Bakıdan başlayan təşəbbüs: nekolonializmə qarşı mübarizə beynəlxalq vüsət alır - ŞƏRH

Bakıdan başlayan təşəbbüs: nekolonializmə qarşı mübarizə beynəlxalq vüsət alır - ŞƏRH Neokolonializmə qarşı Bakıdan start götürən təşəbbüs beynəlxalq kampaniyaya çevrilir, qlobal əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə başladılan bu təşəbbüsə getdikcə daha çox ölkə qoşulur, bəşəriyyətin inkişafının qarşısını alan maneələrdən biri k
Analitika
26 Fevral , 2024 17:51
Bakıdan başlayan təşəbbüs: nekolonializmə qarşı mübarizə beynəlxalq vüsət alır - ŞƏRH

Neokolonializmə qarşı Bakıdan start götürən təşəbbüs beynəlxalq kampaniyaya çevrilir, qlobal əhəmiyyət kəsb edir. Azərbaycanın bu təşəbbüsünə getdikcə daha çox ölkə qoşulur və bu, bəşəriyyətin inkişafının qarşısını alan maneələrdən biri kimi qəbul edilir.

Fransa etiraf etməsə də, müstəmləkəçi dövlət statusunu qoruyub saxlayan ölkələr sırasında liderliyini saxlayır.

Son illər keçmiş müstəmləkələrindən biabırcasına qovulan Fransa bu gün özünə yeni-yeni koloniyalar axtarışına çıxıb. Ermənistanla bağlı yürüdülən siyasət bunun bariz nümunəsidir. Cənubi Qafqazda sülh və əmin-amanlığa ən ciddi maneə olan Fransanın siyasi rəhbərliyi erməni diaspor və lobbi təşkilatlarının təsiri altında anti-Azərbaycan siyasəti yürüdür. Yarıtmaz siyasətin nəticəsidir ki, artıq bu gün qlobal proseslərdə Fransanın rolu və təsiri ən aşağı həddə düşüb.

Yeri gəlmişkən, Azərbaycan azsaylı ölkələrdəndir ki, Fransanın neokolonializm siyasətinə qarşı mübarizəni prioritet elan edib, bununla bağlı beynəlxalq tədbirlərə ev sahibliyi edir, hətta bununla bağlı Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupu (BTQ) da yaradılıb.

Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev andiçmə mərasimində neokolonializm məsələsinə də toxunub. Dövlət başçısı bildirib ki, neokolonializmi və o eybəcər tarixdən qalan amili Yer üzündən tamamilə silmək üçün Azərbaycan öz dəstəyini göstərir və bundan sonra da göstərəcək. Prezident vurğulayıb ki, Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusunda keçirilən konfransının yekunlarına əsasən Bakı Təşəbbüs Qrupunun yaradılması bu məsələdə mühüm əhəmiyyət kəsb edir. Parisin çirkin müstəmləkə, pozuculuq siyasətinə, cəzasız qalan cinayətinə qarşı nəhayət ki, ciddi reaksiya verilir, beynəlxalq müstəvidə yeni və kəsərli mübarizə başlayır.

Prezidentin bu açıqlaması yalnız neokolonializm siyasəti yürüdən Fransaya yönəlik mesaj deyil. Bu, bütövlükdə Azərbaycana qarşı neokolonializm siyasəti yürütməyə çalışan bütün qüvvələrə verilən bir mesaj idi. Bu məsələdə Azərbaycan müstəqil və öz gücünə güvənən, inanan dövlət olduğunu ortaya qoymuş oldu.

Azərbaycan Prezidenti dəfələrlə bu istiqamətdə ölkəmizin kimsədən çəkinmədiyini və haqlı davasını bütün platformalarda davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu yarandığı ilk 4 ayda 5 beynəlxalq konfrans keçirib. Əminliklə deyə bilərik ki, məhz Bakıda keçirilən beynəlxalq tədbirlərdən sonra neokolonializmə qarşı beynəlxalq tədbirlərə start verilib. Fevralın ortalarında Rusiyanın paytaxtı Moskvada neokolonializmə dair beynəlxalq forum keçirilib. “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda neokolonializmə qarşı tədbirlərin genişləndirilməsi əsas müzakirə mövzusu olub.

Bu tədbirin ardınca ötən həftənin sonu Türkiyənin İstanbul şəhərində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Dekolonizasiya: İntibahın oyanışı” mövzusunda beynəlxalq konfrans mühüm əhəmiyyət daşıyır. Dünyanın 13 ölkəsi və 4 beynəlxalq təşkilatdan 50-yə yaxın nümayəndə tədbirdə iştirak edib. Fransa müstəmləkəçilik siyasətindən zərər çəkən bütün regionların nümayəndələrinin iştirakı və onların regionlarda baş verən hadisələri, cari vəziyyəti, reallıqları dünya ictimaiyyətinə düzgün çatdırmaq hədəf olub.

Xüsusi vurğulanıb ki, ölkələr 200 ildir Fransanın müstəmləkəsi altında yaşasa da, bu istiqamətdə mübarizə hələ nəticə verməyib. Onlar vurğulayıblar ki, Bakı Təşəbbüs Qrupu səslərinin dünya ictimaiyyətinə çatdırılması baxımından çox önəmlidir. Ən önəmli olan odur ki, BMT-nin idarəçilik üzrə beynəlxalq eksperti Carlyle G.Corbin müstəmləkəçiliyə qarşı mübarizəyə görə Azərbaycana təşəkkür edib. Bildirib ki, hazırda dünya üzrə BMT prinsiplərindən uzaq idarə edilən 17 kolonizə edilmiş ada var və Azərbaycan tərəfindən təşkil edilən bu kimi tədbirlər buralarda yaşayan insanlar üçün olduqca vacibdir. O əlavə edib ki, Fransa müstəmləkəçilik siyasətini aktiv şəkildə 1960-cı illərə qədər davam etdirib, dekolonizasiya prosesi müstəmləkələrə, tam müstəqillik və suverenliyin verilməsini, müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmət və anlaşmanı təşviq etdiyinə görə Fransa bu prosesin aktivləşməsini istəmir. Odur ki, proses 1990-cı illərə qədər aktiv şəkildə davam etsə də, 90-cı illərin sonlarına doğru səngiyib.

Konfransın ən mühüm nətcələrindən biri də iştirakçıların Fransa Prezidentinə açıq məktub ünvanlamaları olub. Məktubda BMT Baş Assambleyasının dekolonizasiya ilə bağlı qətnamələrinə istinad edilərək, həmin sənədlərin 60 ildən çox müddətdə qəbul edilməsinə baxmayaraq, Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupunda yaşayan xalqların bu gün də fransız kolonializm və neokolonializmindən əziyyət çəkdiyi vurğulanır.

Emmanuel Makrondan Fransa hökumətinin bu qanunsuzluqları dayandırması tələb edilib. Eyni zamanda, tədbirin sonunda elan edilib ki, Fransa hökuməti tərəfindən keçmiş və indiki müstəmləkələrdən oğurlanaraq materik Fransaya daşınan 100 mindən artıq maddi və mədəni sərvətlərin geri qaytarılması üçün petisiyaya start verilib. Bununla bağlı müxtəlif kampaniyalar həyata keçiriləcək.

Beləliklə, görünən odur ki, Bakıdan başlanılan neokolonializmə qarşı kampaniya beynəlxalq məsələyə çevrilir. Sözsüz ki, bu, Fransa kolonializmindən, hüquqsuzluqdan əziyyət çəkən ölkələr üçün mühüm töhfə olacaq. Makron hökuməti ümid edirdi ki, yürütdüyü irqi ayrı-seçkilik, kolonial siyasət cəzasız qalacaq. Lakin səslənən sərt bəyanatlar, keçirilən beynəlxalq tədbirlər, konfranslar onun bütün arzularını puç edir.

Son xəbərlər

Orphus sistemi