Bakı. 20 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp hakimiyyətə gəldikdən sonra bu ölkənin dövlət borcu 2 trln. dollar artaraq 22 trln. dollara çatıb.
“Report”un analitik qrupu bildirir ki, paralel olaraq ABŞ-ın dövlət büdcəsinin kəsiri də artmaqdadır.
2018-ci ilin yekununda sözügedən göstəricinin 779 mlrd. dollar təşkil etdiyi bildirilir ki, bu da ötən il ABŞ-da istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyərinin 3,8%-i qədərdir. Bu, 1950-ci ildən bəri rekord hədd olmaqla 2017-ci illə müqayisədə 0,3 faiz bəndi çoxdur.
ABŞ-ın dövlət borcu daha çox bu ölkənin dövriyyəyə buraxdığı xəzinə istiqrazları hesabına artır. Müxtəlif ölkələrdən olan investorlar 2 və 10 il müddətli bu borc alətlərinə həvəslə pul qoyurlar və yatırımlarını getdikcə artırırlar.
Hazırda ABŞ-a ən çox “borc vermiş” ölkələrə Yaponiya liderlik edir. Bu ölkənin investorları 1 137 mlrd. dollarlıq istiqraz alıb. Növbəti yerlərdə Çin (1 116 mlrd. dollar), İrlandiya (271 mlrd. dollar), Kayman adaları (262 mlrd. dollar), Braziliya (255 mlrd. dollar), İsveçrə (235 mlrd. dollar), Lüksemburq (216 mlrd. dollar), Böyük Britaniya (207 mlrd. dollar), Tayvan (189 mlrd. dollar), Honqkonq (186 mlrd. dollar), Hindistan (123 mlrd. dollar), Belçika (117 mlrd. dollar), Sinqapur (99 mlrd. dollar), Səudiyyə Ərəbistanı (97 mlrd. dollar) və Almaniya (94 mlrd. dollar) qərarlaşıb.
Sirr deyil ki, qiymətli kağızlar bazarının iştirakçıları ABŞ iqtisadiyyatına böyük maraq göstərirlər. Səbəbləri çox sadədir. Bir tərəfdən ölkənin reytinqi kifayət qədər yüksəkdir. Məsələn, “Standard & Poor's” beynəlxalq reytinq agentliyi ABŞ-a “AA+” reytinqi verib. Bundan başqa, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini getikcə artırır. Bu da istər-istəməz dolların dünyadakı mövqeyini gücləndirir və investorları inkişaf etməkdə olan ölkələrin kapital bazarlarından ABŞ-ın kapital bazarına yönəlməyə vadar edir.
Böyük məbləğdə pul sahibləri ABŞ iqtisadiyyatına yatırım etməklə həm faizlər şəklində gəlir əldə edirlər, həm də aldıqları qiymətli kağızlar getdikcə bahalaşır. Odur ki, ABŞ-ın dövlət borcu artmaqda davam edəcək və bu ilin sonuna azı 23 trln. dollara çatacaq.