Ziyalılar istənilən etnosun xilaskarı ola bilir. Bu təbəqənin xəyanəti, yanlış addımı mənsub olduğu etnosun faciəsinə çevrilir.
Ermənilərin Abel Aqambekyan, Zori Balayan, Silva Kapitukyan və s. ziyalıları keçmiş SSRİ dövründə və o, dağılandan sonra öz entosları üçün faciənin memarı oldular. Bu cür ermənilər XIX əsrin sonu XX əsrin əvvəllərində başlayan və sonralar davam edən türk, azərbaycanlı düşmənçiliyini təbliğ edib, Azərbaycan, Türkiyə, Gürcüstan, İrana ərazi iddiaları irəli sürməklə bu faciənin miqyasını genişləndirdilər. Qonşulara qarşı belə davranışı Cənubi Qafqazda bu etnosa etibarı azaldıb. Ermənistan yarandığı gündən, ermənilər Azərbaycan ərazilərinə köçürüldükləri vaxtdan bölgədə başqalarının sifarişini yerinə yetirməklə məşğul olub. Bu etnosu buyruq qulu edən yenə də onun ziyalıları və kilsəsi olub. Onlar uzun illərdir bir neçə nəsli saxta və uydurma ideyalarla tərbiyə etməklə yanaşı, qonşu etnosları, millətləri düşmən kimi təqdim ediblər. Həmin erməni ziyalıları və siyasətçilərinin fəaliyyəti nəticəsində Ermənistan havadarlarının yardımı və dəstəyi ilə Azərbaycan ərazilərini 30 ilə yaxın müddətdə işğal altında saxladılar. Onlar 366-cı motoatıcı alayının yardımı ilə Xocalı və Qaradağlı soyqırımını törətdilər.
Ermənistanda azərbaycanlılara qarşı qətliamın, törətdikləri faciələrin, cinayətlərin üzərində ermənilərə xoşbəxt həyat quracaqlarını vəd edənlər 44 günlük əks həmlə əməliyyatı zamanı görünmədilər. Bu soyqırımları törədənlərin, o cümlədən Robert Koçaryan, Serj Sarqsyan, Levon Ter-Petrosyan, Seyran Ohanyan və başqalarının yaxınları müharibədə iştirak etmədi. Deməli, haqsız və gücsüz olduqlarını bilirdilər. Azərbaycan Ordusu torpaqlarını işğaldan azad etməklə erməni ziyalılarının uzun illərdir təbliğ etdikləri yalanın mahiyyətini də onların yaşlı və yeni nəslinə göstərdi. Ermənistan və ermənilər ziyalılarının, Eçmiədzin kilsəsinin təbliğatının qurbanına çevrilib. Hadisələrin inkişafı deməyə əsas verir ki, regionda etibar qazanmaq və nüfuz əldə etmək üçün onlara hələ uzun illər lazım olacaq.
Əslində, Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmaqla etimad qazanmaq üçün yeni fürsət əldə elədi. Rəsmi İrəvan həmin sənədin uyğun maddəsinə əsasən, öz qoşunlarını Azərbaycan ərazisindən çıxarmaqla özünə etimadın artması istiqamətində mühüm addım ata bilərdi. Ancaq bölgədə müvəqqəti yerləşən Rusiya sülhməramlılarından yenə Azərbaycana qarşı pozuculuq fəaliyyəti ilə məşğul olmağa səy göstərir. Ermənilər 30 il əvvəl baş verən hadisələri təkrarlamaq niyyətindədirlər, Rusiyalı sülhməramlıları da onlara təlim keçməklə özləri də bilmədən 366-cı motoatıcı alayın rolunu oynaya bilərlər. Bu fəaliyyəti ilə Ermənistan müstqil dövlət olmaq şansını da itirir. Ermənilər bu sayaq addım atmaqla əcdadlarının etdikləri səhvləri təkrarlamış olurlar. 6 həftə 2 günlük müharibə onların yüz ildə topladığı hərbi, siyasi və s. gücü, habelə onlar barəsində yaranan mifi dağıtdı.
Tarixdən məlum olduğu kimi, məğlub millətlər və dövlətlər işğalçılıq siyasətindən nəticə çıxarır. İtən nüfuzunu bərpa edir, aqressiv siyasətdən əl çəkir, hətta etimad qazanıb düşmənçilik etdiyi dövlətlərlə əməkdaşlığa başlayır. Hitler Almaniyasının aqibəti hər bir təcavüzkar niyyətli dövlətlərə və etnoslara örnək ola bilər. Bu ölkə uzun illərdir faşistlərin törətdikləri cinayətlərin əvəzini mənəvi və maddi baxımdan ödəyirlər. Ermənistan faşistlərin əməllərindən nəticə çıxaraq Azərbaycana qarşı iddialarından əl çəkməzsə, dəmir yumruq yenə qüvvəyə minəcək. Həmin vəziyyət yaranarsa, Ermənistan adlı dövlətin gələcəyi sual altına alınar.