Rusiyanın sponsorluq etdiyi təşkilatlarla münasibətini qətiləşdirmədən Ermənistan Avropa İttifaqının (Aİ) qapısını döymək istəyir.
Dekabrın 10-da “Ermənistan Respublikasının Avropa İttifaqında üzvlük prosesinin başlanması haqqında” qanun layihəsinin dəstəklənməsi üçün toplanan 52 min 351 imza Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib. MSK imzaları təsdiqləyib.
Ermənistanın "Referendum haqqında" konstitusiya qanununa əsasən, təşəbbüs qrupunun qanun layihəsini parlamentə təqdim etməsi üçün ən azı 50 min etibarlı imza tələb olunur.
Bir müddət əvvəl 51 vətəndaş bəhs etdiyimiz qanun layihəsini dəstəkləmək üçün təşəbbüs qrupu yaratmış MSK-ya müraciət edib. Bu il sentyabrın 11-də Komissiya bu vətəndaş təşəbbüsünü təsdiqləyib.
Ermənistanın baş naziri Nikol Paşinyan bundan əvvəl bildirmişdi ki, qanunvericilik təşəbbüsü parlamentə çıxarılsa, rəhbərlik etdiyi siyasi çoxluğun referendumun keçirilməsinin əleyhinə səs verməsi məntiqsiz olardı.
Onun sözlərinə görə, Avropa İttifaqı bu prosesi mümkün sayır.
Ermənistan müxalifəti isə dəfələrlə bəyan edib ki, bu təşəbbüs yalnız daxili siyasi məqsədlər güdür və referendumun keçirilməsi heç bir halda Ermənistanı Aİ-yə yaxınlaşdırmayacaq.
Bu siyasi kampaniya Ermənistan konstitusiyasında da dəyişiklik edilməsinə şərait yaradır. Çünki referendumun nəticəsi müsbət olarsa, o halda bu məsələ ölkənin əsas qanununda təsbit olunmalıdır.
Bu siyasi kampaniya Ermənistan konstitusiyasında da dəyişiklik edilməsinə şərait yaradır. Çünki referendumun nəticəsi müsbət olarsa, o halda bu məsələ ölkənin əsas qanununda təsbit olunmalıdır.
Bu ilin avqustunda ölkənin ovaxtkı ədliyyə naziri Qriqor Minasyan 2027-ci ildə konstitusiyaya dair referendum keçirilməsini planlaşdırdıqlarını bildirmişdi: “Bizə konstitusiyaya dəyişiklik etmək deyil, yeni konstitusiya lazımdır. Biz bu məsələni müzakirə etdik və konsensusa gəldik”.
Ondan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan etmişdi.
Referendumda Aİ-yə üzvlük prosesinin başlamasının lehinə səs verilməsi İrəvanla Moskva arasında gərginliyi artıra bilər. Ermənistanın Müstəqil Dövlətlər Birliyi və Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərə aydınlıq gətirməsi zərurəti yaranacaq.
Yarana biləcək gərginliyi aradan qaldırmaq üçün Rusiyanın şərtlərinin təmin olunmasının da nəzərə alınması vacib hesab olunur. Çünki Ukrayna və Gürcüstan Avropa İttifaqına, NATO-ya inteqrasiya istəyi bu ölkələr üçün mövcud vəziyyəti yaradıb.
Oxşar hadisələrlə üzləşməməsi üçün Ermənistan Moskvanın xeyir-duasını almalı olacaq.
Qeyd edək ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə əlaqələri hələ də üzməyə nail olmayıb. O, bu istiqamətdə siyasi-diplomatik manevrlərə üstünlük verməklə vaxt udmağa yeni şəraitin yaranacağını gözləmək istəyir.
Aİ-yə üzvlük prosesinin başlaması prosesinə dair referendum Ermənistanda konstitusiya islahatını da gündəliyə gətirə, onu tezləşdirə bilər.
Ölkə müstəqil olandan sonra konstitusiya üzrə ilk referendum 1995-ci il iyulun 5-də keçirilib. Onda müxalifət səsvermənin nəticələrinin saxtalaşdırıldığını bildirmişdi. O zaman Levon Ter-Petrosyan Ermənistanın prezidenti idi, sonralar dövlət başçısı olmuş Robert Koçaryan və Serj Sarqsyan isə müxalifət sayılırdı.
Bu əsas qanun 10 il fəaliyyət göstərib. 2005-ci il noyabrın 27-də ona dəyişikliklərlə bağlı referendum keçirilib. Onda Robert Koçaryan prezident idi. Müxalifət bu siyasi kampaniyada da kəskin qanun pozuntularının olduğunu bildirmişdi. Onlar bunu “referendum-kabus” adlandırmışdı.
Ermənistanda sonuncu konstitusiya referendumu 2015-ci il dekabrın 6-da reallaşıb. Konstitusiyaya təklif olunan düzəlişlərə əsasən, ölkədə idarəetmə yarı-prezident sistemdən parlamentli respublikaya (parlament idarəetmə formasına) keçib.
Baş nazir Nikol Paşinyan dörd il əvvəl - 2020-ci il aprelin 5-də konstitusiyada dəyişikliyə dair referendum keçirməyi planlaşdırmışdı. Ancaq bu kampaniya onda baş tutmadı.
N.Paşinyan referendumda məğlub olacağından ehtiyatlanaraq pandemiya ilə bağlı yaranmış vəziyyəti əsas götürüb, məsələni parlamentdə həll etməyə üstünlük vermişdi.
Bir müddət əvvəl hökumət bildirib ki, Konstitusiya Məhkəməsi ilə bağlı yaranmış vəziyyətə dair qərar pandemiya başa çatanadək, referendum yolu ilə deyil, parlamentdə qəbul ediləcək.
Təşəbbüs qrupunun imzaları parlamentdə təsdiqləndikdən sonra məsələ referenduma çıxarılacaq. Ermənistan prezidenti referendumun keçirilməsi haqqında fərmanının rəsmi dərcindən 45 gündən tez, 60 gündən gec olmayaraq keçirilməlidir.
Bu baxımdan, 2025-ci ilin fevralında Aİ ilə bağlı referendum keçirilə bilər. Ancaq baş nazir beş il əvvəlki kimi bu dəfə də bir bəhanə ilə referendumdan yayınaraq məsələni parlamentdə həll edə bilər.
Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmadan, xüsusilə iki ölkə arasında sərhədlər müəyyənləşmədən onun Aİ-yə yolu arzu olaraq qalar. Çünki İttifaq onu bu halda üzv qəbul edə bilməz.
Bundan başqa, Ermənistanın mövcud konstitusiyası təcavüzkardır. Orada Türkiyə və Azərbaycana ərazi iddiaları, saxtakarlıqlar təsbit edilib. Bu konstitusiya ilə Ermənistanın quruma qəbulu gələcəkdə Avropa İttifaqı ilə ziddiyyətlər yarada bilər. Başqa sözlə, Aİ Ermənistanla birlikdə təcavüzkar əsas qanunun müdafiəçisi olar.
Ona görə də İrəvanın Aİ-yə üzvlüklə bağlı prosesə başlamazdan əvvəl mövcud konstitusiyanın dəyişməsi ilə bağlı referendum keçirməsi daha məntiqli sayılır. Əks halda, Ermənistan əsas qanuna görə Türkiyə və Azərbaycanla yaranan gərginliyə Brüsseli də şərik edə bilər. Ona görə Paşinyanın bu cəhdi Ermənistanla Azərbaycan arasında şərti sərhədə Avropa İttifaqı mülki müşahidə missiyasının yerləşdirilməsi kimi yeni avantüraya oxşayır.