Tampa (Florida ştatı). 11 noyabr. REPORT.AZ/ Amerikalı ekspertlərin fikrincə, Hillari Klinton seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə emosional əlaqə yarada bilmədiyindən ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gələ bilmədi.
Florida ştatının ən böyük qəzeti olan "Tampa Bay Times" nəşrinin prezidenti və baş icraçı direktoru (CEO) Pol Teş (Paul Tash) "Report"a açıqlamasında bildirib ki, Demokratlar Partiyasından prezidentliyə namizəd olan H.Klintonun KİV-in bütün proqnozlarına baxmayaraq, məğlub olmasına gətirib çıxaran mümkün səbəblərdən biri də şəhər və kənd əhalisini nəzərə almağın zəruriliyidir: "Şəhər və ya kənd yeri olmasını nəzərə almaq lazımdır. Klintonun kampaniyası bunu nəzərə almamışdı. Klinton seçicilərlə emosional əlaqə yarada bilmədi, Tramp isə bunu bacardı. İnsanlar emosiyaları əsasında üstünlük verdiklərinə səs verirlər". Qəzet rəhbəri əlavə edib ki, məhz belə əlaqənin olmaması səbəbiylə noyabrın 8-də keçirilmiş seçkilərdə Hillari Klinton qadın seçicilərdən hətta 2012-ci ildə Barak Obamanın topladığı səsdən də az səs qazanıb.
Bundan başqa, P.Teşin fikrincə, Klintonun kampaniyasının mərkəzi ideyası yox idi: "Hillari Klinton niyə məhz onun prezident olmasının zəruriliyini ifadə edən mərkəzi ideya ortaya qoymadı. O, daha çox qarşı tərəfə cavab vermək üzərində proqram qurmuşdu. Yəni xalqa demək istəyirdi ki, baxın, mən ondan (Trampdan - red.) daha yaxşıyam".
ABŞ-ın yeni seçilmiş prezidentinin xarici siyasətinin necə olacağı ilə bağlı sualı şərh edən P.Teş bunu proqnozlaşdırmağın çətin olduğunu, amma D.Trampın ABŞ-ın oğul və qızlarını ölmək üçün başqa ölkəyə göndərməyəcəyi ilə bağlı bəyanatını nəzərə alanda daha az hərbi siyasətin olacağını söyləməyin mümkünlüyünü vurğulayıb.
Poynter İnstitutunun akademik proqramlarının vitse-prezidenti Kelli Makbrayd seçkinin nəticəsinə təsir edən amil kimi bəzi insanların hələ də ABŞ prezidentinin qadın olacağını təsəvvür edə bilməməsiylə əlaqələndirib. Bundan əlavə, o, hökumət nümayəndəsi kimi Klintonun seçicilərə yaxın olmadığını düşünür.
D.Trampın seçkini qazanmasının ardından Kaliforniyada gənclərin etirazından danışan xanım Makbrayd bildirib ki, bu, onların narazılığını göstərmək və eşidilmələrinə çalışmaq baxımından cəhd olub. Onun sözlərinə görə, hazırda miqrantların çoxu statusları və gələcəkləri barədə narahatdır.
Öz növbəsində, Poynter İnstitutunun prezidenti Tim Franklin seçki kampaniyası dövründə Donald Trampın media ilə çətin münasibətlərindən danışıb: "İndi ya Tramp seçki kampaniyasında tam pozulmuş münasibətləri bərpa etməyə çalışacaq, ya da bu antaqonizm davam edəcək".
"İnsanlar Trampın seçki kampaniyasında dediyi sözləri hərfən başa düşür. Amma hələ məlum deyil ki, o, miqrantlardan danışarkən onların hamısını ölkədən qovmağı nəzərdə tutub, yoxsa sərhəd nəzarətini gücləndirməyi?!", - deyə T.Franklin vurğulayıb.