Azərbaycanlı sahibkarlar ixrac ​həcmini necə artıra bilər? - RƏY

Azərbaycanlı sahibkarlar ixrac ​həcmini necə artıra bilər? - RƏY Sahibkarlara sərbəst şəkildə mal ixrac etmək imkanı yaradılmalıdır
Analitika
11 İyul , 2016 17:27
Azərbaycanlı sahibkarlar ixrac ​həcmini necə artıra bilər? - RƏY

Bakı. 11 iyul. REPORT.AZ/ Azərbaycandan xaricə ixracla məşğul olan sahibkarlara malın dəyərinin 5%-i qədər subsidiya verilməsi müsbət haldır, amma hesab edirəm ki, ixracı daha da stimullaşdırmaq üçün faiz artırılmalıdır. 

Bunu "Report"a açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov deyib. Onun sözlərinə görə, subsidiya mexanizmini bir qədər təkmilləşdirməklə iş adamlarında ixraca marağı gücləndirmək mümkündür.

Ekspert həmçinin ixrac üçün loqistik mərkəzlərinin yaradılmasını, ölkəyə valyuta gətirən sahibkarlar üçün güzəştli kreditlərin verilməsini, bu sahədə mövcud olan çətinliklərin aradan qaldırılmasını, şəffaflığın daha da gücləndirilməsini, eləcə də sahibkarların işinə müdaxilələrin tam aradan qaldırılmasını vacib sayır: "Hər dəfə biznes strukturuna müdaxilə olanda onun ixrac potensialı zəifləyir. Buna görə də, maksimum dərəcədə müdaxilələr aradan qaldırılmalı, sahibkarlara sərbəst şəkildə mal ixrac etmək imkanı yaradılmalıdır".

Qeyd edək ki, Nazirlər Kabinetinin ötən gün keçirilmiş 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycan məhsulları üçün ixrac bazarlarının araşdırılması istiqamətində tapşırıqlar verib.

V. Bayramov təklif edib ki, Azərbaycan məhsullarının dünya bazarına daha rahat çıxışını təmin etmək üçün elektron ixrac xəritəsi hazırlansın: "Elektron ixrac xəritələri sahibkarlara imkan verə bilər ki, onların müxtəlif ölkələrin bazarlarının strukturu, xüsusiyyətləri ilə tanış olsunlar. Azərbaycanlı iş adamlarının Pakistan və yaxud Hollandiyadakı vəziyyət barədə məlumatının az olması normaldır, buna görə də, onlar dövlət səviyyəsində müxtəlif ölkələrlə tanış edilməlidir".

Mütəxəssisin digər təklifi sahibkarların Avropa İttifaqının keyfiyyət standartları ilə məlumatlandırılması barədədir: "Bizim iş adamlarının həmin standartlardan xəbəri yoxdur. Onlar öz məhsullarının yüksək keyfiyyətlə istehsal etmirlər, qablaşdırmırlar. Son nəticədə məsələn, Azərbaycan fındığı keyfiyyətli olsa da, 3-cü ölkələrin məhsulu kimi dünya bazarına çıxır. Halbuki bu məhsulu birbaşa Avropa İttifaqına çıxarmaq olar".

Bundan başqa, onun sözlərinə görə, azərbaycanlı sahibkarlar ixrac fəaliyyətini daha çox bir ölkənin üzərində qurublar, bu isə düzgün deyil: "Müxtəlif ölkələr üzrə marketinq işləri aparılmalıdır. Bir bazara işləmək, bir bazardan asılı olmaq arzuolunan deyil. Elə etmək lazımdır ki, bir ölkədə problem yarananda digər ölkədə satış normal getsin".

İqtisadçı-ekspertin fikrincə, Azərbaycanda ixracın həcminin artmasına iri müəssisələrin yaradılması da müsbət təsir edə bilər: "Avropa İttifaqında iri müəssisələr bütün müəssisələrin 0,2%-ni təşkil edir. Amma bu müəssisələr iqtisadiyyatın 45%-ni, ixracın isə 35%-ni əhatə edirlər. Yəni, ixracla əsasən iri müəssisələr məşğul olur, bizdə də buna diqqət yetirilməlidir".

V. Bayramov hesab edir ki, başqa ölkələrdə olduğu kimi Azərbaycanda da sənaye assosiasiyaları yaranmalı, onlar sahibkarlara dəstək verməlidir: "Təəssüf ki, bizdə bu cür assosiasiyalar zəif inkişaf edib. Halbuki inkişaf etmiş ölkələrdə sənaye assosiasiyaları iş adamlarının sərgilərdə iştirak etməsi üçün pul ödəyirlər, sərgiyə maddi çətinlik ucbatından qatıla bilməyən sahibkarlara dəstək olurlar, bu yolla biznesi ixraca stimuallaşdırırlar".

Son xəbərlər

Orphus sistemi