Çin bir çox göstəricilərinə görə dünyanın güc mərkəzinə çevrilir. Artıq beynəlxalq aləmdə onun irəli sürdüyü təkliflərə önəm verilir. Əvvəllər sovetlərin, sonra Rusiyanın yardımçısı kimi görünən bu ölkə indi görünməyən əllərlə bir sıra hadisələrin aparıcısı rolunda çıxış edir.
Deməli, 45 il əvvəl Çin Kommunist Partiyasının lideri Den Syaopinin rəhbərliyi altında başlayan islahatlar nəticəsində ölkənin qapıları xarici aləm üçün açıldı. Bu o zaman üçün ciddi sayılmayan sosialist bazar iqtisadiyyatının qurulmasına səbəb oldu. Kiçik biznesin inkişafına şərait yaradıldı. İqtisadi sahədə islahatlar aparan rəsmi Pekin siyasi sistemlə bağlı dəyişikliyə ehtiyac duymadı. Milyonları qazanmaq üçün şərait yaradan Çin hakimiyyəti siyasi məsələyə qarşı sərt davranıb qırmız işıq yandırdı - “siyasətlə məşğul olmaq istəyən qarşısında hakimiyyəti görəcək”, - tələbini irəli sürdü.
“HurunReport” Araşdırma Agentliyinin məlumatına əsasən, Çin ən varlı insanların sayına görə dünyada birinci yerdədir. 2022-ci ildə ölkə üzrə 1100-dən çox dollarlı milyarderin olduğu bildirilib. Bu ölkənin əsas iqtisadi-ticarət tərəfdarı ABŞ və Avropa İttifaqıdır. 2022-ci ildə tərəflər arasında iqtisadi ticarət dövriyyəsinin həcmi 1,6 trilyon dollar olub ki, bu da Rusiya ilə oxşar əlaqədən 8 dəfə çoxdur. Hesabat dövründə ABŞ ilə xarici ticarət əlaqəsi tarixi rekord həddə - 690,59 milyard dollar çatıb. ÇXR ticarət həcmi üzrə ABŞ-nin üçüncü tərəfdaşıdır. Əvvəlki ilk yeri Meksika və Kanada tutur. Başqa sözlə, ABŞ-nin xarici ticarət əlaqəsinin 13 faizi Çinin payına düşür. Yeri gəlmişkən, Çinlə Rusiya arasında ticarət dövriyyəsi 2023-cü ilin birinci yarısında 2022-ci ilin uyğun dövrü ilə müqayisədə 40,6 faiz artaraq 114,54 milyard dollar təşkil edib. Qeyd edək ki, Çinin xarici ticarət əlaqələri hesabat dövründə ötən illə müqayisədə 4,7 faiz düşərək 2 trilyon 918 milyard dollar, ixracat 3,2 faiz azalaraq 1 trilyon 663 milyard dollar, idxalat isə 6,7 faiz azalaraq 1 trilyon 255 milyard dollar olub.
Çin ABŞ-nin dövlət istiqrazlarının ən böyük sahiblərindəndir. 2015-ci ilin əvvəlində Yaponiyaya məxsus dövlət istiqrazlarının məbləği 1 trilyon 224 milyard 400 milyon dollar, Çinin istiqrazlarının məbləği isə 1 trilyon 223 milyard 700 milyon dolları təşkil edib. ABŞ-nin Çinə 1 trilyon 100 milyard dollar borcu var. Ümumi daxili məhsulun həcmi 2021-ci ildə 16 trilyon 520 milyard dollar təşkil edib. Bu göstəriciyə görə də ÇXR dünyada ikinci yerdədir. Mütəxəssislər bildiriblər ki, indiki şəraitdə rəsmi Pekinin borcunun ödənilməsi ilə bağlı tələblər irəli sürməsi Vaşinqtona sərfəli deyil. Bunun ABŞ-nin maliyyə sistemi və iqtisadiyyatına əhəmiyyətli təsiri ola bilər. Bir çox iqtisadi göstəricilərə əsasən, Çin iqtisadiyyatı ABŞ-ni üstələyir. Hesablamalara əsasən, 2030-cu ildə Çin iqtisadiyyatı Birləşmiş Ştatları geridə qoyacaq. Dünya iqtisadiyyatı ilə bağlı bir çox sahələrdə ABŞ-dən sonrakı yeri Çinin tutduğunun şahidi oluruq.
Son illər dünyanın siyasi səhnəsində baş verən hadisələrdə də onun adı tez-tez hallanır. Düzdür, rəsmi Pekin qlobal miqyasda heç bir münaqişənin müəllifi və ya həmmüəllifi sayılmır, ancaq toqquşan maraqlarda tərəflərdən birini müdafiə edir, yaxud dəstəkləyir. Rusiya-Ukrayna müharibəsinə münasibətdə isə Çin özünü gizlədə bilməyib. O, Ukraynanın ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə etməyib. Ümumi təhlükəsizlik və sabitlik mövqeyindən çıxış edib. Son bir ildə Rusiyadan neft və təbii qazın idxalını artırmaqla da iqtisadi və siyasi maraqlarını uzlaşdırıb.
Çin Körfəz Ərəb Dövlətləri İqtisadi Şurasının üzvləri ilə də iqtisadi-siyasi sahədə əlaqələri genişləndirir. Rəsmi Pekin bununla region ölkələri üçün alternativ güc kimi özünü təqdim edir. Bu ilin martında İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasında Çinin vasitəçilik rolu da bunu təsdiqləyir. Regionun aparıcı oyunçularından sayılan İranla Çin arasında 25 illik müqavilə onun regionda artan roluna örnək sayıla bilər. Bundan başqa, Tehran hakimiyyətini siyasi platformada da Pekin müdafiə edir.
İsrail Çinin müstəqilliyini tanıyan ilk Yaxın Şərq ölkəsi olub. Ancaq 1992-ci ilədək tərəflər arasında normal diplomatik münasibət qurulmayıb. Həmin tarixdən sonra Çinlə İsrail arasında iqtisadi, hərbi, texnoloji əməkdaşlıq inkişaf edib. Müqayisə üçün qeyd edək ki, 1992-ci ilədək tərəflər arasında ticarət dövriyyəsinin həcmi 50 milyon dollar, 2013-cü ildə isə bu rəqəm 10 milyard dollardan artıq olub.
“Financial Times”ın yazdığına əsasən, Vaşinqton Çindən İsrailin Qəzza zolağında quru əməliyyatlarını genişləndirərək sakitlik yaratmaq, münaqişələrin yayılmasının qarşısını almaq üçün İran və Yaxın Şərqin başqa ölkələri ilə əlaqələrindən istifadə etməsini istəyib. Məlumata görə, bu məsələ Çinin xarici işlər naziri Vanq İnin Vaşinqtona üçgünlük səfəri zamanı qaldırılıb. Adı açıqlanmayan ABŞ-nin yüksək vəzifəli məmuru bildirib: “Çinin region ölkələri ilə yaxşı münasibətləri var. Biz hesab edirik ki, bu əlaqələr hər tərəfdə sabitlik yaratmaq üçün istifadə edilməlidir”. İsrail isə HƏMAS-a qarşı tənqidi mövqe tutmadığına görə rəsmi Pekini tənqid edir.
Uzaq Şərqdə də Çin ABŞ-nin, yaxud Qərbin maraqlarına alternativ kimi çıxış etməyə səy göstərir. Bu, Şimali Koreya məsələsində özünü daha qabarıq göstərməkdədir. Mərkəzi Asiya ölkələri arasında bir sıra sahələrdə Rusiyanı əvəzləyir. Pakistanla münasibətlərini genişləndirir. Ətraf ölkələr üçün həm də siyasi-ideoloji mərkəz rolunu oynayır. Hindistanda silahlı hücumlar təşkil edənlər özlərini maoçu sayır.
Bir zamanlar dünya kommunistlərinin sponsoru, himayəçisi Moskva, ideyası marksizm-leninizm idisə, indi bunu Pekin və marksizm-maoizm əvəzləyib.
HƏMAS-İsrail müharibəsində də Çin anti-Qərb mövqeyi sərgiləyir. O, Rusiya ilə birlikdə BMT Təhlükəsizlik Şurasında ABŞ-nin Yaxın Şərqə dair irəli sürdüyü qətnamə layihəsinin əleyhinə səs verdi. Buna görə HƏMAS rəsmi Pekinə təşəkkürünü bildirdi. Bütün bu kimi amillər keçmiş SSRİ və Rusiyadan sonra indi Çinin anti-Qərb blokuna başçılıq etdiyini deməyə əsas verir. Başqa sözlə, Çin Rusiya, İran, Şimali Koreya, Suriyadakı Bəşşar Əsəd hakimiyyəti, habelə Latın Amerikasındakı solyönlü rejimlərin lideri rolunu ifa edir.
Beləliklə, Çin Qərbə qarşı yeni qüvvə mərkəzinə çevrilib. Ancaq onun da başı bəlasız deyil. Çinin Tayvan boyda bir dərdi, 1 milyard 411 milyon sakini var. Yəni ÇXR qeydiyyatda olan 1,5 milyarda yaxın insanı yedizdirmək üçün müharibəyə, münaqişələrə açıq şəkildə müdaxilə etmir. Hətta Hindistanla arasındakı ərazi məsələsinə də səbirlə dözür. Bütün bu problemləri və güclü iqtisadiyyatı ilə Çin dünya birincisi ola bilmir. Çünki ətrafındakı qüvvələr ondan zəifdir. Bu da ona Qərbə qarşı alternativ güc mərkəzi rolunda oynamağa imkan vermir. Odur ki, Pekinin gücü indiki şəraitdə münaqişəli bölgələri əlaltdan körükləməyə çatır...