Dekabrın 29-u Azərbaycanın müstəqillik uğrunda mübarizə tarixində şərəfli, qürurverici günlərdən biridir. Bu gün milli maraqların, dövlətçilik uğrunda mübarizənin qələbəsi qeyd edilir.
1991-ci il oktyabrın 18-də ovaxtkı Ali Sovetdə (indiki Mili Məclisdə) Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Dekabrın 29-da bu məsələ referenduma çıxarılıb. Səsvermədə iştirak etmiş vətəndaşların 95 faizi müstəqilliyə, suverenliyə və istiqlaliyyətə səs verib.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının Bəyannaməsi belədir: “Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan xalqının ali dövlət mənafelərini rəhbər tutaraq və onun iradəsini ifadə edərək, 1918-ci ildən 1920-ci ilədək Azərbaycan Respublikasının beynəlxalq birlik tərəfindən tanınmış müstəqil dövlət kimi mövcud olduğunu qeyd edərək, Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının suverenliyi haqqında və Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Konstitusiya qanunlarına əsaslanaraq, Azərbaycan xalqının müqəddəratı və azad inkişafının təmin olunması üçün öz məsuliyyətini dərk edərək, milli mənsubiyyətindən və dini etiqadından asılı olmadan Azərbaycan Respublikasının bütün vətəndaşlarının beynəlxalq aktlarda nəzərdə tutulmuş bütün insan hüquqlarına və əsas azadlıqlarına təminat verib.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üçün təhlükəni aradan qaldırmağa çalışaraq, Azərbaycan Respublikasının təhlükəsizliyini və dövlət sərhədlərinin toxunulmazlığını təmin etmək kimi müqəddəs borcu rəhbər tutaraq, respublikanın bütün vətənpərvər qüvvələrinin sıx birləşməsinin zəruriliyini dərk edərək, Azərbaycan Respublikasının və onun xalqının mənafeyinə zidd olmayan beynəlxalq paktları, konvensiyaları və başqa sənədləri qəbul edərək, SSR İttifaqına daxil olan bütün respublikalarla dostluq münasibətlərini bundan sonra da saxlamağı arzu edərək, beynəlxalq birliyin üzvü olan dövlətlərlə bərabər hüquqlu münasibətlər yaratmağa hazır olduğunu bildirərək, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində, digər beynəlxalq hüquq paktlarında və konvensiyalarında təsbit edilmiş prinsiplərə müvafiq surətdə beynəlxalq birliyin üzvü olan dövlətlər və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına ümid bəsləyərək Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu elan edir”.
Bu, müstəqillik uğrunda mübarizənin yekun sənədidır. 360 deputatdan 258-i lehinə səs verib, qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə çıxıb.
Akt altı bölmə və 32 maddədən ibarətdir. O dövr üçün ən aktual məsələ sənədin birinci maddəsində öz əksini tapıb: “1920-ci il aprelin 27-28-də RSFSR-in (Rusiya Sovet Federativ Sosialist Respublikası-red.) XI ordusunun Azərbaycana təcavüzü, respublika ərazisinin zəbt etməsi, beynəlxalq hüququn subyekti olan Azərbaycan Demokratik Respublikasını devirməsi Rusiyanın müstəqil Azərbaycanı işğal etməsi hesab edilsin”.
Sonrakı maddələrdə Azərbaycan Respublikası ilə SSRİ-dən qalma məsələlər də aydınlıq gətirilib: “Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir.
SSRİ-nin təşkili haqqında 1922-ci il 30 dekabr tarixli müqavilənin Azərbaycana aid hissəsi imzalandığı andan etibarsızdır. Keçmiş SSR İttifaqının tərkibinə daxil olmuş suveren dövlətlər ilə qarşılıqlı münasibətlərin ortaya çıxan bütün məsələləri müqavilələr və sazişlər arasında nizama salınmalıdır”.
Sənəddə Azərbaycanın gələcək inkişaf yolu, milli dövlətçiliyinə sahib çıxması, demokratik yolla inkişafı, bütün vətəndaşların hüquq və bərabərliyinin təmin edilməsi, azad bazar iqtisadiyyat və ona keçid, ordu quruculuğu, ərazi bütövlüyü və suverenliyin qorunması kimi məsələlər də öz əksini tapıb.
Konstitusiya aktında Azərbaycan Respublikasının hədəfləri də öz əksini tapıb.
106 illik milli dövlətçilik tarixində ölkə ərazi bütövlüyü və suverenliyin təmin etməklə böyük uğur əldə edib. Azərbaycan torpaqları işğalçılardan və onların havadarlardan təmizlənib.
1988-1991-ci illərdə indi Ermənistan ərazisindən məcburi didərgin düşmüş 300 min yaxın qərbi azərbaycanlının pozulmuş insan və vətəndaş hüquqlarının bərpası Azərbaycanın gündəliyindədir. Bu, Respublikanın əvvəlki dövr və illərlə müqayisədə gücünü, nüfuzunu göstərir.
Azərbaycan qərbi azərbaycanlıların pozulan hüquqlarının təmin olunmasını tələb etməklə Ermənistana ərazi iddiası irəli sürümür. Rəsmi İrəvan onların repatriasiyasını qəbul etməmək, hüquqlarını pozduğu vətəndaşlarının haqlarını verməmək üçün bu tələbi təhrif edir.
Sənəddə heç bir dövlətə ərazi iddiası, yaxud saxta ittihamlar yoxdur. Azərbaycan Respublikası özünü Xalq Cümhuriyyətinin varisi elan etməklə onun milli dövlətçilik irsinin davamçısı olduğunu bəyan edir. Məsələn, Rusiya keçmiş SSRİ-nin hüquqi varisidir. Bu, keçmiş müttəfiq respublikaların ərazisinə iddia etmək demək deyil.
Belə örnəklər dünya tarixində çoxdur. 1991-ci il avqustun 23-də qəbul edilmiş Ermənistanın Müstəqilliyi haqqında Bəyannamə də isə Ermənistan SSR Ali Sovetinin və “Dağlıq Qarabağ Milli Şurası”nın qərarı 1989-cu il dekabrın 1-dən “Ermənistan SSR və Dağlıq Qarabağın birləşdirilməsi haqqında” məsələ vurğulanıb ötən 36 ildə. Rəsmi İrəvan dəyişiklik etməməklə, yaxud onu müxtəlif bəhanələrlə uzatmaqla 36 il öncə irəli sürülən “hədəfdən” əl çəkmədiyini göstərir.
Elə ona görə də Azərbaycan Ermənistandan təcavüzkar, işğalçı mahiyyətli əsas qanununu dəyişməyi təklif edib. Əks halda bu məsələ sülhü, normallaşmanı tormozlayacaq. Habelə Ermənistan etibarsız olaraq qalacaq. Çünki hakimiyyətlər dəyişir. Dövlət qanunlarla idarə olunur. Konstitusiya isə onun əsas qanunudur.
Rəsmi İrəvan bu aktı və ya qanunu dəyişmədən sülh sazişi imzalamaqla konstitusiyasına da hörmətsizlik edir, yaxud onu görməzlikdən gəlir.
Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında yeni konstitusiyanın hazırlanması məsələsi də vurğulanıb. Bildirilib ki, Azərbaycan Respublikasının 1978-ci il Konstitusiyası bu Konstitusiya Aktının müddəalarına zidd gəlməyən yerlərində qüvvədə qalır: “Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpası elan edilənə qədər qüvvədə olmuş, Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə zidd olmayan, milli dövlət quruluşunun dəyişdirilməsinə yönəldilmiş aktların hamısı Azərbaycan Respublikasında hüquqi qüvvəsini saxlayır...”.
Sənədin sonunda isə bildirilib: “Bu Konstitusiya Aktı Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması üçün əsasdır”.
Ancaq təəssüf ki, ölkədə baş verən bir sıra hadisələr bu maddənin icrasına mane oldu. 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyası referendum yolu ilə qəbul olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci il ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilib.
Gələn il müstəqil Konstitusiyanın qəbul edilməsinin 30, ərazi bütövlüyünün, həm də suverenliyin təmin olunmasının beşinci ilidir. Sərəncamda vurğulanıb: “Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir”.
Prezidentin imzaladığı bu sərəncam Konstitusiya aktının roluna verilən ən yüksək qiymətdir.
33 il əvvəl qəbul edilmiş sənəddə nəzərdə tutulan bir çox müddəalar, məsələlər reallaşıb, inkişaf edib. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisliyinə ləyaqətlə əməl edir. Bir qərinə yaşı olan sənəd milli dövlət quruculuğunun tarixini özündə ehtiva etməklə onun yolunu, hədəfini müəyyənləşdirməkdə mayak olaraq qalır. O, müstəqil Azərbaycan Respublikasının yol xəritəsidir.