Fransa noyabrın 30-da Milli Assambleyada Azərbaycan əleyhinə qətnamə qəbul etməklə bir daha həqiqi üzünü göstərdi, eyni zamanda, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində özünü söz hüququndan məhrum etdi.
“Report”un xəbərinə görə, erməni lobbisinin təzyiqi altında əvvəlcə noyabrın 15-də Fransa Senatı, dünən isə Milli Assambleya Azərbaycan əleyhinə birtərəfli qətnamə qəbul edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu qətnaməni qətiyyətlə rədd edən bəyanat verib və bu addımı Fransanın Azərbaycana qarşı növbəti təxribatı kimi qiymətləndirib: "Bu qətnamə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinə, habelə bölgədə sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirilməsi məqsədi daşıyır. Beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan bu qətnamə bir daha Fransanın qərəzli siyasi mövqeyini, beləliklə, bitərəf və ədalətli vasitəçi rolunda çıxış etmək iqtidarında olmadığını bariz şəkildə nümayiş etdirir”.
Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi jurnalistlərə açıqlamasında Fransa parlamentinin palatalarında Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağıran qətnamələrin qəbulunun rəsmi Parisin mövqeyini əks etdirmədiyini bildirsə də, Prezident Emmanuel Makronun Azərbaycan əleyhinə çoxsaylı çıxışları bunun əksini sübut edir.
Fransanın başı anti-Azərbaycan təbliğatına o qədər qarışıb ki, hətta Frankofoniya Humanitar Sammiti vasitəsilə də bizə hücum etməyə çalışır. Ermənistana, təbii ki, bu münasibət sərf edir. Onlar tarix boyu kiminsə arxasında gizlənməyə o qədər öyrəşiblər ki, hətta bu yaxınlarda Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyev ilə Brüsseldə görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyini bildirib. Nəticədə, gözlənildiyi kimi, həmin görüş ləğv edilib.
Vəziyyəti mürəkkəbləşdirən daha bir məqam Milli Assambleyada qətnamənin yekdilliklə qəbul edilməsi, heç kimin onun əleyhinə səs verməməsidir. Noyabrın 15-də isə 296 senatordan yalnız biri - Natali Qule bu sənədin qəbuluna qarşı çıxmışdı. O, həmçinin Fransada erməni lobbisinin güclü təsirinin olduğunu bəyan edib və parlamentin bu cür xoşagəlməz mövqeyini bununla əlaqələndirib.
Bir ölkənin tərəfini açıq-aşkar tutan, eyni zamanda, onların arasında münasibətlərin normallaşmasına “töhfəsini vermək istəyən” dövlət obyektivlik iddiasında ola bilərmi? Otuz il ərzində özünü Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı kimi təqdim edən, hətta ATƏT-in “gorbagor olmuş” Minsk qrupuna həmsədrlik edən bu dövlət öz səylərində səmimi ola bilərdimi?
Cavab bəllidir. Fransa öz hərəkətləri ilə nəinki Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, Cənubi Qafqazda sülhün bərqərar olmasına heç bir şəkildə töhfə verə bilmədiyini nümayiş etdirdi, həm də ümumilikdə Azərbaycan ilə bu illər ərzində qurulmuş münasibətləri sarsıtdı.
Fransada böyük erməni diasporunun olduğunu hamımız bilirik, lakin Azərbaycan hələ də fransız parlamentarilərin sağlam düşüncəsinə ümid edirdi. Mövqeyini qətiyyən gizlətməyən və bitərəf olmağa çalışmayan, tərəflərdən birinin müdafiəsinə qalxan dövlətə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında yer yoxdur.