Ermənistan - koronavirus "bombası" - ŞƏRH

Ermənistan - koronavirus "bombası" - ŞƏRH Bu silah rolunu Ermənistan ordusunun koronavirusa yoluxan əsgəri, zabiti oynaya bilər
Analitika
1785
10 İyul , 2020 16:06
Ermənistan - koronavirus bombası - ŞƏRH

Koronavirus pandemiyası dünya üçün qarşısıalınmaz fəlakətə çevrilib. Ən azından öz vətəndaşlarının təhlükəsizliyi üçün heç kim onun başqa ölkələrdə olmasını arzulamır.

Bizdə işlədilən “heç düşmənimə də arzulamıram” ifadəsi pandemiyaya münasibətdə yerinə düşür. Məsələyə başqa tərəfdən yanaşsaq, infeksiyaya yoluxan düşmən bunu Azərbaycan ərazisinə keçirə bilər. Bu onun üçün hazır bioloji silahdır. Bu silah rolunu Ermənistan ordusunun koronavirusa yoluxan əsgəri, zabiti oynaya bilər.

Bioloji silahın potensial ünsürlərindən biri də işğalçı ölkənin müdafiə nazirinin müavini Qabriel Balayandır. Onun koronavirusa yoluxması barədə xəbəri iyulun 8-də parlamentin Müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Koçaryan yayıb. Onun sözlərinə görə, Q.Balayan komissiyanın həmin gün keçirilən iclasında iştirak etməli imiş. Ancaq nazir müavini koronavirusa yoluxduğuna görə toplantıya qatılmayıb.

Qabriel Balayan 1977-ci il oktyabrın 29-da Ermənistanda anadan olub. Yerevan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1999-2000-ci illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalçı ordunun əsgəri kimi hərbi xidmətdə olub. Rusiya və ABŞ-da təhsil alıb, mühazirələr oxuyub.

2018-ci il mayın 29-da müdafiə nazirinin müavini təyin olunub. O, ölkənin müdafiə naziri David Tonoyanın iki müavinindən biridir. Nazirin digər müavini isə Makar Qəmbəryandır.

Q.Balayanın yoluxması Ermənistan ordusuna başçılıq edən 3 nəfərdən birinin koronavirus daşıyıcısı olması deməkdir. Görünür, rəsmilər ordudakı yoluxmanı bundan artıq gizlədə bilmirlər. Çünki əsgərlərin virusa yoluxması məsələsi dövlət sirri kimi qorunur. Ancaq  rəsmi Yerevan bunu həm ölkə ictimaiyyətindən, həm də işğal altındakı Dağlıq Qarabağın Azərbaycan vətəndaşı olan erməni icmasından da gizli saxlayır.

Erməni icması arasında koronavirusa yoluxma faktı aprelin 15-dən sonra elan edildi. Virusun bölgəyə Ermənistan və İrandan gətirildiyi bildirildi. Çünki bu iki ölkə Qarabağdakı erməni icmasını yanacaq və başqa tələbat malları ilə təchiz edir.

İcma üzvləri bildirib ki, virus İrandan gətirilib. Onların sözlərinə görə, İslam Respublikası vətəndaşları Qarabağa erməni icmasına çənli maşınlarla yanacaq daşıyır.

Qarabağda yaşayan ermənilərin ən çox təmasda olduqları insanlar Ermənistan vətəndaşlarıdır. Bu baxımdan əsas mənbə bu ölkədir.

Azərbaycan torpaqlarını Ermənistan ordusu işğal altında saxlayır. Deməli, bu ordunun əsgər və zabitlərinin virusa yoluxması Qarabağın erməni sakinlərinin də koronavirusa yoluxdurulması deməkdir. Ona görə də rəsmi Yerevan orduda COVID-19 daşıyıcısı olanların sayını gizlədir.

Hələ martın 26-da David Tonoyan 3 hərbçidə koronavirusun aşkarlandığını etiraf etmişdi. Onlardan birinin ailə üzvləri tərəfindən yoluxduğu müəyyən edilib. O, daşıyıcıların təcrid edildiyini və daha bir neçə təsəlliverici cümlə qurmuşdu.

Həmin günlərdə adının çəkilməsinin istəməyən hadisə şahidi Gürcüstan KİV-inə belə bir açıqlama vermişdi: “Ötən gündən başlayaraq Ermənistan ordusunun şəxsi heyətində koronavirusa yoluxma halları baş verir.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılıb. Mən düşünürdüm ki, bu, hansısa infeksion xəstəlikdir. Ancaq dünən təxminən saat 09:00-dan 13:00-a kimi Ağdam və Tərtər rayonu arasında yerləşən ön xətt bölmələrində oldum. Müşahidələrim onu göstərdi ki, təkcə bu müddət ərzində Ağdamdan 2 hərbi tibbi maşın 14 dəfə, Tərtərdən 3 hərbi tibbi maşın 9 dəfə sürətli şəkildə ərazidən əsgər daşıyırdılar.

Erməni əsgərlərinin Ağdərə və Xankəndində yerləşən hospitallara aparıldığı bildirilir:

Xəstələnmiş erməni əsgərləri Ağdərə və Xankəndində yerləşən hospitallara aparılıblar. Xəstələrin əsas əlamətləri halsızlıq və kəskin hərarətdir. Müşahidələrə əsasən demək olar ki, Ermənistan ordusunda koronavirus yayılıb, ancaq Ermənistan hökuməti hələ ki itkiləri gizlədir”.

Ermənistanda fövqəladə vəziyyət rejimi martın 16-dan qüvvədədir. Bu məhdudlaşdırıcı tədbirin tətbiq müddəti artıq 3 dəfə uzadılıb, 4-cü dəfə uzadılması gözlənilir.

Mayın 8-də isə D.Tonoyan Ermənistan silahlı qüvvələrində yoluxanların sayının 20-yə yaxın olduğunu deməsi özü şübhəli idi. Çünki orduda say və s. göstəricilər dəqiq olur. “20-yə yaxındır” ifadəsi elə yoluxanların sayının çox olduğunun göstəricisi sayıla bilərdi.

Ermənistan əsgər anaları da övladlarının koronavirusa yoluxmasından narahat olduqlarını vurğulayaraq bildiriblər. Onlar infeksiyaya tutulan hərbçilərə yardımın verilməsinə də etiraz ediblər. Əsgər anaları deyiblər ki, hərbi xidmətdə olarkən ölən əsgərlərə müavinətin veilməməsi də ayrı-seçkilikdir.

Yeri gəlmişkən, qeyd edək ki, ölkə üzrə yoluxanların sayı azalmır. Yoluxmaya qarşı tədbirlərə əməl edilmir. Ermənistan KİV yazıb ki, qurbanların sayı artır, “ölkə yeyib-içməkdə, çalıb, oynamaqdadır”. İyulun 10-na olan məlumata əsasən, Ermənistanda son sutka ərzində koronavirusa yoluxma hallarının sayı daha 557 nəfər artaraq 30 903-ə çatıb.

Eyni zamanda, son bir gündə Ermənistanda 11 nəfər virusdan ölüb. Bununla da ölkədə COVID-19 qurbanlarının sayı 557-yə yüksəlib.

Qeyd olunub ki, virusa yoluxan 18 709 pasiyent sağalıb. Hazırda 11 471 nəfər infeksiyadan müalicə olunur.

Əhalisinin sayı 3 milyon nəfərə çatmayan, Azərbaycan torpaqlarını işğal altında saxlayan, demək olar ki, giriş-çıxışa bağlı olan Ermənistan üçün bu çox böyük və təhlükəli rəqəmdir.

Ermənilər bu sayaq yoluxmanı milli immunitetinin formalaşması kimi qələmə versələr də, belə hadisələrdə narahatlıq keçirdikləri çıxış və fəaliyyətdən də görünür. Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsinin vətəndaşları koronavirusdan ölmək üçün material deyil.

Virusa yoluxan ermənilərin sayının çox olmasının Azərbaycan üçün də ehtimal olunan təhlükəsi az deyil. Virusa yoluxan Ermənistan vətəndaşı və ya əsgəri ölkəsindən “qaçaraq” (göndərilərək) sərhədboyu kəndlərin sakinlərini yoluxdurar. Bütün hallarda buna oxşar diversiya ehtimalları istisna edilmir. Bir zamanlar QİÇS-ə yoluxanları belə pozuculuq fəaliyyət üçün təhlükə mənbəyi sayırdılar. Yəqin, elə indi də elədir.

Ermənistan kimi onun ordusu da qapalıdır. Bu baxımdan müdafiə naziri müavinin yoluxması silahlı qüvvələrdə hərbi qulluqçular və əsgərlər arasında da yoluxma hallarının çox olduğunun göstəricisi sayıla bilər. Bu, Qarabağın erməni icması arasında yoluxma hallarının tezliklə artmasına səbəb olacaq. Çünki Ermənistan koronavirus bombası, təbii bioloji silah anbarıdır.

Orphus sistemi