Gürcüstan mədəni irsə dair məlumatlara əlçatanlığın genişləndirilməsi və dil maneələrinin aradan qaldırılması üçün süni intellekt (AI) texnologiyalarının tətbiqində böyük potensial görür.
"Report" xəbər verir ki, bu barədə Gürcüstanın mədəniyyət nazirinin müavini Natiya Şamatava Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.
"Zəngin mədəni müxtəlifliyin qorunub saxlanması və onun gələcək nəsillər üçün əlçatanlığının təmin edilməsi bizim əsas prioritetlərimizdən biridir. Gürcüstanın maddi mədəni irsin rəqəmsallaşdırılması məqsədilə məlumat bazasının yaradılması ilə bağlı uzun illərdir həyata keçirdiyi təşəbbüs buna yaxşı nümunədir. Bu platforma mədəni müxtəliflik haqqında vacib və dəyərli informasiyaya çıxışı təmin edir, eləcə də mədəni irs barədə məlumatların sənədləşdirilməsinə və qorunmasına kömək edir", - o bildirib.
Onun sözlərinə görə, hazırda bu cür platforma yalnız Gürcüstanda fəaliyyət göstərir, lakin ölkə dil maneələrini aşmaq və müxtəlif mədəniyyət nümayəndələri, eləcə də fərqli dil daşıyıcıları üçün bu informasiyaya çıxışı təmin etmək istiqamətində süni intellektdən istifadənin böyük imkanlarını və əhəmiyyətli potensialını görür.
"Əminəm ki, beynəlxalq təcrübəni və yerli bilikləri birləşdirərək biz süni intellektlə bağlı çağırışları əhəmiyyətli imkanlara çevirə biləcəyik", - o əlavə edib.