Türkiyəli ekspert: "Fərat qalxanı"nda terrorçuların onurğa sütununu sındırdıq, “Zeytun budağı”nda da kökünü kəsəcəyik"

Türkiyəli ekspert: "Fərat qalxanı"nda terrorçuların onurğa sütununu sındırdıq, “Zeytun budağı”nda da kökünü kəsəcəyik" "Hər iki ölkənin reallaşdırdığı TANAP kimi nəhəng enerji layihələrinin də davam etməsi buna bağlıdır"
Analitika
26 Yanvar , 2018 14:41
Türkiyəli ekspert: Fərat qalxanında terrorçuların onurğa sütununu sındırdıq, “Zeytun budağı”nda da kökünü kəsəcəyik
Türkiyəli ekspert Mesut Hakkı Çaşın / Report

İstanbul. 26 yanvar. REPORT.AZ/ "Türkiyə Suriyanın Afrin bölgəsində antiterror əməliyyatı keçirir".

Bunu "Report"un Türkiyə bürosuna beynəlxaq siyasi ekspert, professor, doktor Mesut Hakkı Çaşın bildirib.

Onun sözlərinə görə, “Zeytun budağı” əməliyyatına Türkiyə-Suriya sərhədində uzun müddətdir baş verən proseslər zəmin yaratdı: "Suriya ərazisindən Türkiyənin sərhəd bölgəsinə 700-ə yaxın silahlı basqın oldu. Rəsmi Ankara "Zeytun budağı" adlı əməliyyata başlamamışdan əvvəl dəfələrlə xəbərdarlıq etdi, ancaq müttəfiqlər Türkiyənin bu narahatçılığını nəzərə almadılar. Nəticədə parlament Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində antiterror əməliyyatına başlaması haqda qərar qəbul etdi. Çünki Türkiyə Suriya ilə sərhədlərində terror dəhlizi yaradılmasına icazə verə bilməzdi və ötən ilin avqustunda keçirdiyi "Fərat qalxanı" əməliyyatı zamanı da bununla bağlı mesaj vermişdi. Əslində, Türkiyə Silahlı Qüvvələri "Fərat qalxanı"nda terrorçuların onurğa sütununu sındırdı, "Zeytun budağı”nda da kökünü kəsəcək".

Ekspert deyib ki, ABŞ və Rusiya bu gün Suriyada miras davası aparır: "1936-1939-cu illərdə İspaniyada baş vermiş vətəndaş müharibəsi də buna əyani misaldır. Həmin vaxt İspaniyada tərəflərdən birinə almanlar, digərinə isə müttəfiqlər silah vermişdilər. Nəticədə on minlərlə insan bu vətəndaş müharibəsinin qurbanı oldu. Bu gün Fransa da BMT kartından yararlanmaqla Suriyadakı böhranı yoluna qoymağa çalışan biri kimi oyuna daxil olmaq istəyir. Ancaq heç kim bu işdə birbaşa günahkar olan BMT-nin niyə susduğunu soruşmur. Artıq Türkiyə, Rusiya və İran Suriyadakı böhranın nizamlanması məqsədilə Astana prosesini başladıb. Soçidə əvvəlcə atəşkəs, daha sonra isə terrorçu qruplaşmaların silah-sursatla təmininin dayandırılması tələbi irəli sürüldükdən sonra terrorçu PKK-nın Suriyadakı qollarının Türkiyəyə qarşı təzyiqləri daha da artmağa başladı. Türkiyə bu müddət əzində Rusiya ilə münasibətlərini yoluna qoydu və nəticə etibarilə rəsmi Moskva ilə əməkdaşlığı uğurla inkişaf etdirərək “Zeytun budağı” əməliyyatına başladı. Bu əməliyyat Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 72 təyyarə ilə başladıldı. Türkiyə “Zeytun budağı” əməliyyatı ilə öz hərbi sənayesinin gücünü də göstərmiş oldu. Hərbi əməliyyatda istifadə olunan tanklar, toplar, F-16-lar Türkiyə istehsalıdır. Artıq Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə, təxminən, 30 km ərazini terorçulardan təmizləyib və dayanmadan irəliləyir. İndi hədəfdə hərbi hava bazasını ələ keçirmək var. Burada da radar sisteminin quraşdırılması ilə havadan gələcək hansısa bir təhlükəni yox etmək mümkün olacaq".

Mesut Hakkı Çaşın qeyd edib ki, Türkiyə BMT Konvensiyasının 51-ci maddəsini əsas tutaraq öz sərhədlərinin təhlükəsizliyini təmin etmək məqsədilə müdafiə haqqından yararlanır: "Türkiyə Suriyada terrorçu qruplaşmalara qarşı mübarizə aparır, yəni qarşımızdakı ordu deyil. Bu əməliyyat qanunidir. Bəziləri bunun kürdlərə qarşı yönəldiyi fikrini ortaya atmağa çalışdılar, ancaq niyyətləri baş tutmadı. Baxın, həmin bölgədə yaşayan kürdlər də daxil olmaqla mülki vətəndaşların zərər görməməsi üçün bütün tədbirlər həyata keçirilir. Afrin, bütövlükdə, terrorçular tərəfindən minalanıb və tunellər qazılıb. Türkiyənin istifadə etdiyi müasir hərbi texnikalar həmin silah-sursatın aşkarlanması və məhvi üçün çox dəqiq işləyir".

Ekspert hesab edir ki, Türkiyə Silahlı Qüvvələrinin gücünü ortaya qoyması mühüm məsələdir: "Çünki 2016-ci il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhd hadisəsindən sonra Türkiyənin zəifləmiş, çökmüş görüntüsünü yaymağa çalışırdılar. Ancaq Türkiyə həmin xarici və daxili qüvvələrə sözün əsl mənasında bir dərs vermiş oldu. Xalqın da belə həssas məqamda bir yumruq olması, öz hərbçisinə mənəvi dəstəyi çox gözəl atmosfer yaratdı. Ona görə də Türkiyə bu hərbi əməliyyatı strateji cəhətdən qazanacaq. Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət başçısı Donald Trampla da telefon danışığında bildirdiyi kimi bölgə terrorçulardan təmizlənməyənədək geri çəkilməməkdə qərarlıyıq. Bu mübarizədən sülh qalib çıxacaq, ancaq bu barış da BMT-nin deyil, Türkiyənin, ordusunun, hərbçisinin, xalqının imanı və cəsarəti ilə reallaşacaq".

Mesut Hakkı Çaşın böyük güclər və terrora dəstək verənlərin məqsədlərindən birinin də Türkiyənin Qafqaz və Rusiya ilə olan Qara dənizdəki əlaqəsini kəsmək və eneji körpüsü rolunu oynamasının qarşısını almaqdır: "Türkiyənin enerji xətti Bakı-Ceyhandan, Kərkük-Yumurtalıqdan və İsgəndərundan keçir. Aralıq dənizinin şərqindəki və Qafqazdakı enerji bazarlarını ələ keçirməyi strateji məqsədi sayan qüvvələr mövcuddur. Ancaq Türkiyə əsla buna icazə verməyəcək, çünki ora Türkiyənin qəlbidir. Bizim enerjimiz oradan gəlməkdədir və qardaş Azərbaycan və digər Orta Asiya respublikaları, Türkmənistan və Qazaxıstanın dünya bazarına çıxış qapısı da buradır. Türkiyə bu qapını mövcud olduğu müddətcə açıq tutacaq. Azərbaycan və Türkiyənin dünya bazarına çıxışı və hər iki ölkənin reallaşdırdığı TANAP kimi nəhəng enerji layihələrinin də davam etməsi buna bağlıdır. Türkiyə təhlükəsiz şəkildə enerji bazarı rolunu qoruyub saxlayacaq".

Vüsalə Abbasova

Son xəbərlər

Orphus sistemi