Rusiyadakı erməni diasporu Nikol Paşinyana qarşı - pul kəsilir, hədələr artır - ŞƏRH

Rusiyadakı erməni diasporu Nikol Paşinyana qarşı - pul kəsilir, hədələr artır - ŞƏRH Ermənistanın BMT Təhlükəsizlik Şurasının iclasındakı biabırçı uğursuzluğundan sonra baş nazir Nikol Paşinyana qarşı hücumların sayı artıb. İstər müxalifət, istər kilsə, istərsə də erməni diasporu baş naziri sərt şəkildə tənqid edir, onun hakimiyyətdən uza
Analitika
23 Avqust , 2023 17:33
Rusiyadakı erməni diasporu Nikol Paşinyana qarşı - pul kəsilir, hədələr artır - ŞƏRH

Ermənistanın BMT Təhlükəsizlik Şurasının iclasındakı biabırçı uğursuzluğundan sonra baş nazir Nikol Paşinyana qarşı hücumların sayı artıb. İstər müxalifət, istər kilsə, istərsə də erməni diasporu hökumət başçısını sərt şəkildə tənqid edir, onun hakimiyyətdən uzaqlaşdırılmasının yeganə çıxış yolu olduğunu bildirir. Kilsə və müxalifətin Paşinyana qarşı bu tip gedişləri ilk hal deyil. Tərəflər arasındakı qarşıdurma uzun müddətdir ki, davam edir. Son uğursuzluqdan sonra diasporun da fəaliyyətə keçməsi əslində N.Paşinyanla erməni diasporu arasındakı uçurumun getdikcə dərinləşməsindən xəbər verir. Əslində tərəflər arasında münasibətlər 2020-ci ildəki müharibədəki acı məğlubiyyətdən sonra kəskinləşməyə başlayıb. Erməni siyasi və hərbi rəhbərliyinin son dövrlər Laçın yolu ətrafında qaldırdığı hay-küyə erməni diasporunun qoşulmaması da diqqətdən kənarda qalmamışdı. Uzun illər Ermənistan və Qarabağ erməniləri üçün "sağmal inək" funksiyasını yerinə yetirən diaspor artıq yorulub və böyük piroq əlindən çıxdığı üçün passiv fazaya qədəm qoymağa üstünlük verib. Laçın yolu ilə bağlı bəzi ölkələrdə 5-10 nəfərlik etiraz aksiyaları, ümumi sözlərlə dolu bəyanatlar da diasporun Ermənistana artıq loyal yanaşmasından xəbər verir.

Nikol Paşinyanın bu gün Ermənistanın müstəqillik bəyannaməsini növbəti dəfə sərt tənqid etməsi ilə eyni vaxtda Rusiya erməniləri ittifaqının prezidenti Ara Abramyan da bir sıra açıqlamalar verib. Əslində A.Abramyanın açıqlamaları mesaj və tezislərlə zəngindir.

Erməniəsilli iş adamı bildirib ki, Ermənistana səfəri zamanı hər dəfə özü ilə müxtəlif ölkələrdən iş adamları gətirir, sərmayə qoymağa təşviq edir. Amma artıq Ermənistanın investisiyalar üçün əlverişli olmadığı reallığı üzə çıxır və iş adamları onun təklifini qəbul etmirlər. Abramyan müstəqillik bəyannaməsini tənqid edən Paşinyana mesaj ötürür ki, artıq diaspordan sərmayə və Ermənistana valyuta, pul axını gözləməyə dəyməz. Paşinyan oturduğu budağı kəsib. Çünki bəyannamədən imtina etmək, onu tənqid etmək, erməni diasporu və kilsənin “Qarabağ Ermənistandır” fikrindən imtina etmək deməkdir. Bunu həm erməni müxalifəti, həm də diasporda gözəl anlayırlar. Bu səbəbdən Paşinyana təzyiq vasitəsi kimi sərmayə məsələsi dövriyyəyə buraxılıb. Sirr deyil ki, ianələr hesabına yaşayan, əhalisi yarıac-yarıtox dolanan, iqtisadiyyatı sıfır vəziyyətində olan Ermənistan üçün sərmayə və yeni iş yerlərinin açılması hava və su kimi vacibdir. Amma görünən odur ki, Rusiya erməni diasporu artıq bu “krantı” bağlamaq niyyətindədir.

Abramyanın açıqlamalarında diqqət çəkən məqamlardan biri də son 5 ildə erməni diasporunun dağılması və əlaqələrin kəsilməsi ilə bağlı fikridir. Erməni iş adamı son 5 il dedikdə Paşinyanın “narıncı inqilab”la hakimiyyətə keçdiyi dövrü nəzərdə tutur. Sirr deyil ki, Paşinyan hakimiyyətə gəldikdən sonra diasporla iş üzrə nazirliyi ləğv edərək adi bir qurumun yaradılması ilə bağlı fikir səsləndirmişdi və bu, erməni diasporunda ciddi rezonansa səbəb olmuşdu. Ordan-burdan topladıqları ianələri Ermənistana göndərərək tulapayı verən erməni diasporu əslində bu üç-beş qəpiyin əvəzində yüz milyonlarla vəsaiti kassalarına doldururdular. Qarabağ və ətraf rayonların işğalı isə erməni diasporunun iştahını daha da açmışdı. Azərbaycanın təbii sərvətləri talanır, müxtəlif faydalı qazıntıları xaricə daşınırdı. Bu işi isə diasporun erməni iş adamları sidq-ürəkdən həyata keçirirdilər. 2020-ci il müharibəsi regionda vəziyyəti dəyişdikdən sonra diasporun əlindən böyük bir piroqun çıxması 2018-ci ildən Paşinyanla sərinləyən münasibətləri daha da kəskinləşdirmişdi.

Abramyan açıqlamalarında Ermənistanın xarici siyasətini və diplomatiyasını da sərt tənqid etməkdən çəkinməyib. Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və bunu dəfələrlə dilə gətirməsi rusiyalı erməniləri pəjmürdə hala salıb. Hələ bu da azmış kimi, BMT TŞ-nin iclasındakı uğursuzluq bu pəjmürdəliyin duzu-istiotu olub. İclasda qətnamə qəbul edilməməsi və Azərbaycana qarşı sanksiyanın tətbiq edilməməsi rusiyalı iş adamını əməlli-başlı təşvişə salıb. Abramyan bu məsələdə təbii ki, Paşinyanı və xarici siyasət idarəsini günahlandırır. Amma bu məsələdə erməni diasporunun sakit durmasını, əvvəlki dövrlərdə olduğu kimi lobbi fəaliyyəti ilə aranı qarışdırmaması barədə bir kəlmə də kəsmədi. Çünki Abramyan da, diasporun digər erməniləri də Cənubi Qafqaz regionundakı geosiyasi reallığı dərk edirlər. Başa düşürlər ki, müharibədə Ermənistan məğlubiyyətə uğrayıb və bütün dünya ölkələri Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğu faktını bir daha təsdiqləyiblər. Belə olduğu halda, yenidən fəaliyyətə keçmək, olmayacaq duaya amin deməkdir.

Erməni ittifaqının sədri Rusiya-Ermənistan münasibətlərinin də əvvəlki səviyyədə olmadığından şikayətlənib. Abramyan qeyd edib ki, Ermənistan hakimiyyətinin siyasəti erməni dövlətçiliyinin maraqlarına xələl gətirməklə yanaşı Rusiya və digər ölkələrdəki icmaları da çətin vəziyyətə salıb. Nikol Paşinyanın Qərbə meylli olması, Rusiyadan uzaqlaşma istəyi elə hakimiyyətə gəldiyi ilk günlərdən özünü büruzə vermişdi. 2018-ci ildə Ermənistan televiziyasında fəaliyyət göstərən yeganə rusdilli verilişin bağlanması üçün fəaliyyətə keçməsi Paşinyanın yelkəninin hansı səmtdən əsən küləklə dolduğunu üzə çıxarmışdı. Qərbdəki ağalarının diktəsi ilə oturub-duran Paşinyan Rusiyanın Cənubi Qafqazdan çıxması üçün Qərbin siyasi mərkəzlərində hazırlanan planları bir-bir dövriyyəyə buraxmağa başlamışdı. Laçın yolunda qaldırılmış hay-küydən istifadə edərək əraziyə Fransa sülhməramlılarını cəlb etmək arzusu da puça çıxan Paşinyan sonuncu dəfə Qarabağdakı erməniləri rus sülhməramlıları ilə üz-üzə qoymuşdu. Baş verənləri kənardan izləyən Rusiyadakı erməni diasporu artıq dillənmək qərarına gəlib. Paşinyanın “Sülh olmasa, SSRİ ruhu Ermənistan səmasında olmaqda davam edəcək” açıqlaması yəqin ki, Abramyanın ağalarının qəzəbinə səbəb olub və əsl üzlərini göstərmək, Paşinyanı sərmayə ilə hədələmək qərarına gəliblər…

Kamil Məmmədov

Son xəbərlər

Orphus sistemi