İmzalanmayan razılaşmalar – dəyişməyən İrəvan, baş sığallayan beynəlxalq ictimaiyyət - ŞƏRH

İmzalanmayan razılaşmalar – dəyişməyən İrəvan, baş sığallayan beynəlxalq ictimaiyyət - ŞƏRH Rusiya-Ukrayna müharibəsinin kəskinləşdiyi bir vaxtda ötən gün Moskvada iki toplantı keçirildi. Əvvəlcə, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclası, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və E
Analitika
26 May , 2023 15:52
İmzalanmayan razılaşmalar – dəyişməyən İrəvan, baş sığallayan beynəlxalq ictimaiyyət - ŞƏRH

Rusiya-Ukrayna müharibəsinin kəskinləşdiyi bir vaxtda ötən gün Moskvada iki toplantı keçirildi. Əvvəlcə, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibli iclası, daha sonra isə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli görüş oldu.

Birinci toplantıda Prezident İlham Əliyev qonaq qismində iştirak və çıxış edib. Dövlət başçısının bu iclasa dəvət olunması Azərbaycanın post-sovet məkanında və beynəlxalq məsələlərdə tutduğu mövqeyin əhəmiyyətinin göstəricisi sayıla bilər. Ermənistan istisna olmaqla Azərbaycan Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə ikitərəfli formatda sıx əlaqələrə malikdir və həmin dövlətlərlə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Rəsmi Bakının təşəbbüskarlarından olduğu Zəngəzur dəhlizi isə region ölkələrinin tranzit potensialının yüksəlməsinə, nəqliyyat sahəsində yeni imkanlar yaradacaq.

Bu kimi məsələlər baxımından Azərbaycan regional və qlobal sahədə əməkdaşlıq etmək üçün etibarlı tərəfdaş sayılır. İttifaqa daxil olan ölkələr isə həmin üstünlüklərə malik deyil. Onlardan biri də Ermənistandır. Bu iclasda da Prezident İlham Əliyevin çıxışından sonra özünü göstərmək istəyən Nikol Paşinyanın “replikası” yersiz və gülünc idi. Hökumət başçısı Laçın yolunu Azərbaycanın “blokladığını” iddia edib. Prezident cavabında deyib ki, Laçın-Xankəndi yolu açıqdır: “Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub”.

Azərbaycanın Ermənistana ərazi iddiası ilə bağlı Nikol Paşinyanın növbəti əsassız “replikasına” da Prezident İlham Əliyev tutarlı cavab verib: “Kürsüdən əsası olmayan ittihamlar üçün istifadə etmək lazım deyil. Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, “Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb”.

Dövlət başçısı bildirib ki, bu təşəbbüslə çıxış etməyə Azərbaycanın hüququ var: “Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir”.

Nikol Paşinyanın “dəhliz” məsələsi ilə bağlı Azərbaycana əsassız iddialar irəli sürməsini də Prezident cavabsız qoymayıb: “Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün yaxşı səy göstərmək və ya güclü fantaziyaya malik olmaq lazımdır”.

Prezident Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olmadığını diqqətə çatdırıb. Dövlət başçısı “dəhliz” terminin mənasını da N.Paşinyana başa salıb. İlham Əliyev Ermənistanın Baş nazirinə rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıdığını da xatırladıb.

Heç şübhəsiz Avrasiya İttifaqı üçün də əhəmiyyətli sayılan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşünün nəticələri də maraqla gözlənilirdi. Ancaq Paşinyan Moskvada İrəvanda keçirdiyi toplantılardakı kimi davranmadı. Çünki onun son günlərdəki çıxışına əsasən, bəziləri Nikolun Moskvada Azərbaycanla hansısa sənədi imzalayacağını da düşünürdülər. Ancaq bu baş vermədi. Üçtərəfli görüşün sonunda V.Putin Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin bir həftə sonra Moskvada görüşəcəklərini elan etdi.

Üçtərəfli görüşdən bir gün əvvəl, mayın 24-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan rəsmi Vaşinqtonun Azərbaycan və Ermənistan rəhbərliyinə sülh sazişi üzərində iş çərçivəsində bəzi ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflərini təqdim etdiyini bildirmişdi.

ABŞ Bakı və İrəvan arasında istənilən yerdə normallaşma prosesi istiqamətində razılığın əldə edilməsini dəstəklədiyini də bildirmişdi. Birləşmiş Ştatlar bu məsələdə özünü məsələnin həllinə çalışan tərəf olaraq göstərib.

Moskva görüşündə də deyilən və deyilməyən irəliləyişlərə dair heç bir sənəd imzalanmadı.

Nikol Paşinyanın Moskvadakı məlum iki toplantıda mövqeyi rəsmi İrəvanın ənənəsinə sadiq qalaraq sülh və razılaşmaya dair sənəd imzalanmasında maraqlı olmadığını göstərdi. Bunu rəsmi İrəvanla Moskva arasında artan gərginliyin təzahürü kimi də dəyərləndirmək olar.

Beləliklə, Moskva görüşü daha çox Paşinyanın “dəhliz” dərsi alması ilə yadda qaldı. Çünki üçtərəfli görüşün iştirakçıları nə bəyanat, nə də kommunikasiya xətlərinin açılması ilə bağlı sənəd imzalayıb. Belə görüşlər yaxın tarixdə də olub. Vaxtilə ATƏT-in keçmiş Minsk qrupu həmsədrlərinin, xarici işlər nazirlərinin görüşlərinin nəticəsi olaraq ictimaiyyət üçün məlum olmayan və hələ də “sirli qalan” “irəliləyişlərdən”, “substantiv” danışıqlardan bəhs edilərdi. 30 illik bu üzücü prosesə 44 günlük müharibə ilə son qoydu. Bu həm də ermənilərin və havadarlarının əsassız iddiasını tarixin arxivinə atdı. Rəsmi İrəvan yenə də ənənəvi qeyri-müəyyən, mütəhərrik mövqe sərgiləyir. Vasitəçi rolunda oynayanlar isə rəsmi İrəvanın hələ də başını sığallayır, özlərini isə guya onu yol gətirməyə cəhd göstərirmiş kimi aparırlar.

Son xəbərlər

Orphus sistemi