Münaqişələrdə istismar olunan ətraf mühit – cəzasız qalan işğalçılar - ŞƏRH

Analitika
  • 06 noyabr, 2025
  • 16:54
Münaqişələrdə istismar olunan ətraf mühit – cəzasız qalan işğalçılar - ŞƏRH

Noyabrın 6-sı Müharibə və silahlı münaqişələr zamanı ətraf mühitin istismarının qarşısının alınması Beynəlxalq Günüdür. Bu tədbir 2001-ci il noyabrın 6-dan etibarən BMT Baş Assambleyasının 56-cı sessiyasının qərarına əsasən qeyd edilir. Bununla bağlı qətnamədə vurğulanır ki, ekosistemin vəziyyətinin pisləşməsi münaqişələrin bitməsindən sonra da uzun müddət müşahidə olunur. Bu, bir neçə nəsli əhatə edir. Sənəddə dövlətlər və beynəlxalq təşkilatlar bu günü qeyd etməyə çağırılır. Habelə, BMT-nin Baş katibindən qətnamənin yerinə yetirilməsini təmin etmək istənilir.

Dünyada müharibəsiz gün olmayıb. Deməli, hər gün təbiətə - flora və faunaya, ətraf mühitə, ekologiyaya ziyan dəyib.

2005-ci ildə BMT-nin ovaxtkı Baş katibi Kofi Annan müharibə nəticəsində ətraf mühitə dəymiş ziyanın aradan qaldırılmasının Təşkilatın mühüm vəzifəsi olduğuna dair müraciət etmişdi.

Yuqoslaviyadakı müharibədən sonra BMT-nin Ətraf Mühit Proqramının işçi heyəti Serbiya və Monteneqroda kimyəvi maddələrlə çirklənmiş dörd obyekti təmizləmişdir.

2006-cı ildə K.Annan qeyd edib ki, müəyyən beynəlxalq sazişlərin mövcud olmasına baxmayaraq, ümumiyyətlə müharibənin ekoloji nəticələri müasir qanunlar tərəfindən nəzərə alınmır.

BMT-nin, ayrı-ayrı dövlətlərin, müxtəlif beynəlxalq təşkilatların çağırışlarına, ictimaiyyətin etirazlarına baxmayaraq, hərbi münaqişələrdən sonra ekosistemin vəziyyətinin pisləşməsinə beynəlxalq ictimaiyyət kifayət qədər diqqət ayırmayıb. Münaqişə və müharibələr zamanı ekosistemin pozulmasında əsas rol oynamış dövlətlər isə cəzalanmayıb, yaxud onlara qarşı BMT Təhlükəsizlik Şurası heç bir sanksiya tətbiq etməyib.

Ermənistan və havadarlarının işğalı zamanı Azərbaycan təbiəti və ekologiyasına da ciddi ziyan dəyib. Elə torpaqların işğalı Azərbaycan təbiətinə zərbənin vurulması ilə başlayıb. 1988-ci il noyabrında ermənilər Şuşanın məşhur palıd, çinar meşəsi sayılan Topxana meşəsini qırmağa başlayıb. Ona etiraz olaraq Azərbaycan xalqı Azadlıq meydanında ilk mitinq keçirdi. Onda aksiya iştirakçılarının əsas tələblərindən biri Topxana meşəsinin qırılmasının dayandırılması olmuşdu.

Azərbaycan ictimaiyyəti bununla keçmiş SSRİ rəhbərliyinin diqqətini ermənilərin özbaşınalığına cəlb etmək istəyirdi. Ancaq Moskva milyonlarla azərbaycanlının haqq səsinə məhəl qoymadı. Bundan sonra Ermənistan və havadarları torpaqların işğalını genişləndirdi. Bu zaman onlar heç bir hüquqi məsuliyyət daşımadıqlarına görə Azərbaycanın ekosistemini pozmağa davam ediblər.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 2016-cı ildə çap olunmuş hesabat xarakterli kitabında bildirilib ki, 6 əsas sahə - faydalı qazıntı yataqlarının talanı, biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər, o cümlədən əhaliyə dəymiş mənəvi-ekoloji zərərlər qiymətləndirilib. Sənəd 22 illik işğal dövrünü əhatə edib və ümumilikdə Azərbaycana dəyən ziyan 265 milyard 281 milyon 198 min 203 dollar civarında hesablanıb.

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistanın ekosistemə vurduğu ziyan, təbii sərvətlərin talan edilməsi, meşələrin "soyqırıma" məruz qalmasına dair çoxsaylı faktlar aşkar edilib.

Ermənistan işğal dövründə ekoloji tarazlığı pozmaqla da terror aktı törədib.

Ekoloji terrorizmin qarşısının alınmasında əsas məqsəd əhalinin ekoloji təhlükəsizliyin təmin olunması, ətraf mühitin qorunması və canlıların tələfatına yol verilməməsidir. Odur ki, istənilən ölkə, yaxud şəxslər tərəfindən bilərəkdən başqa ölkənin təbiətinə, flora və faunasına zərər yetirərək təbii sərvətlərini məhv etməklə vurulan ziyan ekoloji terror hesab olunur.

Ermənistan, ermənilər və havadarları 1988-ci ildən başlayaraq Azərbaycana qarşı başlatdıqları müharibə, torpaqların 30 ilə yaxın işğal altında saxlanması nəticəsində şəhər və kəndlər dağıdılıb, dinc əhali qətl edilib, bitki və heyvanat aləmi məhv olunub. Bundan başqa, müharibə Azərbaycan ərazisində olduğundan atmosfer, su mənbələri və torpaqlar bioloji, kimyəvi, fiziki çirklənməyə məruz qalıb.

Ermənistan silahlı qüvvələri işğal etdiyi ərazilərdə nadir meşə ağaclarını qırıblar. Qazax rayonu istiqamətində, Murov dağ silsiləsi boyu, Ağdərə istiqamətində Talış, Gülüstan, Baranbart meşə ərazisində 100 hektarlarla sahədə fıstıq, saqqız, göyüş, şam, palıd və s. çoxillik ağaclar kəsilərək Ermənistana daşınıb.

Ermənistan Azərbaycanda qadağan olunan ağ fosfor bombalarından istifadə etməklə flora və faunaya külli miqdarda ziyan vurub. Havadarlarının dəstəyi ilə işğalçıların tör-töküntüləri 44 günlük müharibədən sonra da Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarını həyata keçiriblər. Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqları qanunsuz istismar olunurdu. Bunun nəticəsində baş vermiş ekoloji və başqa fəsadlara dair ilkin monitorinqin aparılması sülhməramlıların fəaliyyətsizliyi səbəbindən reallaşmamışdı.

Onlara və Azərbaycan ərazisində törədilən eko-terrora etiraz olaraq uzunmüddətli aksiya keçirilib.

BMT, habelə beynəlxalq ictimaiyyət Azərbaycanın ekosisteminə vurduğu ziyana görə Ermənistanı indiyədək tənbeh etməyib.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya elan edilməmiş müharibəyə başlayıb. O bunu "xüsusi əməliyyat" adlandırır. Ancaq bütün göstəriciləri ilə bu, Ukraynaya qarşı savaşdır. Deməli, bilərəkdən Ukraynanın təbiəti məhv edilir.

Müharibənin ilk iki həftəsindən sonra Kiyev bölgəsinin havasında zərərli maddələrin konsentrasiyasının icazə verilən həddən 27 dəfə çox olması vəziyyətin acınacaqlı olduğuna nümunədir. Sursatların partlayışları, hərbi texnikanın yanacaq, döyüş sursatları ilə birlikdə dağılması, yanması hava, su və torpaqların əhəmiyyətli dərəcədə çirklənməsinə səbəb olur. Həmin zəhərli maddələr isə küləklər, çaylar və yeraltı sular vasitəsilə böyük əraziləri əhatə edir.

Müharibənin ilk dövründə RF-nin Ukraynaya vurduğu ekoloji zərər 52,4 milyard avro təşkil etmişdi. Ukraynanın Kaxovka SES bəndinin Rusiya tərəfindən partladılması nəticəsində 14 milyard dollarlıq ekoloji və iqtisadi ziyan dəydiyi bildirilir.

Bu müharibə zamanı minlərlə hektar torpaq minalanır, atmosferə toksik tullantılar buraxılır, su ehtiyatları çirklənir, meşələr yanır və bütöv ekosistem məhv edilir. Ukraynanın təbii ehtiyatlarının dağıdılması Rusiyanın bu müharibədə əsas hədəflərindən sayılır.

Rusiyanın Ukraynada apardığı müharibə zamanı istifadə edilən mərmilərin 95-97%-i qurğuşundan ibarətdir. Mütəxəssislərin qənaətincə, onların tərkibində qurğuşundan başqa nikel, sink, barium, manqan, mis, sürmə, bəzən də kasadlaşdırılmış uran vardır. Qurğuşun son dərəcə zəhərlidir və asanlıqla yayılır. O, insan orqanizminə təkcə qida, su və ya nəfəs yolu vasitəsilə deyil, hətta dəri və saçlardan da sovrularaq daxil olur.

Ukrayna ərazisində yerləşən AES-lər vasitəsi ilə Rusiya Ukraynanı davamlı olaraq təhdid edir.

Məlumatlara əsasən, müharibə başlayan gün Rusiya ordusunun ağır texnikasının hərəkəti səbəbindən Çernobıl bölgəsində qeydə alınan qamma-şüalanma səviyyəsi yolverilən radiasiya fonundan 28 dəfə çox olub. Alimlər bunu tankların və yük maşınlarının təcrid zonasında hərəkət edərkən havaya radioaktiv tozu qaldırması ilə izah ediblər.

Ukrayna Rusiyanı Çernobıl AES-in təcrid zonasında meşələri qəsdən yandırmaqda ittiham edir. Müxtəlif qiymətləndirmələrə görə, döyüşlər və yanğınlar nəticəsində meşə yanğınlarının sahəsi 15-dən 37 min hektara qədərdir.

Hərbi əməliyyatlar zonasında Ukraynanın 12 406,6 kv.km-dən çox qorunan ərazisi yerləşir. Ona görə də endemik (yerli) bitki və heyvan növlərinin populyasiyaları əhəmiyyətli itkilər verib. Köçəri quş növləri ənənəvi marşrutlardan və yuvalama yerlərindən məhrum olub.

Gürcüstan da münaqişə ölkəsi olduğu üçün ekosistemə dəyən ziyandan əziyyət çəkir. Çünki yataqların istismarı, turizm məkanlarının bərpası, fəaliyyəti üçün həm də maliyyə vəsaiti tələb olunur. Bu səbəbdən Gürcüstanın İmereti bölgəsinin Çiatur rayonunda "Şukruti" və "Koroxnali" kalium permanqanat (marqanz) yataqlarının istismarında problem yaranır.

Gürcüstanın işğal altında olan bölgələrində isə ekologiyanın vəziyyətinə dair müşahidə aparmaq mümkün olmadığından oradakı hadisələrin miqyası hələ qiymətləndirilməyib.

Yaxın Şərqdə müharibələr, Suriya və İraqın ərazilərinin terrorçu qruplar tərəfindən işğal edilməsi zamanı da ekosistem pozulub. Nəzərə almaq lazımdır ki, münaqişələr baş verən bölgələr əsasən həm də neft və təbi qazla zəngindir. Suriya və İraqın əraziləri İŞİD, başqa terror qruplaşmalarının nəzarətində olduğu zaman karbohidrogen daşıyıcıları yataqları da istismar olunub. Bu zaman heç bir ekoloji qaydalara əməl edilmədiyi də mütəxəssislər tərəfindən təsdiqlənib.

Hələ bir neçə il əvvəl Suriyanın şimal-şərqindəki neft yataqlarının qorunmamasına dair həyəcan təbili çalınmışdı. Mütəxəssislər bir neçə milyon insanın yaşadığı Fərat çayının şərqinə yaxınlaşan böyük ekoloji fəlakət haqqında xəbərdarlıq etmişdi.

Neftin hasilatı qaydalarına əməl edilməməsi səbəbindən neft çaylara və yeraltı sulara sızmış, yanacaq məhsulları havanı və torpağı çirkləndirmişdi. Vəziyyətin yazda, daşqınlar dövründə daha da acınacaqlı olduğu bildirilirdi. Çünki daşqınlar nəticəsində neft və mazut geniş ərazilərə yayılır, əraziləri əkinçilik və heyvandarlıq üçün yararsız hala gətirirdi.

Zədələnmiş anbardan neft yaxınlıqdakı çaylara axır, Fərat çayının su axınını zəhərləyirdi. Mütəxəssislərin qiymətləndirməsinə görə, bu, təkcə Suriya üçün deyil, həm də İraq üçün ləngimiş təsirli ekoloji bomba deməkdir.

Yaranmış vəziyyət Suriyada da taxıl əkini sahələrinin və məhsuldarlığın azalmasına səbəb olub. BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri qeyd etmişdi ki, bir neçə il davam edən Suriyanın şimal-şərqinin neft məhsulları ilə çirklənməsi təkcə ekoloji fəlakət deyil, həm də böyükmiqyaslı ərzaq böhranı ilə hədələyir.

Suriyanın neft sahələrini işğal edənlər ekoloji sahəyə diqqət etməmişdir. Onlar gündə 100-120 min barrel neft çıxararaq ayda 30-40 milyon dollar məbləğində qazanc əldə ediblər.

Oxşar hadisə İraqda da baş verib. İŞİD terror qruplaşması və regiona daxil olan üçüncü ölkələr də Suriya və İraqda ekosistemin qorunmasına diqqət etməyiblər.

Bu yerdə yada "Əsgər atası" filmindən bir epizod düşür. Sovet əsgəri tankı üzüm bağına sürür. Əsgər atası özünü tankın qabağına verib onu dayandırır, əsgərə də bir şapalaq vurur...

Azərbaycanda, Ukraynada, Gürcüstanda, Yaxın Şərqdə, o cümlədən İraq və Suriyada müharibə zamanı ekosistemin qorunması, müharibə zamanı ətraf mühitin istismarının qarşısının alınması tədbirləri görülməyib. Münaqişələr və müharibələr zamanı nəzarətsiz qalan ərazilərin sərvətləri talan edilir, ekoloji sistemi də pozulur. Çünki bu cinayətlərə görə heç kimə "əsgər atasının şapalağı vurulmur"...

Son xəbərlər

Bütün Xəbər Lenti