Sülh və delimitasiyanın bir addımlığında - ŞƏRH

Sülh və delimitasiyanın bir addımlığında - ŞƏRH Ötən gün Ermənistanla Azərbaycan arasında atılan addım qısa müddət ərzində dünya mediasının əsas mövzusuna çevrildi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəti
Analitika
8 Dekabr , 2023 16:31
Sülh və delimitasiyanın bir addımlığında - ŞƏRH

Ötən gün Ermənistanla Azərbaycan arasında atılan addım qısa müddət ərzində dünya mediasının əsas mövzusuna çevrildi. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi əsir düşən hərbçilərin azad edilməsi barədə razılıq əldə edilib. Bu xəbər dünyanın bir sıra aparıcı KİV-i tərəfindən işıqlandırılmaqla yanaşı, Qərbin, xüsusən də Avropa İttifaqının müxtəlif rəsmiləri, Rusiya və Türkiyə kimi dövlətlərin açıqlama verərək atılan addımı alqışlaması ilə nəticələndi. Məsələnin maraqlı tərəfi odur ki, tərəflər arasında danışıqlar birbaşa aparılıb və heç bir üçüncü ölkə vasitəçilik etməyib. Bu isə rəsmi Bakı ilə İrəvan arasında sülh prosesinin vasitəçilər olmadan irəli aparıla biləcəyini, qısa müddətdə razılaşmanın əldə edilə biləcəyinə işarədir.

Əslində tərəflər arasında birbaşa danışıqların aparılması ilə bağlı işarəni Prezident İlham Əliyev bir müddət əvvəl vermişdi. Ölkə başçısı 5 oktyabr tarixinə planlaşdırılan Qranada görüşündən imtina etmişdi. Fransanın qərəzli mövqeyi səbəbindən dövlət başçısı Parisin vasitəçiliyinin üstündən xətt çəkmişdi. O dövrdə Ermənistanın baş naziri Nikol Paşinyan da Rusiyanın vasitəçiliyindən imtina edərək Bişkekə gəlmədi. Bu zaman isə İlham Əliyev artıq ikitərəfli görüşlərin keçirilmə zamanının çatması barədə bəyanat səsləndirərək, rəsmi Bakının səbrinin tükənməkdə olduğu barədə xəbərdarlıq etdi. Aradan iki ay keçdikdən sonra isə Azərbaycanla Ermənistan arasında humanitar məsələdə birbaşa danışıqlar öz nəticəsini verdi.

İlham Əliyev
İlham Əliyev

Danışıqların müsbət nəticə verməsini iki ölkə arasında sülh gündəliyinin irəli aparılması, münasibətlərin normallaşdırılması üçün isə qarşılıqlı siyasi iradənin bir daha nümayiş etdirilməsi kimi dəyərləndirmək olar. Rəsmi Bakı və İrəvanın bu addımı sülhün yaradılması üçün çox böyük addımdır. Əgər danışıqlar bu axarda davam etsə, çox güman ki, qısa müddət ərzində iki ölkə arasında sülh müqaviləsi imzalana bilər. Sülh müqaviləsinin imzalanması isə regionun iqtisadi inkişafına ciddi təkan verə bilər. Çünki regionun iqtisadi inkişafı üçün kilid ölkə Azərbaycandır və Ermənistanla imzalanan sülh müqaviləsi sayəsində bölgənin nəqliyyat infrastrukturu blokdan çıxacaq, iqtisadi əlaqələr inkişaf edəcək.

Görünür, Ermənistanın siyasi elitası artıq bu reallığı başa düşüb və qəbul edib. Rəsmi İrəvan dərk edir ki, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan başqa çarəsi qalmayıb. Baş nazir hər nə qədər “Sülh kəsişməsi” şousunu göstərsə də, dərk edir ki, sülh olmasa, regiondakı bütün iqtisadi layihələrdən kənarda qalacaq və Ermənistan səfalət və yoxsulluq içində yaşamağa davam edəcək.

Elə 30 noyabr tarixində Qazax rayonunun Ermənistanın İcevan (Karvansara) rayonu ilə sərhədində delimitasiya komissiyasının iclasının keçirilməsini də bu səpkidən qəbul etmək olar. İrəvanda başa düşürlər ki, delimitasiya məsələsində Azərbaycanla birlikdə qərar verməlidir. Avropadan, Qərbdən, Rusiyadan dəvət edilən şəxslər isə sadəcə kənar müdaxilə olmaqdan başqa bir işə yaramayacaqlar.

Azərbaycanla Ermənistan arasında keçirilən birbaşa danışıqlara başqa prizmadan yanaşsaq, rəsmi Bakının əsas siyasi xətlərindən birinin vətəndaşlarının təhlükəsizliyi olduğunun bir daha şahidi olduq. İlk növbədə qeyd etmək lazımdır ki, Ermənistanda biri ömürlük, digəri isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilən iki Azərbaycan əsgərinin azad edilməsi dövlətin qayğısıdır. Bu qayğı 2012-ci ilin 31 avqustunda Macarıstandan ekstradisiya edilərkən hava limanındaca əfv edilən Ramil Səfərovun, 2020-ci ilin 14 dekabrında təyyarə ilə erməni əsirliyindən Bakıya gətirilən Dilqəm Əsgərovun və Şahbaz Quliyevin timsalında özünü göstərmişdi. Hüseyn Axundov və Aqşin Bəbirovun da diplomatiyamızın uğuru sayəsində ölkəyə qayıtmaları dövlətin heç nəyi və heç kəsi unutmadığını bir daha sübut edir.

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi