“Fransa yeni reallıqları qəbul edir, çünki başa düşür ki, gündəliyini köhnə reallıqlar üzərindən qurarsa, regionda öz strateji maraqlarını təmin edə bilməyəcək. Fransa rəhbərliyi çox gözəl şəkildə başa düşür ki, Azərbaycanla münasibətlərin normal şəkildə qurulması bir çox istiqamətdə onlar üçün vacibdir”.
Bunu “Report”a siyasi şərhçi İlqar Vəlizadə söyləyib.
Onun sözlərinə görə, Fransa öz nüfuzunu sadəcə Cənubi Qafqazda deyil, həm də Xəzəryanı regionda qorumaq niyyətindədir, habelə Azərbaycanda iqtisadi maraqların qorunmasına da önəm verir:
“Ümumiyyətlə, Azərbaycan Avropa İttifaqının mühüm qaz təminatçısıdır. Misal üçün, “Total” şirkəti Azərbaycanda irimiqyaslı layihələrdə iştirak edir. Fransa bunu anlayır və Azərbaycanla normal dialoq qurmaq istəyir. Əgər Fransa tərəfi gözüyumulu şəkildə ermənilərə dəstək versəydi, bu dialoq mümkün olmayacaqdı və bundan ilk növbədə Fransa itirəcəkdi. Ermənistan isə savaşda yenilmiş dövlət olaraq Fransaya heç nə verə bilmir: nə iqtisadi divident, nə də siyasi nüfuzun möhkəmləndirilməsi. Beləliklə, Fransa bütün bu məqamları nəzərə alaraq regionda praqmatik siyasət yürütməyə çalışır”.
İ.Vəlizadə ötən gün Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdən sonra Aİ Şurası və Fransa prezidentlərinin ümumi bəyanatında “Qarabağ münaqişəsi”, “Minsk qrupu” kimi ifadələrə yer verilmədiyini vurğulayıb:
“Minsk qrupu, Qarabağ münaqişəsi və s. köhnəlmiş gündəliklər üzərindən diskussiyalar aparmaq qeyri-məhsuldar olardı, çünki bu yanaşmalar, terminlər üzərindən müzakirələr aparılsa, bunların heç bir əhəmiyyəti olmayacaq və nəticə etibarı ilə bunlar vaxt itkisidir. Qəbul edilən son bəyanatda da həmin terminlər yer almayıb. Tərəflər gələcəyə baxmağa çalışır. Burada Azərbaycanın da mövqeyi əsas rol oynayır. Azərbaycanın regional siyasətə təsiri burada da özünü göstərib ki, bu terminlər yer almayıb. Son illər ərzində Azərbaycanın Aİ-nin mühüm qaz təminatçısı olub, düşünürəm ki, bu amili də gözdən qaçırmaq olmaz”.