Uğursuzluq uğursuzluq dalınca: Livan da Fransanı ciddiyə almır - ŞƏRH

Uğursuzluq uğursuzluq dalınca: Livan da Fransanı ciddiyə almır - ŞƏRH Fransanın xarici siyasətində uğursuzluqlar davam edir. Xüsusən də Afrika ölkələrində - keçmiş müstəmləkələr olan Niger və Qabonda hərbi çevrilişlər, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Fasoda isə Fransanın siyasi, hərbi və iqtisadi təsirindən imtin
Analitika
5 Sentyabr , 2023 16:20
Uğursuzluq uğursuzluq dalınca: Livan da Fransanı ciddiyə almır - ŞƏRH

Fransanın xarici siyasətində uğursuzluqlar davam edir. Xüsusən də Afrika ölkələrində - keçmiş müstəmləkələr olan Niger və Qabonda hərbi çevrilişlər, Mali, Mərkəzi Afrika Respublikası, Burkina Fasoda isə Fransanın siyasi, hərbi və iqtisadi təsirindən imtina, Fil Dişi Sahili Respublikası, Seneqal kimi Fransaya yaxın sayılan ölkələrdə Parisə qarşı kütləvi aksiyalar səngimir.

Bundan başqa, Parisin Əlcəzair, Mərakeş və Tunislə də mürəkkəb münasibətləri mövcuddur. Bütün bunlar son illər daha da aktivləşib, daha dəqiq ifadə etsək, indiki Prezident Emmanuel Makron hakimiyyətinin uğursuz və məntiqsiz siyasəti nəticəsində daha aktiv mərhələyə daxil olub.

Makron hökuməti bu uğursuzluqları sırasına daha bir dövləti də daxil edə bilər. Belə ki, keçmiş protektoratı Livan da ondan tamamilə üz döndərmək üzrədir. Parisin rəsmi Beyrutun daxili işlərinə qarışmaq cəhdi uğursuzluqla nəticələnib. Makronun bu ölkəyə göndərdiyi xüsusi nümayəndə Jan-İv Le Drianın siyasi qüvvələrin prezident seçkiləri ilə bağlı iqtidarla müxalifət arasında konsensusa nail olmaq çağırışları rədd edilib. İddialara görə, son günlərə qədər Fransa Livanda prezident kürsüsünə Süleyman Franjenin namizədliyini dəstəkləyirdi. Bu şəxs isə hərbləşdirilmiş “Hizbullah” təşkilatına, eləcə də, Dəməşqdə prezident sarayına yaxın olan biridir. O, eyni zamanda ermənilərə rəğbəti ilə seçilir. Lakin Le Drianın xüsusi nümayəndə təyin olunması Fransanın Franjeyə dəstəyinin azalması anlamına gəlir. Bu da dərhal ortaya Makronun siyasi qüvvələr arasında oyun oynamaq cəhdi kimi qəbul edilib. “Oyun” da uğursuz nəticələnib.

Qeyd edək ki, əvvəlki prezident Mişel Aun oktyabr ayında səlahiyyətlərindən imtina etdikdən sonra Livan parlamenti 12 dəfə prezident seçməyə müvəffəq olmayıb. Bununla da Livanda xaos və qeyri-müəyyənlik səngiməyib.

Ümumiyyətlə, son illər Fransanın Livan istiqamətində çoxsaylı uğursuzluqlara imza atdığı göz önündədir. 2020-ci ildə Beyrut limanında törədilən partlayışdan sonra Yelisey sarayı faciənin siyasi və iqtisadi nəticələrinin aradan qaldırılması istiqamətində əsas təşəbbüsü öz üzərinə götürüb. Makron hadisədən dərhal sonra bu Yaxın Şərq ölkəsinə səfər edərək yerli siyasətçilərə bol-bol vədlər verib; effektiv hökumət qurmaq, beynəlxalq təhqiqat qrupu yaratmaq, yardım göstərmək, dirçəltmək, müəyyən islahatlar keçirmək və sair. Lakin bunların heç biri baş vermədi. Bunu hətta Fransa mediası da yazıb. Ölkə mediasında Fransanın Livana verdiyi vədləri yerinə yetirmədiyinə dair bir sıra məqalələr yayımlanıb.

Makronun uğursuz və yarıtmaz siyasətini Ermənistanla bağlı da müşahidə edirik. Bəllidir ki, Ermənistanın bu gün əsas hamisi məhz Makron hökumətidir. Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı çıxan da məhz Fransadır. Ermənistan isə kor-koranə onun dediklərini təkrarlayır. Hətta BMT Təhlükəsizlik Şurasında (TŞ) son uğursuzluq da ona kifayət etmədi, ümid var ki, Rusiya Fransaya Ermənistanda möhkəmlənməyə imkan verəcək. Makronun Qarabağda vəziyyətlə bağlı avqustun 29-da müvafiq qətnamə layihəsini TŞ-yə təqdim edəcəyi gözlənilirdi. Üstündən bir neçə gün keçsə də, ortada heç nə yoxdur.

Reallıq odur ki, bu gün Makron və komandası Ermənistanı, yumşaq desək, hörmətsiz bir ölkəyə çevirib. Ermənistan anlamır ki, Livan və yuxarıda adını çəkdiyimiz digər dövlətləri bərbad günə qoyan Makron hakimiyyəti onu da eyni vəziyyətə salacaq.

Artıq iş o yerə çatıb ki, Fransanın siyasi dairələrində də hakimiyyətin uğursuzluğu ciddi tənqid olunur, Makron isə bütün bunların günahkarı kimi göstərilir. Prezidenti sərt tənqid edən “Ram olunmayan Fransa” adlı sol partiyanın lideri Jan Lyük Melanşon onu düşünülməmiş addımlar atmaqda və bununla Fransanın nüfuzuna zərbə vurmaqda günahlandırıb. Onun sözlərinə görə, Makron Qabon Prezidenti Əli bin Bonqo Ondimbeni dəstəkləməklə Fransanı pis duruma salıb.

Bütün bu uğursuzluqlar isə onu deməyə əsas verir ki, Makron sürətlə impiçmentə sürüklənir. Keçirilən rəy sorğularının nəticələri də bunu deməyə əsas verir. Belə getsə, Makron 2027-ci ilə kimi (səlahiyyət müddəti bitənə qədər-red.) vəzifəsində qalmaya bilər. Ölkə tarixinə ən uğursuz dövlət başçısı kimi düşən Makron, sözsüz ki, bunun bədəlini ödəməli olacaq. Hətta Fransa sakinləri onu əvəzləyəcək şəxsi də tapıblar. Bu şəxs sabiq baş nazir Eduard Filippdir. Hazırda Havr şəhərinin meri vəzifəsində çalışan 52 yaşlı bu şəxsə respondentlərin 31 faizi səs verib.

Son xəbərlər

Orphus sistemi