Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" tədbiri keçirilib

Pakistanın Azərbaycandakı səfirliyində oktyabrın 27-də qeyd olunan "Kəşmirin Qara Günü" adlı tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Pakistan Prezidenti Asif Əli Zərdarinin, Baş nazir Məhəmməd Şahbaz Şərifin, eləcə də Baş nazirin müavini, xarici işlər naziri Məhəmməd İshaq Darın müraciətləri oxunub.

İştirakçılar qarşısında çıxış edən Pakistanın Azərbaycandakı müvəqqəti işlər vəkili Sara İcaz İslamabadın yerli əhalinin öz müqəddəratını təyin etmək hüququnu dəstəklədiyini bir daha təsdiqləyib. O, mübahisənin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüquqa uyğun olaraq nizamlanmasının tərəfdarı kimi çıxış edib.

Tədbirdə ictimai təşkilatların, analitik mərkəzlərin, medianın, Pakistan icmasının, Azərbaycan ziyalılarının nümayəndələri, eləcə də tələbələr iştirak ediblər. Kəşmirdəki vəziyyətə həsr olunmuş fotosərgi təşkil olunub.

Digər xəbərlər