Ermənistan iqtisadiyyatını diaspor və miqrantlar çöküşdən qoruyur

Ermənistan iqtisadiyyatını diaspor və miqrantlar çöküşdən qoruyur Hazırda vətəndaş qarşıdurmasının astanasında olan bu ölkədə sabitlik yaranmasa, bunun fəsadlarını aradan qaldırmaq, böhrandan əvvəlki səviyyəyə qayıtmaq üçün illər sərf olunacaq
Analitika
12 Dekabr , 2020 14:52
Ermənistan iqtisadiyyatını diaspor və miqrantlar çöküşdən qoruyur

Bu il Ermənistan iqtisadiyyatını xarici diasporun və miqrantların pul köçürmələri xilas etdi. Belə bir açıqlama Avrasiya İnkişaf Bankı tərəfindən verilib. Belə ki, əvvəlcə COVID-19 epidemiyası, daha sonra da İkinci Qarabağ müharibəsi Ermənistan iqtisadiyyatını iflic etdi.

Bütövlükdə struktur çətinliklərindən əziyyət çəkən Ermənistan iqtisadiyyatı demək olar ki, artıq Rusiyadan, Avropa ölkələrindən gələn sərmayələrin və pul köçürmələrinin ümidinə qalıb. 2019-cu ildə ölkəyə pul köçürmələrinin həcmi 1,5 milyard ABŞ dolları olub ki, bu da ÜDM-nin 11,4 faizi deməkdir (2004-cü ildə hətta 20 faiz olub). Bu il isə pandemiya üzündən bir çox ölkələr tərəfindən sərhədlərin bağlanması Ermənistan iqtisadiyyatına dağıdıcı təsir göstərdi. Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarına görə Ermənistanın 3 milyona yaxın əhalisinin 261,5 min nəfəri pul köçürmələri hesabına dolanır. Belə ki, köçürmə yolu ilə gələn vəsaitlərin 98 faizi ərzaq vs. gündəlik ehtiyaclara sərf olunur. Həmçinin qazanc dalınca xaricə üz tutan hər 10 nəfərdən 9-u Rusiyaya gedir.

BMT-nin məlumatına görə, Ermənistan əhalisinin 30 faizinə qədəri əmək miqrantıdır və bu göstəriciyə görə ölkə 2019-cu ildə TOP-20-yə daxil olub. OECD-nin məlumatına görə, Rusiyada ermənistanlı miqrantlar əsasən tikinti sektoru, ticarət və xidmət sahəsi, nəqliyyat kimi sahələrdə çalışır. Bununla belə pandemiya ilə bağlı karantin tədbirləri nəticəsində Ermənistanda qalmalı olanlar daxili əmək bazarında özünə yer tapa bilmir.

Cari ilin birinci rübündə Rusiyadan pul köçürmələrinin həcmi 17 faiz azalan kimi Ermənistan iqtisadiyyatında şok yaşandı. Təsadüfi deyil ki, ötən gün Avrasiya Ali İqtisadi Şurasının iclasında baş nazir Nikol Paşinyan Ermənistan vətəndaşlarının Avrasiya İqtisadi Birliyinin üzv ölkələrinə girişinə dair məhdudiyyətləri ləğv etmək çağırışı irəli sürüb.

Bütövlükdə Ermənistandakı iqtisadi fəaliyyətlərin əsasını ticarət və xidmət sektoru, sənaye, idxal əməliyyatları, pul köçürmələri təşkil edir. Xaricdə çalışan ermənilərin vətəndəki yaxınlarına göndərdikləri vəsaitlər ölkəyə idxal olunan müxtəlif istehlak mallarını almağa sərf olunaraq nəticədə idxalat, ticarət və xidmətlə bağlı rəqəmlərin "şişməsi"nə gətirib çıxarır. Beləliklə, üzdə iqtisadiyyatın dirçəlməsi təəssüratı yaransa da, əslində hansısa həqiqi inkişafdan söhbət açmağa dəyməz.

Diaspordan ölkəyə daha çox vəsaitlər cəlb etmək məqsədilə hökumət 2018-ci ildə xüsusi diaspor istiqrazları (diaspora bonds) buraxmaq qərarına gəlmişdi. Bu cür sərmayə təcrübəsi daha əvvəl Nigeriyada və Efiopiyada tətbiq olunmuşdu. Yəni diaspor nümayəndələri artıq vəsaitlərini vətənə adi ianə şəklində yox, sərmayə yatırımı şəklində ötürürlər.

Ermənistan iqtisadiyyatını tam müflis olmaqdan xilas edən amil yayda Rusiya və bir sıra başqa ölkələrdə karantin məhdudiyyətlərin yumşaldılması oldu. Belə ki, erməni və s. əcnəbi miqrantlar da öz iş yerlərinə qayıdaraq müəyyən qədər pul qazana bildilər. Bunun nəticəsində cari ilin üçüncü rübündə Rusiyadan MDB ölkələrinə pul köçürmələrinin həcmi son iki ilin ən yüksək həddinə çatdı.

Ermənistandakı mövcud sosial iqtisadi vəziyyəti əks etdirən əyani göstəricilər arasında gəlir fərqlərini göstərən Cini əmsalıdır. (Gini coefficient). 2000-ci illərin ortalarından bu yana get-gedə artan Cini əmsalı son dəfə ölçülən 2018-ci ildə 34,4 faiz təşkil edib.

Ermənistanda Cini əmsalı

Mənbə: Dünya Bankı

Qeyd edək ki, regionun başqa ölkələrinin əksinə Ermənistanda orta və kasıb təbəqə arasında da gəlir fərqi xeyli böyüyüb. Halbuki adətən kasıblarla zənginlər arasında böyük gəlir fərqi yaranır. Dünya Bankının araşdırmalarına əsasən, daxili bazarda bərabər imkanlar yaradılmadığı Ermənistanda hətta təhsilli və işgüzar olmaq belə güzəranı yüksəltmək üçün kifayət etmir.

2020-ci ilin üçüncü rübündə Ermənistan ÜDM-si 9,1 faiz azalıb. Avrasiya İnkişaf Bankı bu ilin yekununda ölkədə ÜDM-nin 6,4 faiz, İMF 7 faiz, hökumətin özü isə hətta 7,9 faiz azalacağını gözləyir.

Ermənistan iqtisadiyyatının gələcəyinə dair proqnoz qurmaq çətindir. Hazırda vətəndaş qarşıdurmasının astanasında olan bu ölkədə sabitlik yaranmasa, bunun fəsadlarını aradan qaldırmaq, böhrandan əvvəlki səviyyəyə qayıtmaq üçün illər sərf olunacaq.

Azad Həsənli, maliyyə eksperti

Son xəbərlər

Orphus sistemi