Yuxarı
    Bağlamaq

    ABŞ-ın sanksiyası: müttəfiqlər və İran çaşqınlıq içində - ŞƏRH

    Bakı. 7 avqust. REPORT.AZ/ ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar avqustun 7-də qüvvəyə minib. Bu qadağalar iki mərhələdən ibarət olacaq. Birinci mərhələ 90, ikinci mərhələ isə 180 gün davam edəcək. 

    Birinci mərhələdə İran hökumətinin ABŞ-dan dollar satın alması, qızıl və başqa qiymətli metallarla ticarət etməsi yasaqlanır. Bundan başqa, İranla polad, daş kömür, alüminium alış-verişi də qadağan olunacaq. İslam Respublikasının mülki aviasiyasına tətbiq edilən sanksiyalar bərpa olunacaq, yəni ehtiyat hissələrinin ixracı, habelə sərnişin təyyarələrinin satışı qadağan edilir. 

    Sanksiyalara əsasən, İranın xarici borcuna ianə verilməsi və bunun satın alınması da yasaqlanıb.

    Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də qüvvəyə minəcək. Bu qadağa İslam Respublikasının energetika sektorunu əhatə edəcək.

    İran da, öz növbəsində, ABŞ-a əldə toxunan xalçaların, qida məhsullarının ixracını yasaqlayıb. Bundan başqa, xarici şirkətlərin İranın avtomobil bazarına girişini qabaqlayan sanksiya tətbiq edilib.

    2015-ci il iyulun 15-də İranın atom-nüvə problemi ilə bağlı ABŞ, Almaniya, Britaniya, Rusiya və Çinin Tehranla əldə etdikləri Əhatəli Birgə Fəaliyyət Planı Razılaşmasını ABŞ prezidenti Donald Tramp “fəlakət” adlandırıb. O, bu müqavilədən çıxmaq haqqında qərarını belə müdafiə edib: “Bir çox beynəlxalq şirkətlərin İran bazarını tərk edəcəyi barədə açıqlamalarını məmnunluqla qarşılayıram. Bəzi ölkələr də İrandan xam neftin idxalını azaldacaqlarını və ya tamamilə dayandıracaqlarını bildiriblər. Biz bütün dövlətləri İran rejiminin təhdidedici və sabitliyi pozan fəaliyyətini dəyişdirərək qlobal iqtisadiyyatla yenidən bütövləşmək, yaxud iqtisadi təcrid yolunu davam etdirmək seçimi ilə qarşı-qarşıya olduğunu ortaya qoyacaq addımlar atmağa dəvət edirik”.

    D.Tramp İranla əlaqələrini dayandırmayanların ciddi problemlə üzləşəcəklərini də vurğulayıb.

    İranın əmək naziri Əli Rəbii sanksiyalarla bağlı bunları bildirib: “Bu məhdudiyyət səbəbindən İranın bir milyon vətəndaşı işsiz qalacaq. ABŞ-ın bu birtərəfli addımı bizim üçün böyük maliyyə problemi yaradacaq”.

    Məsələdə Avropa İttifaqının mövqeyi çox vacibdir. Ancaq bu qurum mövqeyini birmənalı olaraq açılqlamayıb. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerininin Almaniya, Fransa və İngiltərə xarici işlər nazirləri ilə birgə bəyanatından da bu qənaətə gəlmək mümkündür. Avropa İttifaqının rəsmisi sanksiyaların tətbiqindən təəssüfləndiyini bildirib.

    Birgə bəyanatda isə deyilir ki, Aİ və İranla nüvə anlaşmasını imzalamış başqa tərəflər İranda sərmayə kanallarını açıq qoymağa çalışırlar: “Nüvə razılaşmasında qalan tərəflər İranla təsirli maliyyə kanallarının qorunub saxlanılması, İslam Respublikasının neft və təbii qazının ixracatının davam etməsi üçün səy göstərsinlər”.

    İran tərəfi isə hələ də sərt şəkildə danışmaqdadır. 2015-ci il iyulun 15-də nüvə razılaşmasını qəbul edərkən İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei bu müqaviləni “qəhrəmancasına güzəşt”lə qəbul etdiklərini bildirmişdi.

    İran-İraq müharibəsində atəşkəsin imzalanması ilə bağlı o vaxt ayətullah Ruhullah Musəvi-Xomeyni demişdi ki, bu zəhər içmək qədər ağır bir işdir.

    Yeri gəlmişkən, iki ölkə arasında atəşkəs rejiminin tətbiqi barədə BMT-nin 598 nömrəli qətnaməsi 1988-ci il iyulun 16-da yayımlanıb.

    Ötən gün İran prezidenti Həsən Ruhani nüvə razılaşmasına qayıdacağı halda, Vaşinqtonla müzakirəyə açıq olduqlarını söyləyib. Onun sözlərinə görə, sanksiyalar davam edərsə, ABŞ-la müzakirələrin heç bir mənası olmayacaq: “Sanksiya tətbiq edildiyi halda, müzakirəyə dəvət etməyin bir mənası yoxdur. Müzakirə üçün şərtimiz - qarşı tərəfin sədaqət göstərməsi və nüvə razılaşmasındakı öhdəlikləri yerinə yetirməsidr”.

    Onun sözlərinə görə, Donald Tramp müzakirəni nə qədər istədiyini göstərməlidir.

    “Avropalı ortaqlarımız və başqa ölkələr əllərindən gələni etdilər. Ancaq biz konkret fəaliyyət gözləyirik. Əsl sanksiyalar 3 aydan sonra başlayacaq. Avropa, Çin və Rusiya bizə embarqoya müqavimət göstərəcəklərini vəd etdilər. Bu şərtlərdə Asiya ölkələri bizim üçün çox əhəmiyyətlidir. Bununla belə Avropa ilə əlaqələrimizi inkişaf etdirməyimiz üçün də maneə yoxdur”, - deyə İran prezidenti bildirib.

    İrana tətbiq edilən sanksiyalar “Brent” neftini Londonun “ICE Futures Europe” birjasında 13 sent bahalaşdırıb. Bir bareli 73,88 dollara satılıb. Qərbi Texas neftinin qiyməti “WTI”, “Nymex” birjalarında 1 sent bahalaşaraq, 69,02 dollara qalxıb.

    Cari ilin iyulunda İran gündə 3 milyon barel xam neft ixrac edib. Sanksiyalardan sonra İranda neft hasilatının da azalacağı ehtimal edilir. Mütəxəssislərin qənaətincə, sanksiyalar nəticəsində neft ixracı hazırkı həcmin üçdə ikisi səviyyəsində azalaraq gündəlik 700 min barelə enəcək. 

    Baş verənlərdən göründüyü kimi D.Tramp seçkiqabağı kampaniya zamanı İranla bağlı verdiyi vədinə əməl edib. Onun bu addımı Avropadakı müttəfiqləri üçün də gözlənilməz deyil. Bu baxımdan, Avropa İttifaqı və Britaniyanın bu məsələyə hazırlıqsız görünməsi təəccüblüdür. Avropa İttifaqı ya ABŞ-ı dəstəkləməli, ya da müttəfiqliyə məhəl qoymadan İranla əməkdaşlığı davam etdirməlidir. Bu il iyunun 6-da Almaniya, Britaniya və Fransa ABŞ-a göndərdikləri məktubda İrana qarşı tətbiq olunacaq sanksiyalardan avropalı şirkətlərin azad edilməsini istəmişdilər.

    Hər 3 ölkə Avropa şirkətlərinin İranla əməkdaşlığı dayandırıcaqları halda, dəyən ziyanın ödənilməsini də istəmişdilər. Ancaq Ağ Ev sanksiyaların İranla ticarət edən ölkələrə də təsir göstərə biləcəyini vurğulayıb. ABŞ-ın Maliyyə Nazirliyi isə sanksiyalar səbəbindən başqa ölkələrin məruz qalacaqları potensial zərərin təzminatını verməyəcəklərini açıqlamışdı.

    Odur ki, Avropa İttifaqı bu dilemmanı həll etməmiş kimi görünür.

    Bölgədəki ərəb dövlətləri, xüsusi ilə Səudiyyə Ərəbistanı birmənalı şəkildə ABŞ-ın mövqeyini dəstəkləyir. Türkiyənin mövqeyi də az əhəmiyyətli deyil. Çünki əvvəlki sanksiyalarda Ankara Tehrana hərtərəfli dəstək vermişdi.

    ABŞ-ın Türkiyənin daxili işlər və ədliyyə nazirlərinə sanksiya tətbiq etməsi fonunda Ankara ilə Vaşinqton münasibətlərində yenidən gərginlik yaranıb. Bununla belə, ABŞ NATO-dakı müttəfiqi Türkiyənin sanksiyaya qoşulmasını da istəyir. İki ölkə arasında mövcud problemləri müzakirə etmək məqsədi ilə tərəflər arasında diplomatik təmaslar davam edir.

    ABŞ-ın İrana sanksiyalar tətbiq edəcəyini açıqladığı may ayından etibarən “Tüpraş”ın İrandan neft idxalı azalıb.

    Şirkət bu ilin ilk dörd ayında İrandan gündəlik 187 min 196 barel xam neft idxal edib. “Tüpraş” təkcə apreldə İrandan sutkalıq 240 min bareldən bir az çox neft idxalı həyata keçirib. Maydna etibarən “Tüpraş”ın İrandan xam neft idxalı isə azalıb. May və iyun aylarında şirkətin İrandan neft idxalı gündəlik 130 min barel olub. “Tüpraş” iyulda İrandan sutkada təxminən 100 min barel xam neft alıb.

    Hələ may ayından Britaniyanın enerji nəhəngi "British Petroleum" ABŞ-ın tətbiq etdiyi sanksiyalarla əlaqədar İrandakı layihələrini dondurduğunu elan edib. İranın Cənub Fars qaz yatağının işlənilməsini həyata keçirən Fransanın "Total" şirkəti də oxşar bəyanatla çıxış etmişdi. Yaponiyanın nəhəng bankları İranla maliyyə əməliyyatlarının dayandırdıqlarını bildiriblər. Bu ölkə İslam Respublikasından neft idxalını da kəsəcəyini elan edib. Almaniyanın “Daimler” avtomobil şirkətlər qrupu da İranda fəaliyyətini dayandırıb.

    Deməli, ABŞ-la müttəfiq dövlətlərdə fəaliyyət göstərən neft-qaz şirkətləri İranla əməkdaşlığı ya azaldır, ya da birdəfəlik kəsirlər. Bu özü-özlüyündə sanksiyaların dəstəklənməsidir. Bu il iyulun 12-də NATO-nun Brüsseldə keçirilən sammitində Donald Tramp Avropadakı müttəfiqlərinə, xüsusi ilə Almaniyaya müdafiə və maliyyə məsələləri ilə bağlı açıq mesaj verdi. Bildirdi ki, Avropa ölkələrinin, o cümlədən Almaniyanın təhlükəsizliyini ABŞ təmin edir, onlar qazı Rusiyadan alırlar. Ona görə ehtimal etmək olar ki, Ağ Ev müttəfiqlərinə oxşar mesajı İranla da bağlı göndərə bilər. Bu isə İslam Respublikasına qarşı tətbiq edilən sanksiyanın gücünü artırar, nəticəsini isə Vaşinqton üçün məhsuldar edər.

    Hələlik, İranda hökumətdaxili böhran artmaqda, ölkədə milli valyutanın - rialın dollara nisbətdə qiyməti ucuzlaşmaqda, sosial narazılıqlar artmaqdadır. Bu hal ağırlaşmaqda davam edir. Belə vəziyyət isə yaxın zamanlarda İranda ciddi hadisələrin baş verəcəyi ehtimalını artırır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi