Proqnoz: Neftin orta qiyməti 50-60 dollar/barel diapazonunda olacaq

Proqnoz: Neftin orta qiyməti 50-60 dollar/barel diapazonunda olacaq Lakin gələn il neftin 40 dollar/barelə kimi ucuzlaşması gözlənilir
Analitika
12 Dekabr , 2016 17:28
Proqnoz: Neftin orta qiyməti 50-60 dollar/barel diapazonunda olacaq

Bakı. 12 dekabr. REPORT.AZ/ "Brent" markalı neftin qiyməti qeyri-OPEC ölkələrinin dekabrın 10-da Vyanada keçirilən sammitində hasilatın azaldılmasına dair qərarın qəbulundan sonra 57 dollar/barel həddini keçib.

"Report" xəbər verir ki, bu, iyulun 15-dən etibarən "Brent"in ən yüksək satış qiymətdir. Qeyd edək ki, neftin qiyməti hasilatın azaldılması ilə bağlı müsbət gözləntilər fonunda son bir ay ərzində 32%-ə yaxın yüksəlib.

Neftin qiymətinin 50 dollar/barel səviyyəsini ötməsi ABŞ-da yeni neft quyularının işə düşməsinə səbəb olub. Belə ki, son bir həftə ərzində ABŞ-da aktiv neft quyularının sayı 21 ədəd və ya 4,5% artaraq 498 ədəd təşkil edib. 

"Report"un analitik qrupu hesab edir ki, neftin qiymətinin 50-60 dollar/barel səviyyəsində qalması yaxın zamanlarda ABŞ-da şist neft hasilatını daha da artıracaq. ABŞ-dan hasilat göstəriciləri ilə bağlı müsbət xəbərlərin artmağa başlaması ilə neftin qiymətinin 50 dollar/barel səviyyəsindən aşağı düşəcəyi ehtimal edilir. Lakin bir müddət neftin qiyməti 50 dollardan baha satılacaq. Buna səbəb ABŞ və Avrozonada inflyasiyanın yüksəldilməsi ilə bağlı tələbat göstərilir. 

Bundan başqa, neftin yüksək qiyməti energetika sektorunun inkişafına və yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. Qeyd edək ki, ABŞ-ın neft hasilatçıları yaxın 2 il ərzində gəlirlərini maliyyə opsionlarını sataraq neft qiymətlərinin cari səviyyəsindən sığortalayıb. Bu da onların neft qiymətlərinin düşəcəyini ehtimal etdiyini göstərir.

"Report"un analitik qrupu 2017-ci ilin II rübünün sonu etibarilə ABŞ-da gündəlik hasilatın artması və Çin iqtisadiyyatındakı yavaşlama fonunda neft qiymətlərinin yenidən 40 dollar/barel səviyyəsinə yaxınlaşacağını proqnozlaşdırır. Qısamüddət perspektivdə isə neft 50 dollar/barelə kimi geriləyə bilər.

Son xəbərlər

Orphus sistemi