“Kreml məruzəsi” - Putinin dostları ABŞ-ın “düşmənidir” - ŞƏRH

“Kreml məruzəsi” - Putinin dostları ABŞ-ın “düşmənidir” - ŞƏRH Hər halda adları siyahıda yer alan şəxslərin heç birinə sanksiyaların tətbiq olunmayacağı ehtimal edilir
Analitika
30 Yanvar , 2018 17:42

Bakı. 30 yanvar. REPORT.AZ/ Ağ evlə Kreml arasında ötən əsrin ortalarından başlayan ziddiyyət davam edir. İkinci Dünya müharibəsindən sonra bu vəziyyət “soyuq müharibə” kimi qiymətləndirilirdi. Adının necə qoyulmasından asılı olmayaraq, bu, dünyanın iki qütbünün bir-birinə qarşı mübarizəsidir. Onlar bir-birinin ərazilərini işğal etməsə də, silahlı qarşıdurmanı başqa ölkələrin və millətlərin torpaqlarında aparırlar.

Yanvarın 30-da ABŞ-ın Maliyyə Nazirliyinin Konqresə təqdim etdiyi “Kreml məruzəsi” adlı sənədin bəzi detalları məlum olub. Siyahıda Rusiyanın 114 yüksək vəzifəli məmurunun, dövlət şirkəti rəhbərlərinin və 96 oliqarxın adı var. Əgər sənəd Konqresdə qəbul edilərsə, onda həmin şəxslərə qarşı sanksiya tətbiq olunacaq. 

Siyahıya hökumət üzvlərindən baş nazir Dmitri Medvedev, onun müavinləri İqor Şuvalov, Sergey Prixodko, Aleksandr Xlopin, Vitali Mutko, Arkadi Dvorkoviç, Olqa Qolodets, Dmitri Kozak, Dmitri Roqozin, müdafiə naziri Sergey Şoyqu, iqtisadi inkişaf naziri Maksim Oreşkin, mədəniyyət naziri Vladimir Medinski, rabitə naziri Nikolay Nikiforov, kənd təsərrüfatı naziri Aleksandr Tkaçev, energetika naziri Aleksandr Novak, maliyyə naziri Anton Siluanov, xarici işlər naziri Sergey Lavrov, daxili işlər naziri Vladimir Kolokotsev, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Rusiya Prezidenti Adminstrasiyasının rəhbəri Anton Vaynon, Baş Kəşfiyyat İdarəsinin direktoru İqor Korobov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Vladislav Surkov, prezidentin ətraf mühitin qorunması, ekologiya və nəqliyyat üzrə xüsusi nümayəndəsi Sergey İvanov,Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov, Moskva şəhərinin meri Sergey Sobyanin, baş prokuror Yuri Çayka, Rusiya Dəmir Yolları Açıq Səhmdar Cəmiyyətinin sədri Oleq Belozerov, “Rostex”in başçısı Sergey Çemezov, "Rosatom”un direktoru Aleksey Lixaçev, həmçinin “Transneft”in başçısı Nikolay Tokarev, “Qazprombank”ın sədri Andrey Akimov, "Aeroflot”un direktoru Vitali Savelyev, "Başneft”in rəhbəri Andrey Şişkin, “Tatneft”in rəhbəri Nail Maqanov yer alıblar. Təbii ki, oliqarxların siyahısında Azərbaycan əsilli rusiyalı milyarderlərə də yer verilib. Bunlar sırasında Araz Ağalarov, Fərhad Əhmədov, Qod Nisanov, Zarax İliyev və Vahid Ələkbərovun adı var. Siyahıya həmçinin Ələkbərovun ortağı olan Leonid Fedun da düşüb. Siyahıya Tatarıstanın keçmiş prezidenti Mintamir Şaymiyevin oğulları Ayrat və Radik, Putinin dostları Arkadi və Boris Rottenberqlər, Gennadi Timçenkonun da adları daxil edilib. “Kreml məruzəsi”ndə Rusiyanın erməni əsilli üç oliqarxının da adı var - “Taşir” şirkətlər qrupunun prezidenti Samvel Karapetyan, “Rosqosstarx” şirkətlər qrupunun rəhbəri Danil Xaçaturov və “Maqnit” supermarketlər şəbəkəsinin sahibi, “Krasnodar” futbol klubunun prezidenti Sergey Qalitsk.

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin sənədə münasibət bildirərək deyib: “ABŞ-ın yeni sanksiyası Avropa biznesinin maraqlarına zərbə vuracaq. Okeanın o tayındakı həmkarların bizə qarşı yeni sanksiya tətbiq etməsi Rusiyanın daxili siyasətinə növbəti müdaxilə cəhdidir. Bununla belə, sanksiyalardan söhbət gedəndə onun ABŞ vətəndaşlarına təsirinə də diqqət etmək vacibdir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, "Kreml məruzəsi"ni diqqətlə təhlil edikdən sonra ona münasibət bildirmək olar. O qeyd edib ki, belə siyahının dərc edilməsi potensial olaraq adları çəkilən iş adamları və siyasətçilərin imicinə zərər verə bilər. D.Peskov siyahıya yanaşmanı "ümumiləşdirilmiş" adlandırıb və fikrini orada Rusiyanın bütün rəhbərliyinin yer alması ilə izah edib. Rusiya prezidenti Vladimir Putin isə bu sənədə atalar sözü ilə cavab verib: “İt hürər, karvan keçər”. Rusiyaya daxili məsələləri ilə məşğul olmaq lazımdır”.

Hər halda adları siyahıda yer alan şəxslərin heç birinə sanksiyaların tətbiq olunmayacağı ehtimal edilir. Bu, 2017-ci ilin iyulunda Konqresdə qəbul olunan, “Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət göstərmək haqqında” (CAATSA) qanununa Ağ evin əməl etməsi kimi dəyərləndirilir. Bu sənəd əsasında siyahıdakı şəxslərə məhdudiyyətin qoyulması gözlənilməsə də, bu, gələcəkdə müxtəlif yerlərdə onlara qarşı maneələrin yaradılmasına səbəb ola bilər. Başqa sözlə, adları siyahıda olanları ABŞ üçün “düşmən” də adlandırmaq olar. CAATSA-ya əsasən, Rusiya şirkətləri ilə böyük həcmdə əməkdaşlıq edən, habelə bu ölkədən iri məbləğdə maliyyə vəsaiti hesabına silah alan üçüncü ölkələrin uyğun qurumları və şirkətləri də ABŞ-ın sanksiyasına məruz qalacaq. Yeri gəlmişkən, yanvarın 29-da Rusiyanın 33 təşkilatına qarşı məhdudlaşdırıcı tədbirlər fəaliyyətə başlayıb. Həmin şirkətlərin çoxu Rusiya Hərbi Müdafiə Sənayesi Kompleksinə aiddir. Onların adları isə 2017-ci il oktyabrın 26-da açıqlanıb. “Kreml məruzəsi”ndəki siyahıdan da göründüyü kimi, Rusiya prezidenti Vladimir Putinin komandasının üzvləri və onunla normal münasibətdə olan iş adamları ABŞ üçün “düşmən”dirlər. Sənəd Rusiyada keçiriləcək prezident seçkisindən 57 gün əvvəl yayılıb. Bunu özünəməxsus sensasiya, yaxud Vaşinqtonun Moskvaya “seçkiqabağı hədiyyəsi” də adlandırmaq olar. Çünki 2017-cı ildə ABŞ-da keçirilmiş prezident seçkisinə Rusiyanın müdaxiləsi ilə bağlı araşdırma hələ də davam edir.

Son zamanlar Rusiya silah bazarında çox fəallaşmış kimi görünür. Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Hindistanla bu istiqamətdə bir sıra müqavilələr imzalanıb. Bu sənəd perspektivdə həmin ölkələrə sanksiya tətbiq edilməsi üçün hüquqi baza hazırlayır. Məsələn, Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket müdafiə kompleksi ilə bağlı müqavilə imzalanıb. Həmin qanuna əsasən, ABŞ Türkiyəyə qarşı sanksiya tətbiq edə bilər. Bu addımı atmasa da, həmin qanun Ankaraya təzyiqlər etmək üçün ona əsas verəcək. Bu sənədi beynəlxalq ictimai baxımdan da dəyərləndirmək olar. Ona görə də demək olar ki, ABŞ bundan sonra da Rusiyaya qarşı təzyiqləri artıracaq. Bu sənədə əsasən, Ağ ev Moskva ilə əməkdaşlıq edənləri də özünün “düşməni” sayır. Bir zamanlar ABŞ İrana qarşı sanksiyalar tətbiq edirdi. Həmin sanksiyalara əməl etməyib Tehranla əməkdaşlıq edənlər Vaşinqtonun təzyiqi ilə üzləşirdi. “Kreml məruzəsi”nin perspektivinə belə də baxmaq mümkündür.

Sənəddə adları çəkilən 3 erməni milyarder Ermənistanda və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif layihələr həyata keçirir. Rusiyada yaşayan “Taşir” şirkətinin sahibi Samvel Karapetyan “Məhsuldar Qarabağ” telemarafonuna 2,5 milyon dollar köçürüb. Bu şirkət Ermənistanın energetika sahəsinə 1 milyard dollar sərmayə qoymağı planlaşdırır. Onda belə çıxır ki, Ermənistan və işğal altında saxladığı Dağlıq Qarabağdakı erməni separatçıları “Taşir” kimi şirkətlərin yardımından məhrum ediləcək? Çətin. Çünki ABŞ-ın sanksiyaları bir qayda olaraq Ermənistana və Azərbaycanın işğal altındakı bölgələrindəki ermənilərə təsirsiz ötüşür. İrana sanksiyalar tətbiq edilən zaman bunun şahidi olduq. Deməli, Vaşinqton bu sənəddən doğacaq sanksiyanı ABŞ-a mane olan, yaxud olacaq Rusiyanın dostlarına qarşı tətbiq edəcək. Hələlik isə sənəd qəbul edilməyib. Bunun isə bir müddət çəkəcəyi istisna edilmir. Onun tətbiq ediləcəyi isə belə tezliklə çətin mümkün olsun. Bütün hallarda Vaşinqton ona qarşı çıxan dövlətlərə, xüsusən də Rusiyaya təzyiq etmək üçün daha bir imkan əldə edəcək. “Kreml məruzəsi”nə əsasən, demək olar ki, Vladimir Putinin dostları ABŞ-ın “düşməni”dir.

Son xəbərlər

Orphus sistemi