Azərbaycanın 19 sentyabr tarixində Qarabağ regionunda başlatdığı və 23 saat 43 dəqiqə davam edərək möhtəşəm nəticələrə səbəb olan lokal antiterror tədbirləri Qafqaz bölgəsində böyük dəyişikliklərə və yeniliklərə səbəb oldu. Qarabağdakı separatçı rejimin tam təslim olması ilə yanaşı, qeyri-qanuni məskunlaşan erməni sakinlərin Ermənistana könüllü köçü bir sıra məqamlara aydınlıq gətirdi.
Ermənistanda bir müddətdir müxalifətin kəskin etirazları və Nikol Paşinyanın istefaya səslənmə yürüşləri bu köç fonunda səngidi. Müxalifət açıqlama verərək “time out” götürdüyünü bəyan etdi. Bu fasilədən sevinən Paşinyan rahat nəfəs almağa başlasa da, yaranan yeni problemlər ciddi başağrıya çevrilmək üzrədir.
Həkəri körpüsündə Qarabağ separatçılarından olan Ruben Vardanyanın həbsi də Paşinyan üçün göydəndüşmə sayıla bilər. Çünki bir müddətdir Vardanyanla Paşinyan arasında yaranan gərginlik birincinin Ermənistan meriyasına keçirilən seçkilərə külli miqdarda pul qoyması, açıqlamalarında baş nazir əleyhinə kəskin bəyanatlar səsləndirməsi ilə müşayiət olunurdu. Qarabağdakı “piroq”dan əlini üzən Ruben üzünü Ermənistana tərəf çevirmişdi və Mane Tandilyan vasitəsilə Ermənistan siyasətinə qoşulmaq niyyətində olduğunu gizlətmirdi. Amma Vardanyan hesablamalarını səhv aparmışdı və Azərbaycan tərəfindən həbs ediləcəyini ya güman etmirdi, ya da hadisələrin belə şəkildə cərəyan edəcəyini düşünmürdü. Bununla belə, bir müddət əvvəl Birinci Qarabağ müharibəsində hərbi cinayətlər törətmiş Vaqif Xaçaturyanın və Azərbaycan bayrağını təhqir edən erməni futbolçuların “Laçın” sərhəd buraxılış məntəqəsində həbsi Vardanyan üçün siqnal olmalı idi. Rubenin Azərbaycan tərəfindən həbsi və qolu qandallı formada Bakıya aparılması bu dəfə də digər separatçılar üçün siqnal olmalıdır. Əslində Vardanyanın həbsinin Paşinyanın ürəyindən olduğunu desək, yanılmarıq. Baş nazirin kifayət qədər pullu və siyasətə qoşulmağa həvəsli rəqiblərindən biri sıradan çıxdı. Separatçılar demişkən, qondarma rejimin üzvlərindən olan David Babayanın da Şuşaya gedərək Azərbaycana təslim olacağını bəyan etməsi də bir sıra mətləblərdən xəbər verir. Artıq özünü buraxdığını elan edən separatçı rejim üzvləri və hər iki müharibədə hərbi cinayətlər törətmiş ermənilərin Bakı həbsxanalarında yerləri hazırlanır. Bunu onların özləri də gözəl dərk edirlər. Elə bu səbəbdən də Babayan təslim olaraq əfvdən yararlanmaq və cəzasını yüngülləşdirmək niyyətindədir. Yaxın günlərdə digər separatçıların da qolu qandallı formada istintaqa cəlb ediləcəyi dəqiqdir.
Ermənistanın baş naziri Paşinyan isə hələlik bir neçə rəqibini neytrallaşdırdığını düşünür və hazırda bütün diqqətin Qarabağdan köç edən ermənilərə yönəlməsi üzərində işləyir. Bununla həm daxili problemlərdən yayınmaq, həm də müxalifəti qısamüddətli olsa da, fasiləyə şövq etmək istəyir. Amma Ermənistanın keçmiş prezidentlərinin açıqlamaları vəziyyətin başqa məcrada davam edəcəyindən xəbər verir. Keçmiş prezident Serj Sarkisyan açıqlama verərək Qarabağ məsələsinin onun üçün bitmədiyini bildirib. Bu, artıq Qarabağ məsələsinin tarixə qovuşduğunu üstüörtülü bəyan edən Paşinyana mesajdır. Görünür, Serj hazırlaşır və bunun üçün də Qarabağdan köçən ermənilərə ümid edir. Yəqin ki, yaxın zamanlarda Serjin başqa açıqlamalarının və meydan hərəkatlarının şahidi olacağıq. Şübhəsiz ki, Qarabağ klanının liderlərindən sayılan Serj Paşinyanı devirmək üçün Qarabağdan köçən ermənilərə, sabiq prezident Robert Koçaryan və Rusiyanın müxtəlif siyasi dairələrinə ümid edir. Onsuz da son günlər Ermənistan-Rusiya münasibətləri elə həddə çatıb ki, tərəflər bir-birini açıq-aşkar ittiham etməkdən çəkinməyərək diplomatik qaydaları pozmaqda davam edirlər. Serj və Robert üçün isə bundan gözəl fürsət ola bilməzdi.
Ermənistanın başqa bir keçmiş prezidenti və Nikol Paşinyanın müəllimi sayılan Levon Ter-Petrosyan bildirib ki, erməni millətinin başına gətirilən faciəyə görə Ermənistan hakimiyyətindən cavab tələb etmək hüququ qüvvədə qalır. Bu isə o deməkdir ki, müxalifətin fasiləsi uzun müddət davam etməyəcək və Nikol Paşinyanla haqq-hesabı çürütmək üçün yeni fazaya qədəm qoyulacaq. Bu da Nikol Paşinyan üçün əlavə başağrıya çevriləcək.
Əslində Qarabağdan könüllü köç edən ermənilər də Nikol Paşinyan üçün ciddi başağrı olacaq. Birincisi, yuxarıda qeyd etdiyimiz kimi, Qarabağ klanı bu insanlardan Nikol Paşinyana qarşı istifadə edəcək. İkincisi, Qarabağ erməniləri ilə İrəvan və Ermənistan erməniləri arasında ciddi qarşıdurma var və tərəflər bir-birini qəti sevmir. Artıq bir sıra erməni blogerləri Qarabağ ermənilərinə qarşı olduqlarını gizlətmirlər və paylaşdıqları videolarda onları açıq-aşkar təhqir edirlər.
Paşinyan isə vəziyyəti daha da gərginləşdirməmək üçün Qarabağdan gələn erməniləri əsasən sərhəd zonasına, daha dəqiq desək, Zəngəzur mahalına yerləşdirir. Bununla Paşinyan Qarabağ ermənilərinin paytaxtda təşkilatlanmasının qarşısını alır, boş qalan sərhədyanı əraziləri doldurur. Qeyd etmək yerinə düşər ki, Qərbi Azərbaycan icmasının qayıdış planında da bu ərazilərə köç nəzərdə tutulub və Paşinyan bu planın reallaşması zamanı boş ərazilərdə sırf azərbaycanlıların məskunlaşmasının qarşısını almaq niyyətini güdür.
Bundan əlavə məskunlaşan əhaliyə işlə təmin edilmə barədə vədlər verən Paşinyan zamanı gələndə vədlərini yerinə yetirmədiyi üçün ciddi narazılıqla üzləşə bilər. Onsuz da iqtisadiyyatı can verən və istehsal sahələri sıfır səviyyəsində olan Ermənistanın yeni iş yerlərini nəyin hesabına yaradacağı böyük sual altındadır. Hər halda, hökumətin verdiyi şirin vədlər Qarabağdan köçən erməniləri bir müddət sakitləşdirsə də, zaman yetişəndə Nikol Paşinyan üçün ciddi başağrıya çevriləcəyi şübhəsizdir. İşsizlikdən Ermənistan ermənilərinin Rusiya və digər ölkələrə ciddi miqrasiya etdiyi bir zamanda on minlərlə insana yeni iş yeri vədi vermək şirin yalandan başqa bir şey deyil və bu şirin yalan sonradan zəhərli başağrıya çevriləcək.
Bir neçə müddətdir Ermənistan hakimiyyətində və parlamentində müzakirə edilən Roma statutu da gələcəkdə Paşinyan üçün başağrıya çevrilə bilər. Bu müzakirələr Rusiya tərəfindən kəskin etirazla qarşılansa da, Ermənistan hökuməti açıqlama verərək, sənədin ratifikasiyasının Putinlə əlaqəsi olmadığını bildirir. Bununla belə, Rusiya tərəfi məsələyə çox ciddi yanaşır və Paşinyana müxtəlif kanallarla təzyiqlər göstərir. Hadisələrin hansı xətt üzrə inkişaf edəcəyini isə zaman göstərəcək.
Paşinyan üçün başqa bir başağrı isə İranla münasibətlərdə yarana bilər. Son günlərdə ABŞ-Ermənistan münasibətlərində yeni səhifənin açılması, iri ranqlı amerikalı siyasətçilərin və dövlət xadimlərinin İrəvana səfəri, telefon trafiki də münasibətlərin yeni müstəviyə qədəm qoymasından xəbər verir. Vaşinqton əslində regiondan Rusiyanı sıxışdırıb çıxarmaq üçün hərəkətə keçsə də, bu, Ermənistanda müttəfiqlik kimi anlaşılır. ABŞ-Ermənistan yaxınlaşması isə Tehranda qıcıqla qarşılanır. Əzəli düşməni olan ABŞ-ın sərhədində bu dərəcədə at oynatması İranın əsəblərini tarıma çəkir. Çox güman ki, hadisələr bu məcrada davam etsə, İran-Ermənistan münasibətlərində geriləmə qeydə alınacaq və rəsmi İrəvan Rusiya ilə yanaşı, İran kimi müttəfiqini və havadarını da itirmə təhlükəsi ilə üz-üzə qalacaq...
Kamil Məmmədov