Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda kommersiya banklarının açıq valyuta mövqeyi üzrə limit 10%-dən 3%-ə endirilə bilər. "Report"un bank dairələrindən aldığı məlumata görə, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) bununla bağlı kommersiya banklarına təklif göndərib və rəy bildirilməsi xahiş edilib.
"Report"un analitik qrupu bildirir ki, açıq valyuta mövqeyi bankların müxtəlif valyutalarda tələb və öhdəliklərinin məbləğləri arasındakı fərqdir. Bu fərq mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində itki riski yaradır. Qeyd edək ki, açıq valyuta mövqeyi limiti açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın kapitalına nisbətinə Mərkəzi Bankı (AMB) tərəfindən tətbiq edilən kəmiyyət məhdudiyyətidir.
Eyni zamanda bildirilir ki, hazırda tələb və öhdəliklərin hesablanması zamanı hesablaşmaları tamamlanmamış əməliyyatlar üzrə balansdankənar tələb və öhdəliklərin məbləğləri də valyuta mövqeyinin tərkibində nəzərə alınır. Belə ki, kommersiya bankları açıq valyuta mövqeyi üzrə limiti normativlərə uyğunlaşdırmaq üçün günün sonunda bəzi əməliyyatları balansdankənar əməliyyat kimi göstərirlər. Başqa sözlə hər hansı əməliyyatın bitmədiyini (yolda olduğu və s. kimi) göstərmək imkanına sahibdirlər. Yeni təkliflə isə bu, məhdudlaşdırılacaq və bakansdankənar əməliyyatlar da ümumi məbləğdə nəzərə alınacaq.
Analitik qrup bildirir ki, MBNP açıq valyuta mövqeyi limitini 3%-ə endirərsə, bu, ilk mərhələdə bankların valyuta satışına keçməsi ilə nəticələnəcək: "Yəni, dolların məzənnəsi banklarda 1,65 AZN/USD-yə qədər enə bilər. Lakin daha sonra, bankların kassalarında valyutanın az olması onların xarici valyutanı baha qiymətə satmasına gətirib çıxaracaq. Bütün bunlardan qazanan isə "qara bazar" olacaq. Bundan başqa qeyd etməliyik ki, hər hansı bir devalvasiya durumunda açıq valyuta mövqeyi limiti azaldılan banklar həddindən artıq böyük zərərlə üzləşəcək. Bunun üçün onlara sabit valyuta məzənnəsi zəmanəti verilməlidir".
"Bu təklif bankların əlavə dollar alışının qarşısını almaq üçün düşünülsə də, yanlış bir təşəbbüsdür. Tələb müştərilər tərəfindən yaranır. Əgər limit 3%-ə endirilsə, banklar məcburən müştərilərdən öncədən sifariş götürəcək. Müştərilərin təcili valyuta ehtiyacı isə "qara bazar" hesabına təmin ediləcək", - deyə analitiklər qeyd edib.
Analitik qrup MBNP-nin bu təklifini manata inamın artırılmasına növbəti cəhd kimi qiymətləndirir: "Lakin qeyd etməliyik ki, bunun üçün bir qədər uzun müddət və maliyyə sabitliyinə ehtiyac var. Son iki devalvasiya qərarı nəticəsində əllərdəki manat aktivlərini real olaraq 2,4 dəfə itirən əhalinin buna inanması ən azı 5 il vaxt və bir sıra iqtisadi islahatlar tələb edir".