Martın 31-i Azərbaycan tarixində soyqırımı günü kimi yad edilir. 106 il öncə bu tarixdə baş vermiş hadisələr həm də simvoldur. Çünki ondan əvvəl və sonra da azərbaycanlılara qarşı bu cinayət törədilib.
Tarixdən həmin hadisələrlə bağlı qısa xatırlama edək. Bu terror aktları ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra başlayıb. Əvvəllər Azərbaycan yadelli işğalçılara qarşı müharibə aparıb. Ancaq bu etnosun Cənubi Qafqaza yerləşdirilməsi daxildə düşmənlərin bəslənməsinə səbəb oldu. Xarici qüvvələr Azərbaycana qarşı savaşını onların əli ilə davam etdirdi.
Azərbaycan ərazilərində oturuşandan sonra ermənilər “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün xarici havadarların yardım və dəstəyindən istifadə etməyə başlayıb. Rusiya və Fransanın yardımı, yaxınlıqları onlara regionda anti-Osmanlı və anti-Azərbaycan fəaliyyəti göstərməsinə təkan verib. İnsanlıqdan uzaq və saxta ideyalarını reallaşdırmaq məqsədilə onlar bu kimi xarici qüvvələrin tapşırıqlarını icra ediblər.
Azərbaycan torpaqlarına gətirilərək məskunlaşdırılan ermənilər ötən illərdə daim azərbaycanlıları soyqırımına məruz qoyublar. Məsələn, ermənilər 1905-1906 illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngəzurun isə 75 azərbaycanlı kəndini talan ediblər.
Birinci Dünya müharibəsi illərində onların cinayətləri bütöv Azərbaycanı əhatə edirdi. 1917-ci il oktyabrı inqilabından sonra ermənilər bolşeviklərlə birlikdə Bakıda sentro-kaspi diktaturası qurub. Bu rejim əks-inqilabi elementlərlə mübarizə adı altında 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasındakı azərbaycanlıların çıxarılması ilə bağlı cinayətkar planın reallaşdırılmasına başlayıb. 1918-ci ilin mart-aprel aylarında isə qanlı hadisələr zirvə nöqtəsinə çatıb. Milli mənsubiyyətə görə minlərlə dinc azərbaycanlı soyqırımına məruz qalıb. Ermənilər evləri, insanları diri-diri yandırıb. Milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, məscidlər və başqa tikililər dağıdılıb. Onlar opera teatrının binasını dəfələrlə yandırıb. Azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Muğan, habelə Güney Azərbaycanın Salmas, Xoy, Urmiya, Sulduz və başqa rayonlarında da bu cinayət törədilib. Həmin torpaqlarda kütləvi qaydada dinc əhali qətlə yetirilib, kəndlər yandırılıb, milli mədəniyyət abidələri məhv edilib.
1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılmış 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsə məhəl qoymadan qətliam həyata keçirilib. İrəvanda və onun ətrafında qısa zaman ərzində 88 kənd dağıdılıb, 1920 ev yandırılıb, 131 min 970 nəfər isə öldürülüb.
1917-1918-ci illəri əhatə edən bu hadisələr zamanı 200 minə yaxın Azərbaycan türkünün qətlə yetirildiyi bildirilib.
Ermənistan bu cinayətlərini Cümhuriyyət dövründə də davam etdirib. Bu ölkə sovetləşsə də, onların anti-Azərbaycan fəaliyyətinə ara verilməyib. Ermənistanın indiki ərazisində, Qərbi Azərbaycanda rəsmi Moskvanın dəstəyi ilə azərbaycanlılar bu ölkədən köçürülüb. Bu azmış kimi onlara qarşı qətliam törədilib.
1988-2020-ci illərdə Ermənistan öz cinayətkar üzünü bütün baxımdan tam gücü ilə göstərib. 1988-1989-cu illərdə Qərbi Azərbaycandan 300 min azərbaycanlının qovularaq Ermənistan vətəndaşlığından məhrum edilməsi, habelə çoxlu sayda dinc sakinlərin qətlə yetirilməsini qeyd etmək olar. Onlar “türklərsiz Ermənistan” planını reallaşdıraraq son yüz ilin ən böyük faciələrindən birinin müəllifidir. Qukarkda baş verən qanlı hadisələr nəticəsində 70 nəfər öldürülüb, onların 21-i qadın 6-sı uşaq olub. Vardenis rayonunda isə 40 nəfər öldürülüb. Ermənistanın digər rayonlarından – İrəvan, Masis, Kalinino, Kadjaran, Qafan, Kirovakan, Gorus, Sisian, Amasiya və Alaverdidən 300 min azərbaycanlı öz ev-eşiyindən qovulub.
Ermənistan xarici havadarlarının dəstəyindən ruhlanaraq Azərbaycanın ərazilərini də işğal ediblər. Onlar həmin dövrdə Xocalı, Ağdaban, Meşəli, Kərkicahan, Qaradağlı və Azərbaycanın başqa bölgələrində soyqırımı törədiblər. Ermənilər təkcə insanları deyil, Azərbaycanın tarixi-mədəni, dini abidələrini dağıdıblar. Onların bu cinayəti nəticəsində bir milyondan çox insan qaçqın vəziyyətə düşmüş, ərazilərin 20 faizi işğal olunmuşdu. Təkcə Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hələ də dəqiq olmayan məlumatlara görə, 613 nəfər sakın şəhid edilmişdi. Onlardan ancaq 335 nəfərinin meyitini dəfn etmək mümkün olub. 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərinin taleyi bu gün də məlum deyil.
Qarabağ və ətraf rayonlar işğaldan azad edildikdən sonra da erməni cinayətlərinin izləri aşkarlanır. Birinci Qarabağ müharibəsində 4 minə yaxın insan itkin düşüb. Onlardan 71-i yetkinlik yaşına çatmamış uşaq, 267-si qadın, 326-sı yaşlı insan olub. Məlumatlara əsasən, itkin düşmüş hərbçilərin çoxu döyüşdə deyil, ermənilərin əsir düşərgələrində işgəncələrlə qətlə yetiriliblər.
Son vaxtlar Qarabağda kütləvi məzarlıqlar aşkar edilir. Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə və digər yaşayış məntəqələrində aşkarlanıb. Təəssüf ki, belə kütləvi qəbiristanlıqlar yenə tapılacaq.
Bütün bunlar ermənilərin bir əsrdə azərbaycanlılara qarşı törətdiyi soyqırımına ara vermədən davam etdiyini göstərir.
30 il öncə - 1994-cü il martın 19-da və iyulun 3-də Bakı metrosunda partlayışlar törədilməsi nəticəsində ümumilikdə 27 nəfər həlak olub, 91 nəfər yaralanmışdı.
Hazırda Ermənistanın işğalı altında olan Naxçıvanın Sədərək rayonunun Kərki, Qazax rayonunun Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Qızılhacılı, Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndlərinin əhalisi də erməni cinayətlərinin şahididir.
Azərbaycanın Ümummili Lideri Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı sərəncama əsasən, martın 31-i azərbaycanlıların soyqırımı günü kimi yad edilir.
Bu, Ermənistanın, ermənilərin havadarları ilə birlikdə cənubi və şimali azərbaycanlılara qarşı törətdikləri qanlı cinayətlərin ümumiləşdirilmiş günüdür. Yada saldığımız faktlar XX əsrin əvvəlində və sonunda onların dəyişmədiklərini isbatlayır. Azərbaycan torpaqlarını işğaldan təmizləməklə ötən əsrdə qətliama məruz qalan azərbaycanlıların qısasını alıb. Bu cinayəti törədənlərdən sağ qalanlarının - Robert Koçaryan, Serj Sarqsyan, Seyran Ohanyan, Zori Balayan və daha neçə-neçə caninin cəzalanması tarixi ədaləti də bərpa edər. Odur ki, belə cinayətlərin bütün baxımdan bir daha təkrarlanmaması üçün 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü olaraq anılır.