Bakı. 24 avqust. REPORT.AZ/ "Almaniya kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfərindən sonra rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyində dəyişiklik ola bilər".
Bunu "Report"a açıqlamasında rusiyalı politoloq və ictimai xadim Sergey Markov deyib.
Onun fikrincə, hazırda Avropa İttifaqında Fransa Cənubi Qafqazdakı problemlərə münasibətdə lider kimi çıxış edir. Ekspert vurğulayıb ki, ona görə də indi ittifaqın mövqeləri təhrif edilir.
"Fransada nüfuzlu erməni diasporu var. Ona görə də Fransa hər hansı məsələyə münasibət bildirərkən Avropa İttifaqının deyil, öz mövqeyini ortaya qoyur. Almaniya isə bu məsələdə Fransanın daha obyektiv olmasına, Aİ-nin bu məsələdə daha neytral mövqe tutmasına yardım edə bilər. Bunun üçün Fransanın Ermənistana göstərdiyi böyük maraq kimi, Almaniyanın da Azərbaycana böyük diqqət göstərməsi lazımdır. Aİ-də belə balanslaşma İttifaqın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha konstruktiv yanaşmasına gətirib çıxara bilər".
Sergey MarkovSergey Markov
Politoloq bildirib ki, A.Merkelin Bakıya səfəri zamanı enerji məsələləri də müzakirə olunacaq. Onun fikrincə, Almaniya iqtisadiyyatının bu gün neft və qaz boru kəmərlərinə çox böyük ehtiyacı var. Bu baxımdan, S.Markov qeyd edib ki, Almaniyanı yalnız "Şimal axını-1" və "Şimal axını-2" layihələri yox, həm də cənubdan gələn qaz kəmərləri, ilk növbədə də Azərbaycandan çəkilən TAP və TANAP maraqlandırır.
Almaniyalı politoloq, Almaniya Xarici Siyasət Şurası yanında Bertold Beyts adına Mərkəzin direktoru Aleksandr Rar isə deyib ki, A.Merkelin Cənubi Qafqaza səfərinin nəticələrindən nəsə sensasiyalı irəliləyiş gözləməyə dəyməz:
"Bu, Avropanın qeyri-rəsmi liderinin Aİ-nin daim diqqətində olan, Avropayla əməkdaşlıq etmək istəyən ölkələrə, problemlərin olduğu regiona səfəridir. Angela Merkel hadisələrlə, proseslərlə yerindəcə tanış olmaq istəyir".
A.Rar həmçinin A.Merkelin regiona səfərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivləri barədə fikirlərini də bölüşüb: "Heç kim bu münaqişənin dondurulmasını istəmir. Bu, çox köhnə və çox təhlükəli münaqişədir. Onun konkret həll yolu yoxdur. Hesab edirəm ki, Angela Merkel bu problemin mövcud vəziyyəti ilə tanış olacaq. Amma hansısa dəyişikliklər üçün... yeni beynəlxalq ittifaqlar yaratmaq lazımdır".
Aleksandr RarAlmaniyalı politoloq Aleksandr Rar
Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Cənubi Qafqaz ölkələrinə səfərə çıxıb. O, avqustun 25-də Azərbaycana gələcək. Danışıqların əsas mövzularından birinin Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də enerji məsələləri olacağı gözlənilir.