“Qarabağ”ın məğlubiyyəti - onu alqışlamaq da olar - ŞƏRH

“Qarabağ”ın məğlubiyyəti - onu alqışlamaq da olar - ŞƏRH Dünyanın aparıcı KİV-ləri şəhəri işğal altında saxlanılan və stadionu olmayan komandanın Çempionları Liqasında çıxışından yazıb
Analitika
13 Sentyabr , 2017 16:01
“Qarabağ”ın məğlubiyyəti - onu alqışlamaq da olar - ŞƏRH
Marco Fieber / Flickr

Bakı. 13 sentyabr. REPORT.AZ/ Ermənistanın işğalı altında olan Azərbaycanın Ağdam rayonunun "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində debüt etdi. “C” qrupunda yer alan Azərbaycan təmsilçisi ilk turda İngiltərənin paytaxtı Londonda "Çelsi"nin qonağı olub. “Qarabağ”ın belə bir mötəbər turnirdə ilk oyunu uğursuzluqla nəticələnib. Azərbaycan çempionu 6:0 hesabı ilə məğlub olub.

Uduzmaq fəxr ediləsi hal deyil. Yeri gələndə heç-heçə də sərfəli hesab sayılmır. Ancaq idman, özəlliklə futbol kütləvi oyun hesab olunur və müasir dünyada yarış olmaqla yanaşı, bir sıra mətləblərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün münasib meydan sayılır. Biz də hamı kimi məğlubiyyəti nə təbliğ edir, nə də onu bəyənirik. Heç Azərbaycan idmanı, o cümlədən futbolundan yazmaq niyyətimiz də yoxdur. Biz bu qarşılaşmanın səmərəsindən danışmaq istəyirik.

Avropa mətbuatı, xüsusilə “C” qrupundakı ölkələrin - İspaniya, İtaliya, Britaniya KİV-i “Qarabağ” komandası ilə yanaşı,  Dağlıq Qarabağ münaqişəsinin tarixindən də bəhs edib.

Britaniyada çıxan “Daily Mail” qəzeti Ağdamı Qafqazın “Xirosiması” (1945-ci ilin avqustunda ABŞ-ın atom bombası atdığı Yaponiya şəhəri ) adlandırıb, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda mübarizədə şəhid olmuş, Milli Qəhrəman Allahverdi Bağırovdan da bəhs edib. Qəzet xatırladıb ki, A.Bağırov “Qarabağ” klubunun məşqçisi olub.

Report/ Firi Səlim

Ölkənin nüfuzlu digər qəzeti “Daily Mail” nəşri Xocalı faciəsini də yada salaraq A.Bağırovun erməni işğalçılarının əlindən qaçan azərbaycanlılara göstərdiyi yardımdan, onun minaya düşərək şəhid olmasından yazıb.

Britaniyanın “İndependent” qəzeti də də Ağdamı “Qafqazın Xirosiması” adlandıraraq Dağlıq Qarabağ münaqişəsinin tarixindən, oradakı əhaliinin sayı ilə bağlı obyektiv yazmağa çalışıb. Yazıda “Qarabağ” komandasının keçmiş mərkəz hücumçusu Müşfiq Hüseynovun xatirələrinə də yer verilib. O, Ağdamın işğalından, dinc əhalinin şəhəri tərk etməsindən, işğaldan sonra komandasının keçdiyi yoldan, klubun oyunlarından danışıb.

“Münaqişə nəticəsində 35 min nəfər ölüb. Müharibədən əvvəl “Qarabağ” ancaq yerli, ağdamlı futbolçular oynayan yeganə klub olub. Ağdam stadionu və “Qarabağ” klubu yerli əhali üçün məbəd olub. Ermənilərin atdığı bombalar şəhəri və klubuun stadionunu dağıdıb. 1992-ci ildə yeni təsis olunan Azərbaycan futbol liqasında “Qarabağ” Ağdamda Sabirabadın “İnşaatçı” komandası ilə oynayan zaman ermənilər stadionun ətrafını bombalayıblar. 1993-cü il iyulun 23-də Ağdam işğal olunub. On gün sonra “Qarabağ” Sumqayıtın “Xəzər” komandasını 1:0 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub”, - deyə qəzet klubun keçmiş oyunçularının xatirəsinə istinad edərək yazıb.

Brendan Hoffman/Getty Images

“Euronews” da Ağdamı “Xirosima” adlandıraraq Dağlıq Qarabağın de-yure Azərbaycanın ərazisi olduğunu bildirib. O da başqaları kimi obyektiv olmağa çalışıb. “Euronews” da ingilis qəzetlərinin təbiri ilə Dağlıq Qarabağda etnik qrup kimi ermənilərin çoxluq təşkil etdiyini vurğulayıb.

Bu sayt məqalədə ermənilərin mövqeyini də işıqlandırıb. Siroc adlı erməni separatçılarından biri deyib: “Ermənistandakı futbol fanatları üçün “Qarabağ” adlı komandanın oynaması əzabvericidir. Ermənistan isə “Artsax” adlı komanda yarada bilməz. Bu, UEFA qaydalarına ziddir”.

Yeri gəlmişkən, erməni bununla Ermənistanın nə Qarabağ adına, nə də ərazisinə iddiasının heç bir hüquqi, tarixi, mənəvi əsasının olmadığını bildirib.

“Euronews” Ağdam stadionunun dağıdıldığına da diqqəti çəkib. “Çelsi”nin milyonçu oyunçularının əsas qayğısı “Qarabağ”ın qapısına neçə qol vurmaqdırsa, qrupun qapazaltı sayılan klubu üçün isə bunun heç əhəmiyyəti yoxdur”, - “Euronews” bildirib.

Türkiyə, İtaliya, İspaniya, Fransa və Rusiya mətbuatı da həm Dağlıq Qarabağ münaqişəsindən, şəhəri dağıdılaraq işğal altında saxlanılan və stadionu olmayan komandanın Çempionlar Liqasında çıxış etməsindən bəhs edən yazılar yayıb, dərc ediblər.

Getty Images

Komanda oyunu böyük hesabla məğlubiyyətlə tərk etdi. Ancaq məlumatlardan da göründüyü kimi, “Qarabağ” klubu Azərbaycan həqiqətlərini dünyaya yaymaqda çox əhəmiyyətli bir işin öhdəsindən gələ bildi. Heç şübhəsiz, hesab “Qafqazın Xirosiması”nı təmsil edən klubun xeyrinə olsaydı, bu, Qarabağı sevənləri və “Qarabağ”sevərləri daha da ürəkləndirərdi.

Dünyanın aparıcı dövlətlərindən birinin, Britaniyanın paytaxtı Londonda yerləşən stadionda azarkeşlərin “Qarabağ!” deyə hayqırmasını da nəzərdən qaçırmaq olmaz. Bəlkə də onlara Londonda krallığın qanunlarının yol verdiyi çərçivədə Dağlıq Qarabağın işğaldan azad olunması tələbi ilə aksiya keçirməyə icazə verilməzdi. Ancaq “Qarabağ” klubu bu aksiyanı təşkil edə bildi.

Ötən gün keçirilən qarşılaşmalarda təkcə Ağdam klubu böyük hesabla uduzmayıb. Şotlandiyanın məşhur “Seltik” klubu da öz meydanında Fransanın PSJ komandasına 0:5 hesabı ilə məğlub olub. Elə adlı-sanlı “Benfika” klubunun Rusiya MOİK-inə 1:2 hesabı ilə uduzması da portuqaliyalılar üçün xoş hadisə sayılmır. “Barselona”nın “Yuventus”u 3:0 məğlub etməsi, Yunanıstan “Olimpiakos”unun öz meydanında Portuqaliyanın “Sportinq” klubununa 2:3 hesabı ilə uduzması məğlub duruma düşən komandaların tərəfdarları üçün arzuedilən deyil. Ancaq nə etmək olar bu oyundur, uduzan da olur, udan da. Başlıcası bunları ləyaqətlə qarşılamaqdır. “Qarabağ”ın uduzması üzücüdür, bununla belə, ərazisi işğal altında olan şəhərin komandasından, ərazisi işğal altında olan bir ölkənin klubundan daha böyük nailiyyət gözləmək olarmı?! Ona görə də “Qarabağ”ın bu formada-Londonda "Qarabağ", "Qarabağ" şüarları və baş məşqçi Qurban Qurbanovun oyundan sonra keçirilən mətbuat konfransında dediyi "Qarabağ bizim yaralı yerimizdir. Qarabağ torpaqlarının çox hissəsi erməni daşnaklarının əlindədi və haqsız yerə əlimizdən alıblar" sözləri fonunda məğlubiyyəti də alqışa layiqdir...

İdmanda qalib də, məğlub da olmaq olar. Onun əvəzçıxması mümkündür. Bunun üçün maneə də demək olar yox dərəcəsindədir. Əsas məsələ Dağlıq Qarabağın işğaldan azad edilməsidir. Bax, buradakı maneələr, əngəllər işğalı bitirməyə, işağlçını qovmağa imkan vermir...

Son xəbərlər

Orphus sistemi