Yaxın Şərq "düyünü": Müharibə genişlənir, üçüncü dünya savaşı ehtimalı artır - TƏHLİL

Yaxın Şərq "düyünü": Müharibə genişlənir, üçüncü dünya savaşı ehtimalı artır - TƏHLİL Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. 2023-ci ildə İsrail və HƏMAS arasında başlanan toqquşma getdikcə regional münaqişəyə çevrilir. İsrailin Livan ərazisinə zərbələr endirməsi, həmçinin Təl- Əvivlə Tehran arasında gərginliyin artması onu deməyə əsa
Analitika
16 Oktyabr , 2024 12:44
Yaxın Şərq düyünü: Müharibə genişlənir, üçüncü dünya savaşı ehtimalı artır - TƏHLİL

Yaxın Şərqdə vəziyyət getdikcə gərginləşir. 2023-cü ildə İsrail və HƏMAS arasında başlanan müharibə getdikcə regional münaqişəyə çevrilir. İsrailin Livan ərazisinə zərbələr endirməsi, həmçinin Təl-Əvivlə Tehran arasında gərginliyin artması onu deməyə əsas verir ki, yaxın zamanda bölgədə “sular durulmayacaq”. Əksinə, müharibənin miqyasının tədricən genişlənməsi ehtimalı daha realdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 15-də “Fələstinin gələcəyi” adlı konfransda çıxışı zamanı deyib ki, Yaxın Şərqdəki müharibə Türkiyəyə yaxınlaşır. O bildirib ki, bununla bağlı bir risk var: “Biz bütün tədbirləri görürük”.

R.T.Ərdoğan, həmçinin söyləyib ki, müharibə yaxın zamanda dayanmayacağı təqdirdə daha da genişlənə bilər.

Rəsmi Ankara bundan əvvəl də müxtəlif səviyyələrdə müharibənin genişlənə biləcəyinin proqnozunu verib.

Öncə onu deyək ki, belə açıqlamalar təsadüfi səsləndirilmir. Xüsusilə də dövlət başçısı səviyyəsində. Şübhəsiz ki, Türkiyə liderinin sözügedən bəyanatının arxasında ciddi siyasi, təhlükəsizlik və kəşfiyyat xarakterli əsaslar var.

Ərdoğan kifayət qədər nüfuzlu siyasətçi kimi tanınır, onu bir siyasi fiqur kimi səciyyələndirən əsas xüsusiyyətlərdən biri həm də güclü natiqlik qabiliyyətidir. Bu mənada Türkiyə liderinin nəinki hər sözünə, hətta intonasiyasına diqqətlə yanaşmaq lazımdır.

Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Məsələni təhlil edərkən bildirməliyik ki, müharibənin ilk günündən etibarən rəsmi Ankara Təl-Əvivə qarşı duran və Fələstini dəstəkləyən aktorlardandır. Türkiyə Fələstinin mübarizəsini azadlıq hərəkatı kimi qiymətləndirir və ikidövlətli həll yolunu dəstəkləyir. Həmçinin Türkiyə Yaxın Şərqdəki gərginliyə görə ABŞ, Fransa kimi dövlətləri qınayır.

Əslində Yaxın Şərqdəki mövcud gərginlikdə Qərb dövlətlərinin əli olduğuna şübhə yoxdur. Rəsmi Vaşinqton, Paris və digər oyunçular Şərqi Avropada etdiklərini indi də Yaxın Şərqdə təkrarlamağa çalışırlar. Burada bir neçə məqsəd var: Birincisi, Qərb dövlətlərinin fərqli regionlardakı təsir imkanlarını artırmaq. İkincisi, Rusiya, İran kimi dövlətlərin “rıçaqlarını” zəiflətmək. Üçüncüsü, silah ticarətini gücləndirmək.

Yeri gəlmişkən, qeyd edək ki, Qərb bu gün Cənubi Qafqazda da eyni ssenarini təkrarlamağa çalışır: Ermənistan vasitəsilə yeni gərginlik yaratmağa cəhd edir, sülh sazişinə mane olur.

Bu ambisiyalar onu deməyə əsas verir ki, Qərb Yaxın Şərqdəki müharibənin genişlənməsində maraqlıdır, nəinki sabitlikdə. İran mümkün qədər çalışır ki, savaşın miqyası genişlənməsin. Çünki bu, İranın təhlükəsizliyi üçün ciddi təhdid yarada bilər. Türkiyənin milli maraqları da müharibənin dayandırılmasını tələb edir. Rəsmi Ankara bunun üçün bütün mümkün diplomatik imkanlardan istifadə edir.

Türkiyə liderinin bəyanatı, əlbəttə, hər şeydən əvvəl çəkindiricilik mahiyyəti daşıyır. R.T.Ərdoğan belə fikirlərlə həm İsrailə xəbərdarlıq etməyə, həm də beynəlxalq ictimaiyyəti belə demək mümkünsə, qış yuxusundan oyatmağa çalışır. Ölkə liderinin “Biz bütün tədbirləri görürük” fikri bu baxımdan xarakterikdir.

Sözsüz ki, Türkiyə müharibəyə qoşulmaqda maraqlı deyil. Amma lazım gələrsə, bunu etməkdən çəkinməyəcək.

İsrail üçün ən azı yaxın gələcəkdə növbəti hədəfin Türkiyə olacağı ağlabatan deyil. İsrail mümkün riskləri yəqin ki, nəzərə alacaq. Həmçinin belə bir ssenari perspektivdə onsuz da hazırda kövrək olan ABŞ-Türkiyə münasibətlərinin daha da pisləşməsinə və NATO daxilində ziddiyyətlərə səbəb ola bilər. Bu, dünyanın təhlükəsizlik arxitekturasının dəyişməsi və yeni geosiyasi mənzərənin yaranması deməkdir. Böyük ehtimalla ən azı noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər bu, olmayacaq.

Bununla belə, deməliyik ki, hər ötən gün daha genişmiqyaslı hərbi eskalasiya ehtimalını daha da artırır. Vaxt varkən bunun qarşısını almaq lazımdır. Əks halda ABŞ-da prezidentliyə namizəd, keçmiş dövlət başçısı Donald Trampın iddia etdiyi kimi, qarşıdakı aylarda üçüncü dünya müharibəsi başlaya da bilər...

Son xəbərlər

Orphus sistemi