Bakı. 9 mart. REPORT.AZ/ "Moody's" beynəlxalq reytinq agentliyinin Türkiyənin kredit reytinqini "Ba2" səviyyəsinə endirməsi inkişaf etməkdə olan ölkələrə, o cümlədən Türkiyə ilə sıx ticarət əlaqəsində olan region ölkələrinə təsir edəcək.
"Report"un analitik qrupu bildirir ki, Türkiyənin kredit reytinqinin azaldılması Azərbaycan manatına da təsirsiz ötüşməyəcək.
Xatırladaq ki, 2018-ci ildə qlobal iqtisadiyyat üçün böyük artım proqnozlaşdırılır. Beynəlxalq maliyyə təşkilatları dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 3%-dən çox artacağını, inkişaf etməkdə olan ölkələrdə isə 4,5-5% təşkil edəcəyini ehtimal edirlər. Belə bir nikbin iqtisadi şəraitdə Türkiyə kimi dinamik inkişaf edən ölkənin kredit reytinqinin azaldılması, bu ölkənin köklü maliyyə problemlərinin olması, ortamüddətli perspektivdə bu problemlərin kəskinləşəcəyi deməkdir.
2019-cu ildən etibarən Türkiyənin maliyyə durumu qlobal bazarlarda faizlərin artması və iqtisadi artımın yavaşlaması fonunda çətinləşə bilər. Xarici borcun idarə olunmasında gözlənilən çətinliklər Türkiyədə dolların məzənnəsinin kəskin artması ilə nəticələnəcək. Dolların bahalaşması və yaxud lirənin ucuzlaşması, həmçinin Türkiyənin tədiyyə balansında, xüsusilə xarici ticarət balansında yüksək həcmdə kəsirin azaldılması üçün lazım olacaq.
Türkiyədə dolların bahalaşması Azərbaycan manatına da təzyiqləri artıracaq, həmçinin Rusiya rublunun məzənnəsinə mənfi təsir edəcək. Rubl və lirənin ucuzlaşması isə manata ikiqat təzyiq göstərəcək.