Ekspert: "Azərbaycan Avrasiyadakı tranzit xətlər şəbəkəsində mühüm ölkədir" - ŞƏRH

Ekspert: "Azərbaycan Avrasiyadakı tranzit xətlər şəbəkəsində mühüm ölkədir" - ŞƏRH Bakı. 5 mart. REPORT.AZ/ Azərbaycan Avrasiyadakı tranzit nəqliyyat xətləri şəbəkəsində mühüm ölkədir.
Analitika
5 Mart , 2019 13:55
Ekspert: Azərbaycan Avrasiyadakı tranzit xətlər şəbəkəsində mühüm ölkədir - ŞƏRH
Tofiq Abbasov

Bakı. 5 mart. REPORT.AZ/ "Azərbaycan Avrasiyadakı tranzit nəqliyyat xətləri şəbəkəsində mühüm ölkədir".

Bunu "Report"a Buxarestdə Azərbaycanın iştirakı ilə Xəzər dənizi – Qara dəniz nəqliyyat dəhlizinə dair imzalanmış bəyannaməni şərh edən politoloq Tofiq Abbasov bildirib.

“İmzalanan sənəd Avrasiyadakı tranzit xətləri sistemində Cənubi Qafqazın əhəmiyyətini əyaniləşdirir. Avrasiyanın ilk növbədə, Çin, Hindistan, Pakistan kimi ölkələrində böyük iqtisadi artım baş verdiyindən yeni-yeni nəqliyyat xətlərinin çəkilməsi zərurəti ortaya çıxır, yəni bu şaxələnmə ehtiyacdan yaranır. Bütün bu proseslərin mərkəzində Azərbaycanın durduğu diqqətəlayiqdir”, – politoloq vurğulayıb.

O, bu kimi nəqliyyat dəhlizlərin iştirakçılarının Azərbaycanla çalışmağa yaxın maraq göstərdiklərini deyib: “Çünki Azərbaycan Şimal – Cənub, Şərq – Qərb, Cənub – Qərb kimi dəhlizlər sisteminin mərkəzində yerləşən açar ölkədir. Odur ki, burada yeni dəhlizlərin də yaranması üçün imkanlar açılır”.

Ekspert hələ dünənədək nəqliyyat-kommunikasiya fəaliyyətlərinə o qədər də qarışmayan ölkələrin indi bu işlərdə yaxından iştirak etməyə çalışdıqlarını diqqətə çatdırıb.

T.Abbasov belə ölkələrə misal olaraq, bitərəf statusu seçən və uzun müddət sözügedən layihələrdən kənarda duran Türkmənistanın adını çəkib: "Son vaxtlar Mərkəzi Asiyada yeni dəhlizlərin boy göstərdiyi, Əfqanıstanın da bu işlərdə iştirak etdiyi göz qabağındadır. Əvvəllər bu işlərə heç üzdə maraq göstərməyən Türkmənistan da bunları görüb xeyli fəallaşıb. Artıq ABŞ ilə Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı əməkdaşlığı ehtiva edən “5+1” formatı ortaya çıxıb”.

Hazırda Xəzər dənizi – Qara dəniz nəqliyyat dəhlizi vasitəsilə Asiya ilə Avropa arasında tranzit daşımalarının artmasına Mərkəzi Asiya ölkələrinin böyük ehtiyac duyduğunu dilə gətirən politoloq bu gün Asiyanın Hindistan kimi yüksək inkişaf dinamikasına nail olan ölkələrin də Avropa bazarlarında maraqlı olduğunu diqqətə çatdırıb.

“Ona görə də şərqdən iri yük daşımaları olacaq. Bu axınlara Türkmənistan, təbii ki, Azərbaycan, habelə Gürcüstan, Rumıniya kimi ölkələr də qoşulacaq. Deməli, yüklərin quru və dəniz yolları ilə daşınmasını əhatə edən intermod və multimod daşımalar həyata keçiriləcək. Müntəzəm tədarük olunan yükləri şərqdən qərbə çatdırmaq üçün çoxşaxəli sistem mövcuddur”, –  ekspert vurğulayıb.

Son xəbərlər

Orphus sistemi