Dünya ictimaiyyəti ideoloji amilə görə parçalanmanın zülmünü bir dəfə yaşayıb. Həmin illər daha çox “soyuq müharibə” ilə yadda qalıb. İdeoloji cəhətdən ikiyə bölünmüş dünyada çoxsaylı silahlı münaqişələr və müharibələr baş verib. 1955-ci il noyabrın 1-dən 1975-ci il aprelin 30-dək (19 il, 5 ay, 4 həftə, 1 gün) davam etmiş Vyetnam müharibəsi, Afrikada, Latın Amerikası ölkələrində vətəndaş savaşlarını yada salmaq kifayət edir. Hələ də özünə yol tapa bilməyən Əfqanıstandakı mövcud vəziyyət də dünyanın ideoloji baxımdan ikiyə bölünməsinin törəməsidir. Həmin illərdə dünyanın bir hissəsi kommunizm ideyaları xülyasında yaşayır, digər qismi isə onu özünə rəqib hesab edərək planetin müxtəlif yerlərində ona qarşı mübarizə aparırdı. Onda dünyanın bir qütbü hesab edirdi ki, “kapitalizm ölməkdə və çürüməkdə olan sistemdir”, qarşı tərəf, yəni imperializm bu qarşıdurmada üstün idi. 1991-ci il dekabrın 30-da, yəni yarandığından 69 il sonra SSRİ, yaxud qarşı tərəfdəki siyasi-ideoloji sistem dağıldı. Almaniya birləşdi, Yer kürəsi sanki bütövləşdi. Dünya insanının istənilən ölkədə yaşamaq azadlığı sanki təmin olundu. Həmin illərdə çox sayda insan Avropa, ABŞ, İsrailə köç etdi. Ancaq dünyanın bu xoşbəxtliyi uzun sürmədi. Əməkdaşlıq, dinc mühacirət yerini münaqişələr nəticəsində yaranan hadisələrə verdi. Dünyada İslam adı altında fəaliyyət göstərən terror təşkilatlarına qarşı mübarizə başladı. Bu müharibə İraq və Suriyanı darmadağın etdi. Yunan və Misir mədəniyyətlərindən əvvəl olmuş şumerlərin torpağında münaqişə ocaqları yarandı. Bu sonra Afrikanın şimalında, Yəməndə inqilablarla davam etdi...
Bir sözlə, kommunizmdən sonra rəqabət üçün hədəf İslam seçildi. Mənşəyi məlum olmayan, İslam adı altında yaranan terror qruplaşmaları isə müsəlman dünyasına qarşı təbliğat aparmağa əsas, bəhanə verdi. Qərb dünyasının sakinləri İslamı özünə düşmən bilməyə başladı. 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda törədilən terror aktı isə bu düşüncəyə təkan verdi. Bu kimi hadisələr, o cümlədən İraqda, Suriyada, Əfqanıstanda bu blokun koalisiya qüvvələrinin canlı itkisi də antiislam ovqatının təşviqinə, təbliğinə şərait yaratdı. ABŞ-da, Avropa ölkələrində islamofobiya hərəkatı yarandı. Bu, özünü müqəddəs Qurani-Kərimin yandırılması ilə göstərməyə başladı. Qərbdə davam edən bu kimi hadisələrə qarşı müsəlman ölkələri davamlı olaraq etiraz etsələr də, təəssüf ki, qarşısı alınmır.
İyulun 31-i və avqustun 1-də İslam Əməkdaşlığı Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının videoformatda növbəti 18-ci konfransı keçirilib. Bu tədbirdə İslam dünyasını maraqlandıran və narahat edən məsələlərlə yanaşı, İsveç və Danimarkada Qurani-Kərimin yandırılması da müzakirə edilib. Toplantının yekununa dair yayılan yazılı açıqlamada adıçəkilən ölkələrdə baş verən hadisə sərt şəkildə qınanılıb. Təşkilat Avropa İttifaqı Komissiyasına məsələyə dair nümayəndə heyəti göndərmək haqqında qərar qəbul edib. Açıqlamada İsveç və Danimarka ilə əməkdaşlığın yenidən nəzərdən keçirilməsi və lazım olan mövqe tutmağa çağırış olunub. İƏT Baş Katibliyi yanında İslamofobiya Müşahidə Missiyasının imkanlarının genişləndiriləcəyi də sənəddə vurğulanıb. Bundan başqa, toplantıda BMT-dən islamofobiyaya qarşı mübarizə üzrə xüsusi məruzəçi təyin etməsi istənilib.
Din xadimləri bildirirlər ki, Qurani-Kərim “oxu” ilə başlayır. Onu oxumadan Müqəddəs Kitaba qarşı çıxmaq nadanlıq sayılır. İclasda Küveyt İsveçdə yerli dilə tərcümə edilmiş 100 min Qurani-Kərim kitabının maliyyə xərclərini ödəyərək paylayacağına dair layihəsini açıqlayıb. Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri, ölkəsinin Şuradakı təmsilçisi Xəlifə Şahin Əl-Marar deyib ki, İsveç və Danimarka bu təxribatçı hərəkətlərə cavab verməməklə BMT Təhlükəsizlik Şurasının 2023-cü il iyunun 14-də üzv dövlətlər tərəfindən qəbul olunmuş beynəlxalq tolerantlıq, sülh və təhlükəsizlik haqqında 2686 (2023) saylı qətnaməsini pozur. Danimarka və İsveç hökumətləri qərar və tövsiyələri diqqətə alacaqlarını bəyan ediblər. Danimarkanın XİN başçısı Lars Lökke Rasmussen tviter hesabındakı paylaşımında Qurani-Kərimin yandırılmasını pisləyib: “İfadə azadlığı çərçivəsində xüsusi vəziyyətlərə müdaxilə çərçivəsində məsələni araşdıracağıq”. İsveç xarici işlər naziri Tobias Billström isə “biz onları diqqətlə araşdırıb İƏT ölkələri ilə mühüm dialoqumuzu davam etdirəcəyik” vurğulayıb.
Avropa və ABŞ-da müsəlman vətəndaşların sayı da az deyil. Hadisə baş verən ölkələrin rəsmiləri bunu azadlıq sayırsa, o zaman bu addım müsəlman vətəndaşlarının hüquqlarının pozulması və heysiyyatına qarşı fəaliyyət olaraq qiymətləndirilə bilər. Odur ki, Müqəddəs Kitabı yandıranların davranışında cinayət tərkibli başqa hərəkətlər də aşkarlamaq mümkündür. Bu hadisəni dünyanın yenidən fərqli ideoloji qütbə bölməyə cəhd də saymaq olar. Ehtimal etmək olar ki, belə “yandırmalar” münaqişələr nəticəsində Avropa və ABŞ-a məcburi mühacirət edən müsəlmanların qarşısını almağa hesablanıb. Bu kimi olaylar dünyanın, o cümlədən Avropa və ABŞ-ın təhlükəsizliyini də təhdid edə bilər.
Bir də Qurani-Kərim kitabını yandırmaqla yalnız kin, nifrət yayırlar. Hitler, faşistlər sinaqoqları bombalamaq və bağlamaqla Holokostla iudaizmi məhv edə bilmədilər. Stalinin Din əleyhinə dövlət komissiyası, “Allahsızlar ittifaqı” və “Mübariz allahsızlar ittifaqı” adlı təşkilatları kilsə, sinaqoq və məscidləri vəhşicəsinə dağıtmaqla SSRİ-ni dinsizləşdirməyə nail ola olmadı. Heç ABŞ, İsveç, Danimarka, Hindistan, Mərkəzi Afrika Respublikası, Myanma və başqa ölkələrdəki Müqəddəs Kitabı yandırma, yaxud müsəlmanların sıxışdırılması da islamı məhv etmək gücünə qadir deyil. Heç bu yolla dünyanın qütbləşdirilməsi də mümkünsüzdür. Ona görə də dünyanın “soyuq müharibə”yə qayıtmaması üçün Stalin və Hitlerin törətdiyi insanlıq əleyhinə əməllərini hərdən yada salmaq zərurəti də yaranır.