“Moody's”in Türkiyə ilə bağlı son qərarı investorlar üçün həyəcan siqnalıdır - ANALİTİKA

“Moody's”in Türkiyə ilə bağlı son qərarı investorlar üçün həyəcan siqnalıdır - ANALİTİKA “Moody's” beynəlxalq reytinq agentliyi ötən cümə Türkiyənin suveren kredit reytinqini “Ba3” səviyyəsindən “B1” səviyyəsinə endirib
Analitika
18 İyun , 2019 14:03
“Moody's”in Türkiyə ilə bağlı son qərarı investorlar üçün həyəcan siqnalıdır - ANALİTİKA

“Moody's” Beynəlxalq Reytinq Agentliyi ötən cümə Türkiyənin suveren kredit reytinqini “Ba3” səviyyəsindən “B1” səviyyəsinə endirib. Bununla da ölkənin qiymətli kağızları “zibil” adlandırılan səviyyəyə düşdü. Reytinq üzrə proqnoz isə “Neqativ” kimi müəyyən edildi ki, bu da reytinqin daha da endirilə biləcəyi anlamına gəlir. Reytinqin aşağı salınmasının səbəbi kimi ölkənin xarici ticarət bohranı təhlükəsinin artması və Türkiyənin iqtisadiyyatı dəstəkləmək və borclarını ödəmək üçün bundan sonra da böyük pul vəsaitləri cəlb etmək qabiliyyətinə inamın olmaması göstərilib.

Şənbə günü Xəzinə və Maliyyə Nazirliyi bu qərarın Türkiyə iqtisadiyyatının təməl göstəriciləri ilə ayaqlaşmadığını və “Moody's”in analizlərinin tərəfsizliyinin sual altında olduğunu bəyan etdi.

Bundan əlavə nazirlik “Moody’s”in Türkiyənin borclarının ehtiyatlarını 2,6 dəfə üstələməsinə vurğu etdiyi bir halda reytinqi Türkiyədən daha yüksək olan bir sıra inkişaf etməkdə olan ölkələrdə bu göstəricinin (borcun ehtiyatlara nisbəti) xeyli yuxarı olmasına işarə edib.

“Report”un analitik qrupu bildirir ki, son qərar ötən ilin avqustunda “Moody's”in Türkiyənin suveren kredit reytinqini “Ba2” səviyyəsindən “Ba3”ə endirməsinin davamı oldu. Agentlik bunu lirənin ucuzlaşması və ABŞ-la əlaqələrin ani pisləşməsi ilə əlaqələndirmişdi və bütün bu amillərin Türkiyə iqtisadiyyatını son 10 ildə ilk dəfə olaraq ressesiyaya yuvarlayacağının proqnozunu verdi.

2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhddə iştirak etməkdə, terrorçu FETÖ və PKK qruplaşmaları ilə birlikdə fəaliyyət göstərməkdə ittiham olunaraq həbs olunan keşiş Endryu Bransonla əlaqədar iki ölkə arasında yaranan gərginlik fonunda verilən bu qərarın nəticələri özünü çox gözlətmədi.

Milli valyutanın ucuzlaşması və bununla əlaqədar olaraq faiz dərəcələrinin artırılmasının nəticəsində iqtisadiyyatda eniş baş verdi. ÜDM-nin 3-cü və 4-cü rüblərdə azalması nəticəsində Türkiyədə texniki ressesiya qeydə alındı.

“Moody's”in son qərarı da iki ölkə - Türkiyə və ABŞ arasında münasibətlərin pisləşdiyi bir dövrə təsadüf edir. Ankaranın Rusiyadan S-400 zenit raket kompleksləri alması NATO üzrə yaxın tərəfdaşı olan ABŞ tərəfindən təhdid kimi qəbul edilib. Nəticədə ABŞ türk pilotlarını F-35 proqramından kənarlaşdırdı, Konqres isə Türkiyəyə qarşı sanksiyaları nəzərdən keçirməyə başladı. Son olaraq isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın S-400-lərin artıq aldığını və iyulun ortalarında təchizatına başlanacağını və yaranmış durumu G20 görüşü zamanı ABŞ-lı həmkarı ilə müzakirə edəcəyini bəyan etdi. Motivindən asılı olmayaraq isə Türkiyənin reytinqinin pisləşməsinin real iqtisadi nəticələr doğuracağı labüddür.

“Report”un analitik qrupu bildirir ki, bu özünü ilk növbədə ölkənin borclanma ilə bağlı xərclərində göstərəcək. Kredit reytinqi faktiki olaraq ölkənin ödəmə qabiliyyəti və risklərinin qiymətləndiriməsi olduğundan yüksək reytinq qiymətləndirməsi borclanma ilə bağlı emitentin xərclərini azalda bildiyi kimi, onun pisləşməsi bunun tam əksinə gətirib çıxarır. Yəni risk dərəcəsi nə qədər yüksəkdirsə ödəniləcək faizlər də bir o qədər yüksək olacaq.

Reytinq qiymətləndirməsi investorlar üçün siqnal olacaq və özünü birbaşa xarici investisiyaların həcmində də göstərəcək. Bu seqment Türkiyədə reytinq qiymətləndirməsinə və beynəlxalq əlaqələrdəki qeyri müəyyənliyə çox həssasdır. Belə ki, dövlət çevriliş cəhdi və ölkənin kredit reytinqinin azalmasının ardından 2016-cı ildə Türkiyə iqtisadiyyatına investisiyalar əvvəlki ildəki 16,5 milyard dollar səviyyəsindən 12,1 milyard dollara, 2017-ci ildə 7,5 milyard dollara, 2018-ci ildə 6,5 milyard dollara kimi azalıb.  

Son xəbərlər

Orphus sistemi