İlham Əliyevin çıxışı multikulturalizmin Azərbaycanda sadəcə şüar olmadığını bir daha nümayiş etdirdi – Rəy

Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib.

Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib.

O qeyd edib ki, Azərbaycan xalqının çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir:

"Bu istiqamətdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni çeşidliliyə dəstəyin bariz nümunəsidir. İslam və Qərb sivilizasiyaları, eləcə də müxtəlif xalqlar və mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə Bakıda keçirilmiş Avropa və ona qonşu regionların Mədəniyyət Nazirlərinin Konfransında mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi" və 2010-cu ildə BMT Baş Assambleyasının sessiyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsləri irəli sürülüb".

Deputat vurğulayıb ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusundan da göründüyü kimi, məqsəd mədəniyyətlərarası dialoqu təşviq etmək və sivilizasiyalar arasında qarşılıqlı anlaşmanı möhkəmləndirmək, dünyada radikalizm, irqçilik, ksenofobiya və dözümsüzlük kimi mənfi meyillərə qarşı multikultural dəyərləri prioritet etmək, münaqişələrin qarşısının alınmasında və qlobal təhlükəsizliyin təmin edilməsində humanitar sahənin və dialoqun rolunu artırmaqdır.

Vüqar Rəhimzadə bildirib ki, dövlət başçısı İlham Əliyevin "Ortaq gələcək naminə dialoq" mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki çıxışı bir daha tolerantlığın və multikulturalizmin Azərbaycanda sadəcə bir şüar və ya hüquqi norma deyil, cəmiyyətin real həyat tərzi, dövlətin uzunmüddətli strateji kursu olduğunu nümayiş etdirdi.

"Prezident İlham Əliyev bildirdi ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu son illər ərzində, sözün əsl mənasında, effektiv və inklüziv bir platformaya çevrilərək mədəniyyətlərarası münasibətlərin inkişafına, həmçinin digər sahələrə öz töhfəsini vermişdir. Mədəniyyətlərarası, dinlərarası münasibətlərə aid olan məsələlər gündəliyimizin əsas hissəsini tutur. Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub. Biz Avropa ilə Asiya arasında yerləşirik və əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub".

Digər xəbərlər