Bu ilin yayında Ermənistanının ictimai-siyasi həyatının qızmar keçəcəyini deməyə əsas verir. Son 2 gündə bir-birinin ardınca baş verən hadisələr postkoronavirus dövrünün Ermənistanın baş naziri Nikol Paşinyan üçün çətin keçəcəyini göstərir.
Aprelin 28-də Ermənistanın Qavar rayonunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, bir neçə nəfər yaralanıb. Öldürülən qardaşlardan biri hərbi polisin müstəntiqidir. Armen və Xaçik adlı qardaşlar əsl erməni qəddarlığı - boğazın kəsilməsi ilə öldürülüb. Xəstəxanaya hücum və oranın əmlakının dağıdılması bunların adi kriminogen hadisə olmadığı ehtimalını gücləndirir. Yerli qubernator Qnel Sanosyan isə bildirib ki, xəstəxanaya 500-ə yaxın insan soxulub.
Aprelin 29-da isə Yerevanda Ermənistan parlamentinin sədr müavini Alen Simonyan ilə “Adekvat” ictimai-siyasi təşkilatının üzvləri arasında dava olub. “Adekvat” üzvlərindən Konstantin Ter-Nakalyan təşkilatın rəhbəri Artur Danielyanın burnu əzilmiş haldakı şəklini sosial şəbəkədə yerləşdirərək ona A.Simonyanın hücum etdiyini yazıb.
39 yaşlı A.Simonyan “Azadlıq” radiosunun (RFERL) Ermənistan bürosuna bildirib ki, A.Danielyan dostları ilə bir yerdə küçədə ona hücum edib: “Danielyanın burnu zədələnib, mənim də başım əzilib”.
Koronavirus dövründə fövqəladə vəziyyət rejiminin tətbiq edilməsi Ermənistanda kütləvi etiraz aksiyalarının keçirilməsini də əngəlləyib. Əks halda bu hadisələrin hər biri ölkədə hakimiyyətə qarşı genişmiqyaslı nümayişlərin keçirilməsi üçün əsas ola bilərdi.
Bu baxımdan əvvəlcə baxaq görək bu “Adekvat” nə təşkilatdır, onu kim, yaxud kimlər maliyyələşdirir? Ermənistanda partiyaya çevrilən "Adekvat" sosial şəbəkə qrupu kimlərdən ibarətdir?
Hazırda baş nazir Nikol Paşinyan hökumətini ermənilər üçün təhlükə mənbəyi sayan bu qruplaşma üzvləri 2019-cu ilin mayında sosial şəbəkə kimi fəaliyyət göstərməyə başlayıblar. Onlar ilk dövrlərdən hökumət başçısının siyasətini tənqid edib, onu “Yalançı Nikol” adlandırıblar. Ötən ilin yayında Ermənistan polisi Yerevan küçələrində divarlara “#SutNikol” (“saxta Nikol”) şüarı və heşteqı yazan gəncləri saxlamışdı. Gənclər divara #SutNikol qrafiti çəkmişdilər. Təşəbbüs qrupunun 9 üzvü saxlanılmış, sərbəst buraxıldıqdan sonra gənclər Ermənistanın 7 bölgəsində təşəbbüs qruplarının olduğunu bildirmişdilər. Onlar bu aksiyanın başlanğıc olduğunu vurğulamışdılar.
Hazırda onlar ictimai təşkilat kimi fəaliyyət göstərsə də, Nikol Paşinyana müxalif olan yeni siyasi partiya da sayılır. Təşkilat üzvləri iddia edir ki, N.Paşinyan hökuməti ermənilərin milli dəyərlərinə ziyan vurur.
Bəzi beynəlxalq araşdırma qurumları bu qrupu "qərəzli məlumat və dezinformasiya yayaraq qeyri-səmimi fəaliyyətdə" ittiham edib.
“BBC Azərbaycanca”nın bildiridiyinə görə, “Facebook”dakı "Adekvat" qrupu ötən il “məxməri inqilab”dan sonra iyun ayında təşkil olunub və hazırda sosial şəbəkədə təxminən 28 min izləyiçisi var. Onların liderləri N.Paşinyanın daxili, xarici siyasətdə, iqtisadi, hərbi, sosial və hüquq sahələrində üzləşdiyi ciddi problemləri həll etmək iqtidarında olmadığını bildirirlər: “Bu problemlər getdikcə daha da şiddətlənir, çünki hazırkı siyasi sistem ümumən, eləcə də onun ayrı-ayrı element və strukturları sadalanan çağırışlara adekvat reaksiya vermək qabiliyyətini itirib”.
Bu kimi tələblər onun əsl mövqeyini göstərməsə də, hərəkatın qlobalizm və Qərb əleyhinə mövqeyi, LGBT fəalları və Sorosun maliyyəsi ilə fəaliyyət göstərən ictimai təşkilatları hədəf alması “Adekvat”ın nəyə adekvat olduğunu anlamağa əsas verir. Onlar Ermənistan gənclərinin ABŞ-da təhsil almasını ermənilərə qarşı “soyqırımın ikinci mərhələsi” sayır.
Qrup hesab edir ki, ermənilər assimilyasiya olur: “8 milyardlıq əhalisi olan bu planetdə biz azlıq təşkil etsək də, şəraitə uyğunlaşmamalıyıq. Uyğunlaşanlar assimilyasiya uğramır, yox olmağa məhkumdur. Azlığın başqa seçimi yoxdur, o, ya üstünlük təşkil etməli, hakim olmalıdır, ya da əsla yaşamamalıdır”. Onlar Ermənistanı “alınmaz qalaya” çevirmək üçün aşağıdakı hədəfləri irəli sürür:
- döyüş qabiliyyətli çoxsəviyyəli müdafiə infrastrukturu;
- müsbət demoqrafik dinamika;
- öz vətəndaşları üçün uyğun təhsil;
- Ortaq maraqlar olan xarici subyektlərlə münasibətlər.
Bu təşkilatın qurucuları Artur Danielyan və Narek Malyan adlı iki blogerdir. Artur Danielyan Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyasının üzvü olsa da, sonradan onunla “fəlsəfi fikir ayrılıqlarına görə” partiyanı tərk etdiyini bildirib.
Narek Malyan isə Ermənistan polisinin sabiq rəisi Vladimir Qasparyanın müşaviri olub. Vəzifədən uzaqlaşdırıldıqdan sonra Yerevanda “Vətəndaş Cəmiyyəti” ictimai təşkilat ofisi qarşısında “Soros fondundan bəhrələnənlərə qarşı” davamlı olaraq aksiyalar təşkil etməklə yanaşı, mövcud hakimiyyəti idarəedən belə fondların ləğvini istəyir.
Partiyanın təşəbbüsçüləri arasında sosial şəbəkələrdə N.Paşinyan hakimiyyəti əleyhinə yazıları ilə daha çox Konstantin Ter-Nakalyan, Azat Adamyan, Samvel Tadevosyan "məşhurdur". Onlardan başqa təşəbbüs qrupuna Ermənistan İctimai Radiosunun sabiq direktor müavini Lilit Tumanyan da qoşulub
Hələ ötən il ABŞ-ın beynəlxalq “Digital Forensic Research” (Rəqəmsal Ədliyyə Araşdırması) laboratoriyası isə onların N.Paşinyana qarşı irəli sürdükləri iddiaların əsassız, dezinformasiya xarakterli olduğunu bildirmişdi. “Atlantic Council”un ekspertləri də “Adekvat”in N.Paşinyanı nüfuzdan salmaq üçün yaydığı xəbərlərin heç bir mənbəyi olmadığını və əslində uydurulduğunu bəyan etmişdilər.
Ermənistanın “Qraparak” qəzeti hələ ötən il Artur Danielyanın atasına qarşı cinayət işinin başlandığı barədə məlumat yaymışdı. 10 il əvvəl A.Danielyanın atası dövlətdən borc götürüb, sonra saxta yolla müflisləşdiyini bildirib. Ölkəni tərk etməmək barədə ondan iltizam alıblar. Məlumata əsasən, Danielyan ailəsi xarici iş adamlarının pulu ilə “Adekvat”ı maliyyələşdirilməsində iştirak edir.
Deməli, “Adekvat” Qərbə, o cümlədən ABŞ-a və Soros Fonduna qarşı çıxmaqla “qibləsini” göstərir. Qərbin əleyhinə çıxış edənlərin “qibləsi” birmənalı olaraq şimaldadır. Bu baxımdan “adekvat” adı da təsadüfi seçilməyib. Başqa sözlə, bu Nikol Paşinyanın 2 il əvvəl etdiklərinə adekvat cavab ola bilər.
Alen Simonyan hakim “Mənim addımım” fraksiyasının təmsilçisidir. O, çıxışlarında milyader Qaqik Sarukyan fraksiyasına, Q.Sarukyana qarşı çıxışlar edir. Ermənistanın keçmiş, hazırda həbsdə olan prezidenti Robert Koçaryanın sərbəst buraxılması ilə bağlı katolikos Qaregin İkincini etdiyi çağırışa görə tənqid etmişdi. Alen Simonyan Ermənistan Konstitusiya Məhkəməsi ilə bağlı konstitusiyaya ediləcək dəyişikliyin qatı tərəfdarlarındandır.
Alen Simonyan küçə dava-dalaşı ilə “qibləsi” məlum qrupa qarşı açıq mübarizəyə başlayıb.
Bu həm də N.Paşiyan hökumətinin “Adekvata” uyğun cavabı da sayıla bilər.
Qavar rayonundakı hadisə hökumətə qarşı mövqelərin ortaya qoyulmasına şərait yaratdı. Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru Artur Vanesyan bildirib ki, Qavar hadisəsi N.Paşinyanın idarəetmə siyasətinin nəticəsidir. O, qanlı qarşıdırmanı Paşiyanın polisi səriştəsiz, qabiliyyətsiz idarə etməsinin məntiqi yekunu adlandırıb.
Bunu A.Vanesyanla N.Paşinyan arasında 2019-cu ilin sentyabrında davam edən münaqişənin davamı da saymaq olar. Qavar hadisəsindən əvvəl hökumət başçısının mətbuat katibi Mane Gevorkyan bildirmişdi ki, Artur Vanesyan Zəngəzur Mis-molibden kombinatında paya sahibdir. O, Serj Sarqsyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyanın bu kombinatdakı payını səlahiyyət həddini aşaraq əldə etdiyini də söyləyib. Mətbuat katibi bildirib ki, A.Vanesyanın atası Ermənistanda iri yükdaşıma şirkətini əldə edib.
A.Vanesyan isə ünvanına deyilənləri “Paşinyan yalanı” adlandırıb. Keçmiş direktor saxtakarlıqla bağlı ittihamlardan yayınmaq üçün Dağlıq Qarabağ münaqişəsini vurğulayıb. Bildirib ki, məsələni mərhələli və ya paket həlli ilə bağlı suallara hökumətdən cavab almaq istəyir.
N.Paşinyan A.Vanesyanı həm də ona perspektivdə mümkün ciddi rəqib olacağı üçün təqib edir. Qeyd edək ki, keçmiş direktor partiya yaradıb. Ermənistanda fövqəladə vəziyyət rejiminin tətbiqi siyasi təşkilatın təsis qurultayının keçirilməsinin təxirə salınmasına səbəb olub. Yerli KİV onun partiyasına 2 mindən çox insanın daxil olmaq istədiyini bildirib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini müvəqqəti olaraq icra edən Eduard Martirosyanın bir müddət əvvəl söylədiyi “hakimiyyəti satqınlardan təmizləyəcəyik” ifadəsi A.Vanesyanın da “təmizlənənlərdən” olduğunu deməyə əsas verir. A.Vanesyanı niyə? Onun “qibləsi” hara ola bilər?
Ömür yoluna nəzər salsaq, onun da üzü şimala yatdığını ehtimal etmək olar. 1979-cu ildə anadan olan Artur Vanesyan 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci il mayın 10-dan isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Məşğul olduğu sahə üzrə Rusiyada təhsil almasına baxmayaraq, özünü Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı.
Belə baxanda A.Vanesyanın anası Marqarita Azaryanın da şimalyönlü olduğunu ehtimal etmək mümkündür. Ailənin fəaliyyəti və mövqeyi bunu deməyə əsas verir.
Sonra hadisələrdə “Adekvat” və A.Vanesyanla yanaşı, Mikael Minasyanın da adı Ermənistan gündəliyində hallanır. Serj Sarqyanın kürəkəni “Facebook” səhifəsində Nikol Paşinyanı büdcəni dağıtmaqda, Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə razılıq verməkdə ittiham edib.
“Nikol Vovaeviç Paşinyan, hakimiyyətdə qalmaq qarşılığında Qarabağla bağlı danışıqlarda mərhələli plana gizlicə razılıq verməyinizə, azad edilmiş torpaqların Azərbaycana qaytarılmasına ilkin razı olmağınıza görə şəxsən cavab verəcəksiniz”, - M.Minasyan yazıb.
Aprelin 29-da Mane Gevorkyan S.Sarqsyanın kürəkəninin Ermənistanda qanunsuz olaraq əldə etdiyi daşınmaz əmlaklardan, o cümlədən M.Minasyanın A.Vanesyanla əlaqəsini təsdiqləmək üçün Mis-molibden kombinatının əl dəyişməsindən bəhs edib.
Beləliklə, Nikol Paşinyan ölkə əhalisinə boyun olduğu firavan həyatı yarada bilmir. Bunun başlıca səbəbi, dəfələrlə deyildiyi kimi, Rusiya amilidir. Ermənistan bütün sahələr üzrə bu ölkədən asılıdır. ABŞ hələ bu ölkədə Rusiyanı üstələyə bilmir. Amerikalılar hələ ki “Adekvat”a cavab verən kimi görünürlər. Levon Ter-Petroyanın prezidentliyi dövründə olduğu kimi, Qarabağın mərhələli qaytarılması yenə gündəlikdədir. Bu münaqişənin həllinə qarşı kim çıxır? M.Minasyan və A.Vanesyanın, dolayı yolla “Adekvat”ın timsalında yeni qüvvələr. Bu isə formalaşdırılan yeni siyasi qüvvənin Dağlıq Qarabağ məsələsindən xal topladığını deməyə əsas verir. Başqa sözlərlə, L.Ter-Petrosyanın hakimiyyətdən getməsinə səbəb olan amillər N.Paşinyan üçün də keçərli ola bilər. Hələlik isə A.Vanesyan, M.Minasyan və “Adekvat” bunun üçün özül hazırlayır. Onların üçünün də qibləsi və təmsil etdiyi qüvvə məlumdur. Belə çıxır koronavirusdan sonra görünən bu qüvvələr və görünməyənlər Qarabağ məsələsini də əldə şüar edərək N.Paşinyana qarşı yeni müxalifət formalaşdıracaq. Onlar R.Koçaryan və ya ona oxşarlardan kənar olduqlarını göstərəcəklər. İndiyədək Qarabağ klanı hakimiyyətdə, Ermənistandakı ermənilər isə müxalifətdə idi. İndi isə ölkə üzrə taktika dəyişib. Həm hakimiyyətdəkilər, həm də müxalifətdəkilər Ermənistandan olanlardır.
Bu baxımdan yeni siyasi şəraitə hazırlıq gedir. Belə ehtimal etmək olar ki, N.Paşinyan R.Koçaryanı həbsdən buraxmasa, onu bu qüvvələr azad edəcək. R.Koçaryan isə şimaldakı qiblənin maraqlarının simvoludur...
Yeri gəlmişkən, Yerevanda çıxan “İrates” qəzeti bildirib ki, Rusiya Ermənistanın bəzi prokuror və məhkəmə hakimlərinə qarşı sanksiya tətbiq edəcək. Onlar əsasən, R.Koçaryanın ittiham olunduğu 2008-ci il martın 1-də baş vermiş hadisəni araşdıranlardır. Sanksiya həmin prokuror və məhkəmə hakimlərinin pul köçürmələri, qohumları və dostları ilə əlaqəyə tətbiq edilməyəcək, həm də Rusiya tərəfindən nəzarətə də götürüləcəklər.