Şər deməsən, xeyir gəlməz: Nağdsız ödənişlərin həcmi Azərbaycanda yeni rekord qırıb

Şər deməsən, xeyir gəlməz: Nağdsız ödənişlərin həcmi Azərbaycanda yeni rekord qırıb Bu gün Azərbaycanda 10 əməliyyatdan 6-sı artıq təmassız ödəmə alətlərindən istifadə edilməklə həyata keçirilir
Analitika
16 Aprel , 2021 09:40
Şər deməsən, xeyir gəlməz: Nağdsız ödənişlərin həcmi Azərbaycanda yeni rekord qırıb

- Bu, məhz mənim axtardığımdır, neçəyədir?

- 40 manat, xanım.

- Oy, bu qədər nağd pulum yoxdur. Saxlaya bilərsiniz? İndi tez bir bankomat tapacağam və...

- Nəsə axtarmağa ehtiyac yoxdur, bizdə ən müasir, wi-fi ilə də işləyən POS terminal var, kartınızı verin...

Bugünlərdə Füzuli parkının yaxınlığındakı yeraltı keçiddə olan kiçik mağazalardan birində bu dialoqa şahidlik etdim. Etiraf edim ki, cəmi ikicə il əvvəl heç kim Bakıda bu cür kiçik dükanlarda belə alınan mallara görə ödənişi heç bir çətinlik çəkmədən bank kartları ilə ödəməyin mümkün olacağına inana bilməzdi. Bəli, hökumət nağdsız ödənişləri populyarlaşdırmaq üçün çox səy göstərib - inzibati tədbirlər tətbiq edib, əmək haqqı, təqaüd və s. üzrə ödənişləri kartlara köçürüb, güzəştlər, lotereyalar və s. ilə həvəsləndirici addımlar atıb. Lakin bank cəmiyyətinin mobil bankinq üzrə tətbiqlərini fəal şəkildə təkmilləşdirməsinə, kredit xətti, kəşbək və mil toplama imkanı olan kartlar buraxmasına baxmayaraq, bu proses istənildiyi qədər sürətli getmirdi.

Ancaq necə deyərlər, şər deməsən, xeyir gəlməz - pandemiya və karantin başladı. Bir tərəfdən, əhali arasında (heç də əsassız yerə olmadan) COVID-19 virusunun əskinasların səthində yaşaya biləcəyi və buna görə onlara daha az toxunmağın daha yaxşı olması barədə fəal söhbətlər gəzirdi. Digər tərəfdən, ciddi məhdudiyyətlər dövründə insanlar onlayn sifarişlərin və müvafiq olaraq onlayn ödəmələrin rahatlığını aydın şəkildə başa düşdülər. Xoşbəxtlikdən Azərbaycanda nağdsız üsulla ödənişini həyata keçirmək mümkün olmayan demək olar heç bir məhsul və ya xidmət qalmayıb.

Rekord statistika

Nəticə - rekord statistikadır. Statistikaya əsasən, 2020-ci ildə Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə həyata keçirilən əməliyyatların ümumi sayı 2019-cu illə müqayisədə 2,4 dəfə, dəyəri isə 2 dəfə, ABŞ dollarında 42%, avro üzrə 4% artıb. Təmassız əməliyyatların sayı 4,3 dəfə, əməliyyatların həcmi 5,4 dəfə, elektron ticarətdə əməliyyatların sayı 55%, dəyəri isə 22% artıb.

Daha bir neçə rəqəm - Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyevin bugünlərdə dediyi kimi, 2020-ci ildə Azərbaycanda ödəmə kartları ilə nağdsız əməliyyatların sayı təxminən təxminən 118 milyon təşkil edib. Bu əməliyyatların ümumi əməliyyat sayındakı payı 58,3% olub. Yəni ilk dəfə ödəmə kartları ilə nağdsız əməliyyatların sayı kartlardan nağdlaşdırma əməliyyatları sayından çox olub.

Əlavə məlumat: 2020-ci ildə elektron bankçılıq yolu ilə cari hesablardan müştəri köçürmələrinin həcmi, habelə ölkə daxilində ödəniş kartları ilə nağdsız əməliyyatların həcmi tarixi maksimuma çatıb.

“Qlobal araşdırmalarımız göstərir ki, pandemiyanın başlaması ilə istehlakçılar o cümlədən fiziki təmasları minimuma endirmək məqsədilə təmassız ödənişləri daha etibarlı və daha sürətli ödəmə üsulu kimi qəbul ediblər. Nəticədə bu gün Azərbaycanda 10 əməliyyatdan 6-sı artıq təmassız ödəmə alətlərindən istifadə edilməklə həyata keçirilir”, - “Visa”nın Qafqazdakı regional direktoru Kristina Doros deyib.

Yeri gəlmişkən, oxşar vəziyyət son illərdə nağdsız və təmassız ödənişlərin inkişafına böyük diqqət yetirilən digər postsovet ölkələrində də müşahidə olunur. Məsələn, “Boston Consulting Group”un (BCG) ekspertləri Rusiyada nağd puldan istifadadən imtina sürətini “Rus möcüzəsi” kimi xarakterizə ediblər. BCG-nin məlumatına görə, pandemiya dövründə Rusiya əhalinin nağdsız ödəmələr lehinə nağd puldan imtina tempinə görə dünyada top-5-də yer alıb. BCG-nin hesablamalarına görə, Rusiyada istehlakçı nağd ödənişlərindəki xalis dəyişiklik (pandemiya zamanı nağd puldan daha aktiv istifadə edən istehlakçıların payı çıxılsın nağd puldan daha az istifadə edən istehlakçıların faiz payı) mənfi 48% təşkil edib. Bu göstəricidə Rusiyanı yalnız Böyük Britaniya (-62%), Kanada (-59%) və Avstraliya (-53%) qabaqlayır. Dördüncü yeri Rusiya ilə Rumıniya bölüşür, beşinci sırada isə Niderland (-47%) qərarlaşıb.

Həmçinin Qazaxıstanda nağdsız ödənişlərin həcmi 2020-ci ildə 2,6 dəfə artıb, nağdsız əməliyyatların payı 45,5%-dən 67,4%-ə çatıb, dövriyyədəki kredit kartlarının sayı iki dəfə artıb.

Ümumilikdə Beynəlxalq Valyuta Fondunun araşdırmasına görə, məhz pandemiya dövründə rəqəmsal ödəmə alətlərindən istifadə edənlərin sayı öncəki ilə nisbətən 21% artıb.

Tempi saxlamaq

Eyni zamanda, ekspert qruplarının sorğularına görə, istehlakçıların demək olar yarısı (49%) təmassız ödəmə imkanının oflayn ticarət-satış nöqtələrinin müştərilərinə təqdim edə biləcəyi təhlükəsiz alış-veriş üçün ən təsirli tədbirlərdən biri olduğunu söyləyirlər. Həmçinin istehlakçıların 65%-i postkovid dövründə də təmassız ödənişlərə üstünlük verəcəklərini, yalnız 16%-i ənənəvi ödəniş formalarına qayıda biləcəyini qeyd edir.

Beləliklə, karantin ümumilikdə dünya iqtisadiyyatına zərər versə də, onun nağdsız ödənişlər və rəqəmsal bankçılıq bazarları üçün yeni imkanlar açdığı qəbul edilməlidir. İndi maliyyəçilər və bankirlərin pandemiyadan sonrakı dövrdə də inkişaf tempini qoruması lazımdır.

Yeri gəlmişkən, ABA rəhbəri Zakir Nuriyev bildirir ki, məhz rəqəmsal ödəmə ekosisteminin inkişafı, rəqəmsal ödəmə texnologiyalarının istifadəsinin genişləndirilməsinə dəstək göstərilməsi 2021-2025-ci illər üçün əsas strateji hədəflərdən biridir.

Onun sözlərinə görə, bu istiqamətdə bir neçə rəqəmsal platformanın yaradılması və onlar arasındakı əlaqələrin dərinləşdirilməsi planlaşdırılır, eyni zamanda onlayn sifariş vermək və idarə etmək imkanları ilə bank xidmətlərinin məhsul bazasını inkişaf etdirmək lazımdır.

Mərkəzi Bankın baş direktoru Fərid Osmanovun fikrincə isə, bank cəmiyyəti bundan sonra da maliyyə xidmətlərinə çıxışın artırılması və maliyyə intensivliyinin genişləndirilməsi üzərində işi davam etdirməlidir. Bank xidmətlərinin rəqəmsallaşdırılmasının təkcə paytaxtda deyil, bölgələrdə də eyni dərəcədə inkişaf etdirilməsi lazımdır. Bu məqsədlər üçün əhalinin maliyyə savadlılığının artırılması üzrə tədbirlər hələ də aktualdır.

Ödənişlərin rəqəmsallaşdırılmasının Azərbaycan iqtisadiyyatı üçün müsbət rolu, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Alim Quliyevin dava əvvəl haqlı olaraq söylədiyi kimi, göz qabağındadır. Nağdsız ödənişlərin inkişafı ilə kölgə iqtisadiyyatı arasında birbaşa əlaqə var: birincinin inkişafı nə qədər yüksək olarsa, biznes üzərindəki kölgə də bir o qədər azalar. Bu, karantinə və bununla əlaqədar yaranmış çətinliklərə baxmayaraq, bu ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları proqnozunun 121,1% həcmində yerinə yetirilməsinin mühüm səbəblərdən biridir, özü də əlavə daxilolmaların böyük hissəsinin qeyri-neft sektorunun payına düşür.

Başqa sözlə, ödənişlərin rəqəmsallaşdırılması ilə bağlı irəliləyişləri davam etdirməklə hökumət iqtisadiyyatı “ağartmaq” tempini də sürətləndirə və beləliklə, ölkənin qeyri-neft sektorunun real həcminin rəsmi statistikada əks olunmasına nail olacaq.

Qulu Nuriyev - Ekspert

Son xəbərlər

Orphus sistemi