ilə əvəzləşdirilməlidir. Bu, ölkə xaricindən alınan məhsullar üçün də keçərlidir. Lakin Azərbaycana xaricdən mobil telefon gətirilməsi ilə bağlı qaydalara əsasən xaricdən gətirilən bu cihazlar “İMEİ” kodu vasitəsilə qeydiyyata alınır. Bir “İMEİ” kodu isə iki telefona verilə bilməz. Xaricdəki malsatan sizə satdığı keyfiyyətsiz telefonu əvəzləşdirib yenisini geri göndərəndə həmin yeni telefon başqa “İMEİ” kodla gəldiyinə görə avtomatik olaraq mobil cihazların qeydiyyat sistemində yeni telefon kimi qeydiyyata alınmalıdır. Buna görə də yenidən ödəniş etmək tələb edilir”.
Hüquqşünas Asif Məmmədov
"Telefon yeni "İMEİ" kodla qeydiyyata alındığı üçün ödəniş etmək tələb olunur".
Asif Məmmədov1Юрист Асиф Мамедов
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz isə bildirib ki, telefonu alan şəxs üçün fərdi qaydada müvafiq dövlət qurumlarına müraciət etməklə problemin həll edilməsi imkanı yaradılmalıdır:
"Yaxşı olar ki, gələcəkdə belə hallarla bağlı onlayn müraciət imkanı yaradılsın”.
Osman GündüzMultimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru
“Bu zaman istifadəçi dərhal aidiyyətı dövlət qurumuna müraciət edərək nasazlıq aşkar edilən telefonu artıq işlətmədiyini, telefonun şəbəkədə olmadığını bildirməli və sistemdə “İMEİ” kodunun ləğv edilməsini tələb etməlidir. Köhnə telefon sistemdən silindikdən sonra yeni telefonun qeydiyyatı zamanı dövlət tərəfindən güzəşt tətbiq edilməsi ədalətli addım olar. Bu zaman artıq alıcı ikinci dəfə qeydiyyat rüsumu ödəməkdən azad edilə bilər. Bu məsələdə istifadəçinin haqqlarını nəzərə almaq lazımdır. Yaxşı olar ki, gələcəkdə belə hallarla bağlı onlayn müraciət imkanı yaradılsın”.
Biznes və İT üzrə ekspert Rəcəb Mehdiyev isə öz növbəsində qeyd edib ki, telefonu satan şirkət rəsmi şəkildə məsələ ilə bağlı Azərbaycana məlumat göndərərsə istifadəçi ikinci dəfə qeydiyyat rüsumunu ödəməkdən azad edilməlidir:
"Vətəndaş bu məsələdə sona qədər öz hüquqlarını tələb etməlidir”
Rəcəb MehdiyevЭксперт по бизнесу и информационным технологиям Раджаб Мехтиев
“Xaricdən sifariş verilərək ölkəyə gətirilən mobil telefonda problem aşkar edilərsə dəymiş ziyanı telefonu satan şirkət ödəməlidir. Çünki həmin telefonla bağlı alıcı müəyyən qədər xərcə düşüb və vaxt itirib. Bu isə onun hüquqlarına ziddir. Odur ki, müştəri ona dəymiş ziyanı ödəmək üçün telefon satan şirkətə müraciət etməlidir. Şirkətdən bu müraciətə cavab verilməzsə alıcının həmin şirkəti məhkəməyə vermək ixtiyarı var.
Məsələnin digər həlli yolu isə odur ki, həmin mobil telefonu satan şirkət özü Azərbaycana rəsmi məlumat göndərməli, telefonun məhz onlardan alındığına dair sənədləri təqdim etməli, telefonda yaranmış problemə görə müştərinin deyil, şirkətin məsuliyyət daşıdığını, buna görə də şirkət tərəfindən yeni telefon göndərildiyini bildirməlidir. Belə olan təqdirdə dövlət tərəfindən əvvəlki “İMEİ” kodu sistemdən silinərək yenisi ilə əvəzlənməlidir. Düşünürəm ki, vətəndaş bu məsələdə sona qədər öz hüquqlarını tələb etməlidir”.
“İMEİ” kodu fərqli olduğuna görə həmin telefon yenidən qeydiyyatdan keçməlidir".
Elşad YusifliİKT üzrə ekspert Elşad Yusifli
İKT üzrə ekspert Elşad Yusifli isə istifadəçinin ikinci dəfə qeydiyyat rüsumu ödəməkdən azad edilməsi üçün prosesə ciddi nəzarət mexanizminin tətbiq edilməli olduğunu vurğulayıb: “Xaricdən Azərbaycana telefon gətirilən zaman onu qedyiyyatdan keçirmək üçün 1 ay müddət verilir. Bu müddət ona görədir ki, həmin 1 ay ərzində alıcı telefonu yoxlasın və hər hansı bir nasazlıq varsa qeydiyyatdan keçirmədən geri qaytarsın. Qeydiyyatdan keçiriləndən sonra da nasazlıq olarsa telefonu xarici şirkətə geri qaytarıb yenisi ilə əvəzləmək olar. Bu zaman yeni göndərilən telefonun “İMEİ” kodu fərqli olduğuna görə həmin telefon yenidən qeydiyyatdan keçməlidir.
Doğrudur, bu zaman ikinci dəfə qeydiyyat rüsumu ödəmək istifadəçi üçün əlavə xərcdir. Lakin bu problemi aradan qaldıra biləcək mexanizmin tətbiqinə nəzarət etmək çox çətindir. Belə etmək olar ki, köhnə telefonun “İMEİ” kodu sistemdən silinsin və yeni telefon güzəştli şərtlərlə qeydiyyatdan keçirilsin. Bunun üçün istifadəçi həmin telefonu hansı şirkətdən aldığına və geri qaytardığına dair müvafiq sənədləri dövlətə təqdim etməlidir”.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, əgər telefonun hansısa detalının dəyişdirilməsinə görə “İMEİ” kodu dəyişilirsə və proses müvafiq sənədlərlə təsdiq edilirsə, bu zaman yeni “İMEİ” kodun qeydiyyatı üçün heç bir ödəniş tələb olunmur. Mobil cihazın özünün dəyişdirildiyi təqdirdə isə, yeni “İMEİ” kodun qeydiyyatdan keçirilməsi üçün dövlət rüsumu ödənilməlidir.
Eyni məsələ ilə bağlı
1. İdxal anında malların qüsurlu olması və ya sövdələşmə şərtlərinə cavab verməməsi aşkar edildikdə;
2. Malların onları göndərən şəxsə və ya onun təyin etdiyi digər şəxsə geri qaytarılması nəzərdə tutulduqda;
3. Mallar gömrük ərazisində emal əməliyyatlarına məruz qalmadıqda və ya istifadə olunmadıqda və Gömrük Məcəlləsinin 128.3-cü maddəsi ilə müəyyən edilmiş 1 (bir) il müddətində təkrar ixrac edildikdə.
Çıxış yolu nədir?
Ekspertlərin fikirlərindən də göründüyü kimi xarici şirkət tərəfindən əvəzlənərək yenidən göndərilən telefon üçün qeydiyyat rüsumunun ödənilməsi vətəndaşların ikinci dəfə xərcə düşməsinə səbəb olduğuna görə bir o qədər xoşagələn hal deyil. Sözügedən problemin aradan qaldırılması isə heç də mümkünsüz hesab olunmur. Sadəcə bu sahədə bir neçə dövlət qurumunun sistematik və prosesə ciddi nəzarət mexanizmi ilə yanaşması tələb olunur ki, xaricdən alınmış telefonları geri qaytaran zaman onların qaytarma səbəbləri də göstərilməklə xüsusi və ayrıca qeydiyyatının aparılmasını və analoji problemlər yaranan zaman mobil telefonların “İMEİ” nörməsinin sistemdən silinməsini təmin etmək mümkün olsun.