Ekspert: "Fransada keçirilən prezident seçkilərində Avropa cəmiyyətinin gələcəyi həll olunub" - ŞƏRH

Ekspert: "Fransada keçirilən prezident seçkilərində Avropa cəmiyyətinin gələcəyi həll olunub" - ŞƏRH "Azərbaycan regional siyasətdə daha böyük maraq kəsb etdiyindən Paris Yerevanı çox ehtiyatla dəstəkləyir"
Analitika
1740
8 May , 2017 16:51
Ekspert: Fransada keçirilən prezident seçkilərində Avropa cəmiyyətinin gələcəyi həll olunub - ŞƏRH

Bakı. 8 may. REPORT.AZ/ "Fransada keçirilən prezident seçkilərində bütün Avropa cəmiyyətinin, ümumilikdə Avroməkanın gələcək taleyi həll olunub".

Bunu "Report"a politoloq Tofiq Abbasov Fransadakı prezident seçkilərində sosialist Emmanuel Makronun qələbəsini və onun yekunlarının regiona, eləcə də dünyaya necə təsir göstərəcəyini şərh edərkən deyib.

"Çünki Le Penin qələbə qazanacağı təqdirdə Avropa gəmisinin göyərtəsində olan çat bir qədər də dərinləşə bilərdi", - o bildirib.

Onun sözlərinə görə, E.Makronun Fransada seçkilərdə qələbə qazanması qloballaşma tərəfdarlarının qələbəsi deməkdir. "Bu, ilk növbədə, ABŞ-ın isteblişmentidir, bu, həm də yorulmaq bilməyən Angela Merkel ilə rəsmi Berlindir. Onlar gələcəyin Avropada, qloballaşmada olduğunu düşünürlər", - T.Abbasov vurğulayıb.

Onun sözlərinə görə, seçkilər Qərb yox, Şərq ölkələrində, məsələn, postsovet dövlətlərində keçirilən zaman Qərb siyasətçiləri, siyasi texnoloqları bu prosesi az qala mikroskop altında izləyir və olayları şişirdərək qarışqadan fil düzəldir.

"Fransada isə açıq şəkildə anti-demokratik dalğa oldu, demək olar hamını millətçi, radikal və s. kimi qələmə verilən Le Penin namizədliyinin qarsını almaq üçün birləşməyə çağırdılar. Le Penə badalaq vurmaq üçün bütün mümkün alətlərdən istifadə olundu", - ekspert deyib.

E.Makronun özü barədə danışan T.Abbasov onun olduqca gənc olduğunu və digər həmfikirləri kimi siyasi mübarizə təcrübəsinin olmadığını vurğulayıb.

"Onun hələ 40 yaşı tamam olmayıb. Məncə, bu, Fransa və Avropanın siyasi elitasına yeni nəfəs deməkdir. Müəyyən mənada onun qələbəsi gözlənilməz oldu. Elə yalnız ilk turda Fiyon və Valls kimi namizədlərin olduğunu xatırlatmaq kifayətdir. Makron gücündən düzgün istifadə edə bildi", - o bildirib.

Ekspert Fransadakı seçkilərdən sonra dünyanın geosiyasətinin strukturunda hər hansı ciddi dəyişiklik gözləmədiyini qeyd edib.

"Makron vəd etdiyi islahatları həyata keçirə bilsə, o, bunu tədricən edəcək. Digər tərəfdən, o, Rusiya ilə münasibətləri bərpa etməyəcək və bununla Avro-Atlantik sularında üzdüyünü göstərəcək. Rəsmi Paris yaxın gələcəkdə dünya elitasının, ictimai qüvvələrin diqqətini cəlb etməyəcək. Sosialistlər və solçular ehtiyatlı olmalı, hansısa təkanverici ünsürlərə uymamalıdır", - T.Abbasov vurğulayıb.

"Anlamalıyıq ki, Fransanın Ermənistana dəstəyi həmişə olub. Həm amerika, həm fransız, həm də bütünlükdə Qərb elitası gizli şəkildə Ermənistan xəttini dəstəkləyir" - deyə T.Abbasov Fransanın yeni seçilmiş prezidentinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan regional siyasətdə Ermənistandan daha böyük maraq kəsb etdiyindən Paris Yerevanı çox ehtiyatla dəstəkləyir.

"Rəsmi Paris bu istiqamətdə çox ehtiyatlı işləyəcək və heç vaxt Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycana birbaşa dəstək ifadə olunmayacaq. Onlar daha çox yarımneytral vəziyyətdə olacaq, yəni Ermənistanın xeyrinə olmaqla hər iki tərəfə bərabər uzaqlıqda dayanacaqlar", - ekspert düşünür.

Son xəbərlər

Orphus sistemi