Tramp - Netanyahu görüşü – İsraildə mümkün erkən seçkilərə hazırlıq - ŞƏRH

Analitika
  • 30 dekabr, 2025
  • 16:28
Tramp - Netanyahu görüşü – İsraildə mümkün erkən seçkilərə hazırlıq - ŞƏRH

ABŞ Prezidenti Donald Trampla İsrail hökumətinin başçısı Benyamin Netanyahu arasında Floridada görüş olub. Ötən gün keçirilən sammitdə Qəzza zolağının gələcəyi, HƏMAS-ın tərk-silah olunması və bölgənin yenidən qurulmağa başlanılması prosesi, İranın nüvə proqramı və ölkədəki vəziyyət müzakirə edilib.

Bu görüş ərəfəsində baş verən hadisələr də maraq doğurur.

Məlumata görə, ABŞ Hərbi Nazirliyi İsrail üçün "Boeing" şirkətinə 8,6 milyard dollar məbləğində 25 ədəd "F-15IA" döyüş təyyarəsi, əlavə 25 təyyarə alınması üçün opsiyası olan sifariş göndərib. Sövdələşmə 2025-ci ilin avqust ayında tam razılaşdırılıb və İsrail Hərbi Hava Qüvvələrinin ən bahalı alveri sayılır.

Bunu İranın təhdidləri, qalmaqallı müharibə ritorikası, Livanda "Hizbullah"a qarşı keçirilən əməliyyatlar, habelə Yəmənə qarşı Səudiyyə Ərəbistanı koalisiyasının əməliyyata başladığı bir vaxtda İsrailin hərbi hava qüvvələrini gücləndirmək, döyüş qabiliyyətini inkişaf etdirmək məqsədi də daşıdığını ehtimal etmək olar.

Bu baxımdan, Donald Trampla Benyamin Netanyahu arasında İsrailin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələsinin müzakirə edildiyi də istisna olunmur.

İkinci hadisə, 20 ildən artıq HƏMAS-ın hərbi qanadının mətbuat katibi vəzifəsində işləmiş, üzünü qırmızı kufiyyə ilə gizlətmiş Əbu Obeydin (əsl adı - Hutayfa Samir əl-Qahlut) və təşkilatın lideri, qardaşı Yəhya Sinvarın ölümü xəbərinin təsdiqlənməsidir.

İsrail hökuməti HƏMAS-la müharibəyə başlayanda yaşadıqları ölkədən asılı olmayaraq onun liderlərini zərərsizləşdirəcəklərini bəyan etmişdi. Ona görə də Netanyahu HƏMAS-ın məğlub edilməsi, "müharibəyə son qoymağın ən yaxşı yol" olduğunu bildirib.

Üçüncü hadisə isə İranla bağlıdır. Son üç gündə ölkənin bir sıra şəhərlərində inflyasiya və bahalığa etiraz olaraq aksiyalar keçirilib. Onlar "Diktatora ölüm!" şüarı səsləndiriblər.

İranda baş verən bu hadisə İsrail və ABŞ-nin bu ölkəyə hücum etməyəcəyi ehtimalını gücləndirir.

Odur ki, liderlərin müzakirəsinin xoş ovqatla başladığını da düşünmək olar.

Donald Tramp görüşdə bildirib ki, Qəzza zolağında vəziyyətin tənzimlənməsi istiqamətində növbəti addımlar yalnız HƏMAS qruplaşmasının tam tərk-silahından sonra mümkün olacaq. Onun sözlərinə görə, Vaşinqton hazırkı mərhələni "ikinci mərhələyə" keçid kimi qiymətləndirir, bununla belə, əsas şərt İsrailin təhlükəsizliyi olaraq qalır.

Müzakirə edilən məsələlərlə bağlı ABŞ lideri vurğulayıb ki, Qəzza bölgəsinin bərpasına yaxın vaxtlarda başlayacaqlar. O, həmçinin bildirib ki, Ştatlar Qəzzada qalan sonuncu İsrail girovunun cəsədinin qaytarılması üçün səylərini davam etdirir və onun ailəsinə dəstəyini ayrıca ifadə edib.

ABŞ liderinin sözlərinə görə, zolaqda istənilən yeni təhlükəsizlik sxemi HƏMAS-ın neytrallaşdırılmasını təmin etməlidir. Bunun fonunda o, İsraillə sıx əməkdaşlığı təsdiqləyib və Netanyahunun müharibə zamanı ölkənin idarəçiliyindəki rolunu yüksək qiymətləndirib.

Trampın bu tərifi keçirilməsi gözlənilən erkən parlament seçkilərndə Netanyahunun dəstəklənəcəyinə bir eyham sayılır.

Türkiyə də Qəzza zolağında sülh planına təminat verən ölkələrdəndir. İsrail onun bölgədə iştirakına etiraz edir. Ancaq Türkiyənin Yaxın Şərqdə nüfuzu, regionda sülh yaranmasında oynadığı rol buna onun haqqı çatdığını isbatlayıb.

Trampla İsrail Baş nazirinin görüşündə bu məsələnin də müzakirə olunduğu istisna edilmir. ABŞ lideri bildirib ki, Qəzzada Türkiyə qüvvələrinin mümkün iştirakı məsələsi müttəfiqlərlə məsləhətləşmələrdən asılı olacaq.

Yuxarıda qeyd etdiyimiz kimi, görüşdə, həmçinin İran hakimiyyətinin mövqeyi də müzakirə edilib. D.Tramp xəbərdarlıq edib ki, Tehran raket və ya nüvə proqramını bərpa edəcəyi halda hərbi cavab tədbirlərini nəzərdən keçirməyə hazırdır. Bu isə İranla bağlı müharibə variantının gündəlikdən birdəfəlik çıxmadığını, birbaşa ikitərəfli danışıqların başlaması ehtimalını azaldır.

Görüşdən əvvəl Donald Tramp "beş əsas mövzunu" müzakirə etmək niyyətində olduğunu bildirib. O, Qəzzaya əlavə olaraq İordan çayının Qərb sahilindəki problemlərin həlli və İrandan gələn potensial təhdidlər barədə planlar haqqında məlumat verib.

Məlumatlara əsasən, görüş tərəflərin bir-birini tərifləməsi ilə daha çox yadda qalıb.

Benyamn Netanyahu Donald Trampı fərqli xidmətlərinə görə İsrailin ən yüksək mülki mükafatı ilə təltif etmək niyyətində olduğunu bildirib: "Prezident Tramp insanları təəccübləndirmək üçün o qədər çox ənənəni pozub ki, biz onlardan birini pozmaq və ya yenisini yaratmağa qərar verdik".

O vurğulayıb ki, Ağ Evdə Prezident Tramp kimi heç vaxt dostları olmayıb.

ABŞ lideri isə onun tərifinə oxşar şəkildə cavab verərək deyib ki, İsraildə başqa liderlərin çoxunda bu keyfyyətlər olmayıb: "Münasibətlərimiz fövqəladə idi".

O, Netanyahunu "müharibə dövrü"nün lideri kimi də tərifləyib.

Liderlər arasında danışıqlar bir saatdan artıq olub. Onlar yeni mərhələ ilə bağlı açıqlama verməyiblər.

Ölkə liderlərinin açıqlamalarına əsasən, ehtimal etmək olar ki, ABŞ və İsrail rəhbərlərinin bu görüşündə regionla bağlı yeni plan qəbul edilməyib. Çünki İsraili narahat edən başlıca mövzular (HƏMAS, "Hizbullah", İran hakimiyyəti) reallaşır.

HƏMAS-la bağlı planın ikinci mərhələsi 2026-cı ildə başlayacaq. Livan hökuməti ilə rəsmi Təl-Əvivin danışıqları davam edir. İran hakimiyyətinin vəziyyəti isə ağırlaşır.

Bu baxımdan, ehtimal etmək olar ki, qarşıdan gələn ildə bu istiqamətdə tərəflərin fəaliyyəti davam edəcək. Bura İsrail-Suriya münasibətləri, İran ünsürlərinin İraqdan çıxarılması, ərəb dövlətləri ilə İsrail arasında münasibətlərin tənzimlənməsi, Fələstin dövlətinə ortaq münasibət də əlavə edilə bilər.

İsraildə seçkiqabağı dövrdə adətən hökumət başçısı ABŞ-ni ziyarət edir. Ölkədə ictimai-siyasi vəziyyət gərgindir. Xüsusən, ortaqları Netanyahunu koalision hökuməti dağıdacaqları ilə hədələyir. Onlar "Hərbi xidmət haqqında" yeni qanun qəbul edilməyəcəyi halda hökumətdən çıxacaqlarını bildiriblər.

Gələn ilin payızında İsraildə növbəti parlament seçkiləri keçirilməlidir. Ancaq bu siyasi kampaniyanın daha erkən keçirilməsi də ölkənin siyasi həyatının gündəliyindədir.

Ona görə, ehtimal etmək olar ki, Benyamin Netanyahunun səfərinin əsas hədəfi qarşıdan gələn mümkün bu siyasi kampaniyaya hazırlıqdır. Görünür, liderlərin tərifləri də səbəbsiz deyilmiş...

Son xəbərlər

Bütün Xəbər Lenti